- Hərdən mənə elə gəlir ki, sən bu həyatdan doymayacaqsan.
- Həyatdan deməzdim...
- İmkan ver fikrimi bitirim. Balaca uşaq kimisən! Yoqurt yeyəndən sonra onun bitdiyini anlamırsan. Qabın dibini yalayanda anlamırsan ki, yaladığın yoqurt deyil plastik qabın özüdür. Gözünlə dilin arasında rabitən itib.
- Bəlkə də düz deyirsən. Doymaq bilməyən bir mahiyyətim var.
- İçində olan bu aclıq və ya boşluq haradan yaranıb?
- Sən də cavabı tapılmayan və tapılsa da heçnəyi dəyişməyən bu sualı soruşursan. Dayan sənə kömək edim. Özümü tanıyandan darıxıram. Bu qəribə bir darıxmaqdır. Khruangbin qrupunun musiqisində olan ab-havanın yaşayan versiyasıyam.
- Necə yani?
- Heç vaxt görmədiyim insan üçün, heç vaxt olmadığım yerlər üçün darıxan zaman bu qrupun Como Me Quieres parçasına qulaq asıram.
- Heç vaxt görmədiyin insan üçün darıxmağın nə mənası var?
- Hər zaman gördüyün insan üçün darıxmamağın mənası kimidir bu da. Bu işlərə çox da məna qatmıram. Mən sənə olanları izah edirəm. Başa düşmək üçün qulaq asma. Anlamaq üçün qulaq asma. Eşitmək üçün qulaq as.
- Düz deyirsən, mən də hərşeyi başa düşmək üçün acam. Hər şeyi bilməsəm. Bilməyə çalışmasam alınmır. Belə çıxır ki, mən də yoqurt əvəzinə plastik qabı yalayanlardanam.
- Sən bilmək üçün ac olduğun qədər, mən də darıxmaq üçün ac oluram. Bəzən səbəbsiz yerə darıxmaq istəyirəm. Canım sıxılsın deyə bunu etmirəm. Əksinə ürəyimə qəribə bir istilik gəlir. Elə bilirəm ki, bir yerə aidəm və indi həmin yerdən uzaqdayam. Khruangbin gitarasında olan simlərin səsi kimi gedib gəlirəm həmin uzaqlara.
- Səni musiqidən uzaq tutmaq lazımdır.
- Şamı yanmaqdan uzaq tutmaq şam üçün ölümə bərabərdir. Düşünə bilərsən? Sən şamsan və ömürboyu səni heç kim və ya heçnə yandırmayacaq. Musiqi məni yandırır. Yanan kimi qaranlıqda ulduz görə bilirəm. Gördüyüm ulduzu digər ulduzların yanına qoyub ruhum üçün xəritələr yaradıram. Həmin xəritələrlə başqa dünyalara gedib qayıda bilirəm. Qayıdanda əlim dolu qayıdıram.
- Bəlkə də ona görə darıxırsan. İnsan səyahət edən zaman getdiyi yerdən eyni şəkildə qayıda bilmir. Qayıtdığın yerə eyni şəkildə baxa bilmirsən. Özün burada olsan da xatirələrin orada qalır. Sanki oralardan başqa bir adamı da gətirmiş olursan.
- Musiqi də belədir. Özün burada olsan da canını musiqi notlarına tapşırmış vəziyyətdə olursan.
- Məncə bu qədər darıxdın bəsdir.
- Əsas məsələni demədim axı. İndi səninlə buradayam və buna baxmayaraq indidən sənin üçün də darıxmağa başlamışam. Demirəm ki, səni daha görməyəcəyəm. Daha gözəl olmayacaqsan da demirəm. Sanki, indiki anın bu qədər gözəl olması məni həmin anın dadını çıxarmaq əvəzinə qorumağa çalışmağa məcbur edir. Aylarla düz əməlli ov etməmiş yırtıcı heyvan qopardığı ət parçasını həmin dəqiqə yemir. Ona baxır, onu yalayır, sağa-sola baxır və əmin olur. Əmin olur ki, rahatlıqla yeyə bilsin. Bax məndə həmin o rahatlıq yoxdur deyə caynaqlarımda olan əti yemək əvəzinə ona baxıram. Bilmirəm fikrimi nə qədər dəqiq izah edə bildim amma ən yaxın izahı belə görürdüm.
- Hə, düşünməzdim ki, kimsə nə vaxtsa məni caynaqlarının içində olan ət parçasına bənzədəcək. Amma fikrini anladım. Deyirsən ki, o qədər sevincək düşürsən ki, sevinmək əvəzinə karıxırsan.
- Gərək mənim redaktorum sən olasan.
- Düşünürəm ki, mən sənin redaktorun olsam məndən bezəcəksən və darıxmaq əvəzinə qaçıb getməyə tələsəcəksən.
- Ola bilər. Amma sən fikirlərimi havada tutub onları zədələmədən yerə endirməyi bacaran yeganə insansan.
- Səndə isə insana heç gözləmədiyi yerdən, gözləmədiyi şəkildə tərif yağdırmaq alınır. Əgər darıxası olsam sənin bu cümlələrin üçün darıxacağam.
- Gəl belə edək. Nə vaxtsa ikimiz də bu vəziyyəti hiss etsək Khruangbin dinləyək. Səbəbsiz şəkildə və təkrar-təkrar dinləyək. Fikirlərimizdə qovuşaq. Gitara simlərinin üstü ilə bir-birimizə qaçıb qucaqlaşaq. Musiqi davam etdikcə rəqs edək.
- Ya da birlikdə uzanıb tavana baxaq.
- Sənin üzün ola-ola nə üçün tavana baxım ki?
- Yenə də başladın da...
- Mən olanı deyirəm. Sənin üzün mənim ulduzlu xəritələrimdən daha maraqlıdır. İnsan sənin gözlərinə baxanda 5 əsr əvvələ qayıdıb Florensiya küçələrində olan çeşmələri, həmin çeşmələrdə dayanmış kiçik mələkləri görür.
- Bilmirəm. Özüm haqqında bu qədər müsbət düşünə bilmirəm.
- Bu mənim işimdir. İcazə ver sənin haqqında mən müsbət düşünüm.
- İcazə sənindir... Como Me Quieres?!
