
“Həyatımızın böyük qismi, olmayacaq müsibətləri düşünmək və gözləməklə keçir.”
Deyirəm bu Mark Tven müəllim sanki məni və mənim kimi milyonlarla insanı bir cümlə ilə təsvir edib. Kişi necə də düz deyib.
Özümü tanıyan gündən elə hey ssenarilər qururam. Bu ssenarilərdə dünya dağılır. Zalımlar qalib gəlir. İşlərim tərs gətirir və istəmədiyim bir çox faciə yaşanır. Ümumiyyətlə düşünürəm ki, 40 yaşıma kimi yaşayıb həyatda nəsə əldə etməyimin özü bir möcüzədir. Çünki mənə qalsa həyatım 23-24 yaşında sonunu tapardı.
Yadımdadır ki, Amerikaya 1 illik təhsil almaq üçün gedəndə sonuncu müsahibəni aparan təşkilatçılar “sualınız qalıbmı” deyə mənə çox pis bir şərait yaratdılar.
Sual olmazmı? Əlbəttə beynimin içində lazımsız olan amma yenə də vermək istədiyim sual var idi. “Birdən Amerikada yaşayan ailənin üzvlərinə nəsə olsa (ölsələr) mənim məsələm necə olacaq?”
Təşkilatçılar susdu və mənə diqqətlə baxdı. Bu tələbə niyə belə bir şey soruşsun ki? Onlar bilmirdi ki, Amerikalı Mark Tven məni onlardan daha yaxşı tanıyır. Olsun. Yenə də mənə rəsmi bir cavab verildi. Əmin etdilər ki, işdir onlara nəsə olsa yeni bir ailəyə göndərəcəklər.
Əvəzində nə oldu?
Mentenlər ailəsinə düşdüm və onlarla doya-doya bir il müddət keçirdim. Onlar məni, mən də onları sevdim. Hətta bir gün gecə vaxtı idman zalından gec qayıdanda Paula Menten (orada olan Əmerikənni anam deyək) qayğılı şəkildə kresloda oturub məni gözləyirdi. Evə girəndə üzündə olan gərginliyi gördüm. Paula mənə “Josh sənə bir şey olsa biz nə edərik” dedi.
Mark və mən bu söhbətə daxilən çox çaş-baş qaldıq.
Belə hekayələr və nümunələr çoxdur. Sizi niyə yorum?
40 yaşına kimi düşünmüşəm ki, alınmayacaq, olmayacaq və ya dünyanın sonu gələcək. Hətta 2012-ci ildə ürəyimdə bəlkə bu Mayalılar daha çox bilir deyib gözlədim və olmadı. Əksinə 2012-ci ildə oğlum Məhəmməd dünyaya gəlib və artıq 12 ildir ki, həyatımızı daha mənalı və dəyərli edib.
Bunları niyə yazıram? Aydındır ki, sən oxuyan mənim psixoloqum deyilsən. Aydındır ki, sənin problemlərin bu yazıdan sonra azalmaq əvəzinə arta bilər. (Ümid edək ki, belə olmayacaq.) Yazıram ki, sənə sadə bir qanunu deyim. Zülmət və işıq qol-qola gedir. Biri-digəri olmadan mövcud ola bilmir. Bu dualizmi niyə yaradıblar onu bilmirəm. Amma gözəl günlərin birində gözəl olmayan bir hadisə olur və ya qaranlıq dövrün içində bir dənə ağ nəfəs pəncərəsi açılır və kef edirsən. Zülmət və işıq sənin qollarından tutub bir yerə aparır. Həmin yerdə sənin həyatının anı gözləyir. KVAN qapısı deyək.
40 yaşıma kimi ən çox qorxduğum şey KVANı yazıb bitirmədən dünyadan köçmək idi. Amma tərsi oldu KVANı yazdım və 9 ildir ki, onun bir çox insana necə ümid verdiyini görürəm. Hətta Heraklda olan qoca döyüşçü kimi qollarımı qaldırıb nizə gözləsəm də o nizələr yan keçir. Sanki yerinə yetirmədiyim başqa borclar qalıb. Bəlkə də başqa kitablar, dərslər və ya mövzular.
İndi ölüm və ya müsibətlər mənə div kimi görünmür. Onları “Beautiful Mind” filmində olan professor kimi görürəm. Yanımdadırlar amma həyatım davam edir. İşlərimi görürəm. İşlərimi görəndə isə onların gələcəyi haqqında mənfi düşünmək təbiidir. Maraqlısı budur ki, onların əksəriyyəti yaxşı alınır. Belə çıxır ki, mənim fələyim işi tutub və mənim yerimə sayım edir.
Bilmirəm. Mark Tven indi yaşamır amma onun bir cümləsi bizim üçün sanki bir qıvılcımdır. Onun bir fikri bizi oyandıra bilir.
Bəlkə elə ən böyük müsibət budur. Mark Tven yazmasaydı və bu fikirləri bizimlə paylaşmasaydı onun varlığının nə özünə nə bizə faydası olmazdı.
Bəli, ən böyük müsibət etməli olduğun işi etməməkdir. Amma həyatı və onun mexanizmini çox sevirəm. Gec-tez sənə etməli olduğun işi etdirir.
2 gün əvvəl Züürt Ağa filminə baxdım. Şener Şen orada fərasətsiz və saf bir ağanı oynayır. Həyatında dayanmadan müsibətlər baş verən ağa əvvəl torpaq sahəsini, sonra hörmətini, sonra atasını, sonra arvadını və uşaqlarını itirir. Deyirsən ki, day bu adamın itirəcək başqa nəyi qaldı? O da tapılır. Adam üçün ağalığın simvolu olan çəkmələrini də satmalı olur. Adam düşünür ki, budur müsibətlərin kralı oldu. Amma İstanbul ona ikinci şans verir. Yeni şəhərdə yeni özünü kəşf edir. Deyərdim ki, çoxdan gizlətdiyi köhnə özünü.
Adam ikinci sevgisini tapır. Yeni xanımı deyir ki, sənin ağa olmağın deyil insan olmağını sevdim. Deyir ki, sən yaxşı biri olduğun üçün zülm edə bilmədin. Deyir ki, səninləyəm. Bəs necə dolanaq sualı onları intizarda qoymur. Əslində filmə baxanlar bütün film boyu bu ağanı çiy köftə bişirən görürlər. Adam dadlı bişirə bilir. Qız da deyir ki, köftə bişir sat. Bu ağa da belə edir.
Filmin son səhnəsi budur boş padnosu ilə yol gedən ağa mahnı oxuyur. Günü yaxşı keçib. Padnos boşdur çünki köftələri əridiblər.
Müsibətlər bizə getməli olduğumuz yolu göstərmək üçün var.
Əgər həyatımızın birinci hissəsini Mark dediyi kimi yaşayırıqsa ikinci hissəsində ağanın sevgilisinə qulaq versək yaxşıdır. Öz çiy köftəmizi tapıb elə onu bişirsək yaxşıdır. Əminəm ki, hər birinizin ürəyində elə bir iş və ya məşğuliyyət gizlidir. İndi durun və padnos tapıb yuyun. Onu qəşən şəkildə doldurun.