2003-cü il, Sumqayıt, Azərbaycan
- Vüsal bəy, maraqlıdır sizi yazmağa nə vadar etdi?
- Məni yazmağa nə vadar etdi? Belə başa düşürəm ki, yazıçılığa başlama səbəbimi bilmək istəyirsiniz. Təəssüf ki, bu suala cavabım sizi o qədər də qane etməyə bilər. Çünki mən səbəb və nəticə əlaqələrinə ehtiyyatla yanaşıram. Mənimçün hansısa hadisənin səbəbini axtarıb tapmaq qeyri-mümkün işdir. Yəqin düşünürsüz ki, niyə görə. Axı bu suala çox sadə bir cavab da vermək olardı. Bəli, hər hansı başqa bir yazıçı sizinçün bu sadə cavabı səsləndirə bilərdi. Amma mənim dünyaya baxışım ümumiyyətlə kökündən fərqlidir. Yazıçılığa başlama səbəbim hər şey ola bilərdi. Başa düşürsüz? Hər şey.
- Biraz daha açıqlama versəniz sizi daha dərindən başa düşəcəm. Soruşduğum sadəcə olaraq budur ki, kitab yazmağa başlamağınız hər hansı bir konkret hadisə ilə bağlıdır, yoxsa maddi ehtiyac və ya başqa bir səbəbdən yazmağa üz tutmusunuz?
- Əziz xanım, mən çox gözəl başa düşdüm sizin nə soruşmaq istədiyinizi. Gəlin belə izah edim. Sizin neçə yaşınız var?
- Qadından yaş soruşmazlar, amma deyək ki, iyirmi doqquz. Bunun sualın cavabı ilə nə əlaqəsi var?
- Əlaqəsi belədir. Baxın, siz yəqin ki, yaşınızı iyirmi doqquz il əvvəl dünyaya gəldiyiniz andan hesablayırsız. Hansısa gün, hətta dəqiq bir saatda, ananızın bətnini tərk edib “dünyaya gəlmisiz”. Halbuki, siz o vaxtdan təxminən doqquz ay əvvəl də artıq dünyada idiniz. Sadəcə ananızın vücudunda. Görürsüz? Yaşınızı hesablayarkən sənədinizdə yazılandan doqquz ay əvvələ də gedə bilərsiz. Məsələ bu qədər sadə deyil. Bəlkə insanlar öz yaşlarını ana ilə atanın cinsi əlaqədə olduğu vaxtdan saymalıdırlar? Demək olar ki, heç kim bu qədər dərinə gedib uşağın yaranışını cinsi əlaqə anına bağlamır. Hətta mən bir addım da irəli gedə bilərəm. Bəlkə sizin, gözəl xanım, əsasınız atanızın ananıza şəhvətlə baxdığı o anda qoyulmuşdu? Çünki o gün o şəhvət hissi olmasaydı, sizin dünyaya gəlməyinizə gətirib çıxaracaq o əlaqə də olmayacaqdı. Təbii ki, bu cür yanaşsaq heç bir vəchlə heç kimin dəqiq yaşını bilməzdik. Məsələ də elə bundadır. Yaş nisbi bir şeydir və o sadəcə hesab-kitab üçün lazımdır, sənədlərə yazmaq üçün, insanları müqayisə etmək və sairə üçün. Buna görə də insanlar ən sadə və rahat yolu seçiblər – ana bətnindən çölə çıxdığımız an, yaşımızın hesablandığı an olsun.
