Ay və Ayrılıq Haqqında

Bulvar zolağı Məcnunlar üçün İpək yolu kimidir.


25 baxış
18.08.2026
4 dəq oxuma

Təlimlərdən qayıdan zaman şəhərin bir neçə məntəqəsində tanıdığım insanlarla oturub çay içməyi və ya nahar etməyi sevirəm. Belə adamlardan biri ilə görüşmək üçün zəng etdim. “15 dəqiqəyə ordayam” dedi. 

Plazanın böyründə dayanıb kütləyə tamaşa etməyə başladım. Növbə ilə zolağa yaxınlaşıb dayanan - qapıları açılan BYD-ləri, onlardan düşənlərin sağ ayaqlarını, gövdələrini və başlarını saymağa başladım. 

Bir də gördüm bir nəfər skuteri ilə piyadaların üstünə şığıyır. Bir qadını vurmağına az qalmış dönüb dayanan bu oğlan mənim gözlədiyim adam idi. 

Yaxınlaşıb salam verir. Gülür amma əsəbidir. Üzü qızarıb. Yemək yeyəcəyimiz tərəfə gedirik. Dinmir. İçəriyə keçib sifarişimizi veririk. Bir qismət yeməyə hazırlaşan anda ona zəng gəlir. “İndi qayıdıram” deyib kənara çıxır. Qapılar şüşəli olduğu üçün onu izləmək mümkün olur. Onu eşitməsəm də necə ürəkdən acıladığını və qarşı tərəflə atışdığını anlamaq iki vur ikidir. 10 dəqiqə atışmadan sonra soyumuş yeməyini yemək üçün əyləşir. Danışmağa çəkinirəm. Barıt çəlləyinin yanında oturmuş kimiyəm. Mənim atmacalarım da kibrit kimi işləyə bilər. Ehmalca birini atıram. 

Hələ bir dişləm alıb üzümə baxıb “indi qayıdıram” deyib ikinci dəfə çölə çıxır. “Pulunu həftələrlə almayan fəhlə kimi acılayır telefonda olan insanı.” 

Qayıdıb oturur. Zəfər onundur. Sözünü deyib ilk o sonlandırıb zəngi. Digər tərəf zəng edir. 

Ekranda “gülüm” yazıb. 

Zənglərə məhəl vermədən mənə baxır. Mən də baxmağa divar axtarıram. Nə isə...yediyi zəhər olur. Çıxıb gəzirik. Görürəm ki, ürəyi soyumayıb. 

Mənə ayrılacaqlarını deyir. 

Biz də plaza işıqforunda ayrılırıq. 

Həftəsonu yenə görüşüb Bulvar zolağı ilə gəzirik. Fikirlidir. “O qədər böyük planlar qurmuşdum ki” deyir. “Amma belə etməməli idi” deyir. Bilmirəm mənimlə yoxsa özüylə danışır. 

“İmkanı olsa özünü Xəzərə atar və ya bir dava salar” deyə düşünürəm. 

“Biz də ilk vaxtlarımızda belə dalaşıb-küsürdük” deyirəm. Təsəlli verməyə çalışıram. Deyirəm ki, “vaxt gələcək bu məsələlərə qayıdıb birlikdə güləcəksiz.”

Üzümə turp yemiş aslan kimi baxır. 

Bulvar zolağı Məcnunlar üçün İpək yolu kimidir. 

Bu yolda minlərlə məcnun saatlarla gəzib. Özünə işgəncə vermək üçün buradan daha ideal bir yer yoxdur. Ayrılmısan və ayrıldığın insan sənin dünyandır. İndi burada gəzişirsən və yoluna ancaq cütlər çıxır. Onlar əl-ələ, qol-qola tutub gəzirlər. Deyirlər və gülürlər. Sən isə özünü yeyirsən. Hər cüt sənə sizinlə bağlı nəyisə xatırladır. Hər cütdən fərqli səbəbə görə zəhlən getməyə başlayır. 

Bulvar zolağının sonuna gəlirik. Hirsi soyumayıb. Mən isə hazıram. Günə gün demək vaxtıdır. Mənə telefonda bir ay şəkli göstərir. Uzaqdan çəkilsə də onu yaxından görmüş kimi olursan. 

Ayrılıq da belədir. Sənə yaxın olan birini uzaqdan özünə yaxınlaşdırmış kimi olursan. Nə qədər yaxınlaşdırsan belə yenə də əlin çatmır. Bu mümkünsüz doğmalığın əlçatmazlığı ilə yanıb yaxılırsan. 

Ona “hələ cavansan, hələ çiysən” deyirəm. 

Köz kimi yanan ürəyi çətin ki, bu qədər çiy qala bilsin. 

Axşama tam közərib kül olacaq. 

İki gün sonra mənə ondan zəng gəlir. 

“2-ci gün axşam filan tədbirdə, bəsman saatda görüşürük” deyir. Razılıq verirəm və mənə daha sonra çatır. “Bir dəqiqə, bu tədbirə siz hər zaman ikiniz gedirdiz axı” deyirəm. 

Telefon dəstəyində gülüş eşidilir. “Elə bu dəfə də ikimiz gedirik” sözlərini eşidirəm. 

“Ayrılıq bu qədər ciddi ikən ayılıblar” deyə düşünürəm. 

Ekranımda olan ay şəklinə baxıram. Gözəldir. Uzaqda olsa da, əlçatmaz olsa da gözəldir. 

Adama deyirəm ki, tez mənə bir səs at. İndiki halınla yaxşı şeylər de. Sonra yenə Məcnun zolağında gəzən zaman özünə qulaq asarsan. 

Bir vəziyyətdən digər vəziyyətə keçmək işıq sürəti ilə baş verir. 

Acılar bircə barışıqla işıq sürətiylə unudulur. 

Sevinc bircə dava ilə puç ola bilir. 

İnsanın bu bircələri olmaya.