Bir axşam açıq səmaya səpələnmiş ulduzlara baxırdım. Onlar həmişə mənə həyəcan dolu maraq hissi gətirərdi. Düşünürdüm ki, lap uzaqlarda hansısa yumru planetdə mənim kimi bir varlıq oturub və o da gözlərini qaranlıq səmada işıq nöqtələrə dikib baxır. Təsadüfən, o da məhz mənim planetimə baxır və tanımadığı bir canlı barədə xəyallar qurur. Xəyallarımdakı bu uzaq planet sakini ilə az qala dost olmuşdum.
Birdən haradansa beynimdə bir fikir səsləndi. Bir cümlə. “Biz hər şeyi bilirik”. Planetlərin nə üçün yumru olduğunu, Yer Kürəsinin Günəşdən nə üçün məhz bu məsafədə yerləşdiyini başa düşürük. Hər şey bu xırda planetdə həyatı təmin etməyə hesablanıb. Biz bilirik ki, qartal göy üzündə süzərkən əslində aşağılarda şikar axtarır, xırda balıqlar çayın səthinə yaxın qorxu içində üzürlər. Hər şey həyatın davam etməsi üçündür, mövcud olan hər bir məfhum və hadisə hansısa ciddi məqsədlərə xidmət edir. Bu məqsədlərin ən başlıcası isə həyatda qalmaqdır.
Özümə istehza dolu bu sualı verdim “Çox sadədir hər şey, elə deyilmi?!” Sən vacib bir işə tələsərkən qarşındakı maşın tısbağa sürətilə gedirsə, onun sürücüsü başqalarını zərrə qədər də olsa düşünməyən bir əclafdır. Sən piyada keçidində olarkən az qala ayaqlarını əzərək qarşından sürətlə keçən maşının sürücüsü isə həbsxanalarda çürüməyə layiqdir. Axı burada bilməli nə var?! Biz artıq hər şeyi bilirik.
Bəlkə də düz bilirik, bəlkə də səhv bilirik. Lakin əsl həqiqətin nə olduğundan asılı olmayaraq bizim öz inanmaq istədiyimiz həqiqətlərimiz var. Yıxılmaz, sarsılmaz həqiqətlər bizləri qala divarları kimi əhatə edib, biz isə içəridə dustağıq. Öz inanclarımızın dustağı.
Sonra özümə dedim: “Gəl sadəcə bir neçə dəqiqəlik bütün bildiklərimizi və inandıqlarımızı kənara qoyaq. İnanclar qəsrimizdən kənara çıxaq. Ətrafımızda olanlara, insanlara uşaqcasına saf yanaşaq. Uşaqlar necə azaddırlarsa, biz də o cür azad olaq. Axı azadlıq elə bu deməkdir – indi, bu an yaşamaq və reaksiya vermək. Verdiyin reaksiyanı nə keçmiş təcrübələrə, nə də gələcək gözləntilərə əsaslandırmaq. Keçmişdə nə yaşanıbsa yaşanıb, gələcəkdə nə olacaqsa olacaq. Lakin indi özünü necə hiss elədiyin, necə bir həyat yaşadığın sənin əllərindədir. Qarşındakına necə baxdığından, yanaşma tərzindən asılıdır.
Fikirlərimlə rəqs edərkən o yad planetlinin məni dinlədiyini təsəvvür edirdim. Və davam etdim: Birincisi, həyatda heç də hər şey düşündüyün qədər ciddi deyil. Ciddi məqsədlər və ağır yaşanan həyatlar yalnız insanların yüklədiyi ciddiyyət və çəkiyə görədir. Əslində isə insanlar almalar kimidir. Alma ağacı meyvə verir, sonra o meyvələr dərilir və ya necəsə budağından ayrılıb gedir. Sonra vaxtı gələndə həmin almalar yenidən bitir. Burda ciddi heç nə yoxdur, deyilmi? Almalar budaqlarına yapışıb, nəyin bahasına olur olsun öz ağaclarında qalmırlar. İnsanlar da eyni prosesdən keçir – Yer planeti böyük bir ağacdır, üzərində insanlar yetişdirir, sonra bu insanlar yoxa çıxır və başqaları dünyaya gəlir. Sadəcə peyda olmaqla yoxa çıxmaq arasındakı interval daha uzundur və biz həyata o qədər bağlanırıq ki, onun alma ağacı kimi təbii bir proses olduğunu unuduruq.
Beləcə, ciddiyyət əvəzinə hər şeyin ötəri bir oyun olduğunu düşünsək baş verən hadisələr və insanlar bizə bu oyunun parçası kimi görünməyə başlar. Təsəvvür elə hər şey rəqs edir. Heç nə gələcəkdə hansısa məqsədə doğru qaçmır. Qaçmaq kimi gördüyünüz əslində bir rəqsdir. Həyatda qalmaq yox həyatla rəqs etmək daha zövqlüdür. Rəqs etmək üçünsə indiki anda olmaq mütləqdir. Bax bu an hər şey ilahi bir rəqsin parçasıdır. Ağacların budaqları gör bir tünd mavi səma fonunda necə şaxələnib – ağacın rəqsi. Gözlərim ulduzlara və ara-sıra onların qarşısından süzüb keçən bulud topalarına gör bir necə baxır – gözlərimin rəqsi. Düşüncələrimin rəqsi və sairə.
Bu cür yanaşanda sanki içimdəki mərhəmət hissi üzə çıxır. Sonsuz mərhəmət – insanlara, təbiətə və özümə qarşı. Axı məni az qala əzib keçən o maşının içində can verən atasını xəstəxanaya çatdırmağa çalışan bir insan ola bilərdi... Mənim yad planetli dostum, düz demirəmmi? Görəsən sizin də planetinizdə maşınlar var? Sən də bəzən darıxıb mənfi hisslərini başqalarına yönəltməyi seçirsən? .. Görəsən sən azadlıq nədir bilirsən, ya bu barədə heç düşünməmisən? Bəlkə də o qədər azadsan ki, düşünmək ağlına belə gəlməyib.
Seçim azadlığımız hər zaman olmaya bilər. Amma azad olmaq həmişə seçimdir. Mən bu qədər uzaqdaykən səni özümə dost seçdim, səni yalnız gecələr görə bilsəm də, bilirəm ki, həmişə oradasan.