İndi sualınıza qayıdaq. Siz soruşursunuz ki, mən yazıçılığa nə zaman və nə üçün başladım. Bu sevdiyim qızdan ayrıldığım üçün də ola bilərdi, pul qazanmaq istədiyim üçün də. Ancaq hər bir halda dəqiq səbəbi aydınlaşdırıb üzə çıxarmaq qeyri-mümkün olardı. Deyək ki, uşaqlıqda mən travmaya məruz qalmışam və bu məndə özünəqapanma xarakteri yaradaraq fikirlərimi yalnız qələm və kağızla paylaşmaq istəməyimə yol açıb. Bəs mən ümumiyyətlə necə yaza bilmişəm ilk kitabı? Təsəvvür edə bilərsiniz ki, bunun üçün onlarla kitab oxumağım lazım gəlib. Belə çıxır ki, mənim yazmağa başlama səbəbim keçirdiyim travma yox, oxuduğum kitablar olub. Bəs mən desəm ki, oxuduğum kitabları ilk növbədə onunçün oxuyurdum ki, orta məktəbdə xoşuma gələn qız kitabqurdu idi və mən onun xoşuna gəlmək üçün mütaliəyə başlamaq qərarına gəlmişdim? İndi də yazıçılığımın ilk cücərtisi hansısa qızdan aldığım enerji oldu. Yəqin ki, nə demək istədiyimi artıq anlamısınız. Qısacası mənim ilk kitabı yazmaq səbəbim hər şey və hər kəs ola bilər. Baxır hansı bucaqdan yanaşıram. Mənimçünsə bu bucağı seçib qərar vermək çox yorucu olduğu üçün bu cür suallara konkret cavablar verə bilmirəm.
- Hmm. Bu izahatınızdan sonra mənə aydındır. Mən artıq sizə hansı tipli suallar verəcəyimdən əmin deyiləm. Bəlkə özünüz deyəsiniz hansı sual sizinçün maraqlı və mənalı olardı?
- Ha ha. Bu təklifinizdən cəsarətli və ağıllı olduğunuzu başa düşmək olar. Misalçün siz soruşa bilərsiniz ki, yazmaqla oxumaq arasında seçim etməli olsam hansını özümə daha yaxın bilib seçərdim.
- Elə bilin ki, soruşdum. Cavabınız çox maraqlı olardı.
- Məmnuniyyətlə deyərəm. Taicitu simvolunu çox güman ki, görmüsünüz – bir çoxları bunu sadəcə İn və Yan adlandırır. Qütblərin ayrılmazlığı və bir-birinə bağlılığı. Ağ ilə qara, sual ilə cavab, yaratmaq və məhv etmək. Eləcə də oxumaq və yazmaq. Bu iki məfhum hər zaman bir-birini tamamlayır və fikrimcə ayrılıqda mövcud ola bilməz. Mən oxuyarkən artıq yazıram, yazarkən parallel olaraq oxuyuram. Bu axmaqcasına sadə səslənsə də, mühüm məsələdir. Məhz sizin, yəni mənim öz sualımın cavabıdır. Ortada seçim yoxdur əslində. Necə ki, sonsuz yaşamaq heç bir məna kəsb etmir və mümkün deyil, necə ki, ölüm həyatı tamamlayır, eyni şəkildə yazmaq oxumağın son dərəcə təbii davamıdır. Oxumaq isə yazmağın ayrılmaz tərkib hissəsi..
***
Birdən məni müsahibə edən gözəl xanımın göz bəbəklərində aramca yanan şam işığının fərqinə vardım. Bu an gözlərim onlara kilidlənərək məni qaranlıq bir otağa sürüklədi. Qarşımda tədricən əriyən və dayandığı səthin üzərində sanki mumdan krater yaradan şam var. Mən mükəmməl formalı alovun arada-bir ürkərcəsinə dalğalanmasına baxıram və bu səhnədə olan İn-Yan prinsipinin fərqinə varırıam. Belə ki, alov ip və parafindən asılı şəkildə mövcudluğunu davam etdirərkən, onları həm də məhv edərək özünün də məhvinə aparır. Biri digərini yaratdığı halda, digəri də məhv etməklə məşğuldur və bu əlaqə hər iki tərəfin bitməsi ilə tam bitəcək.
Həmin jurnalist qadın şamın zəif işıq pərdəsi arxasından müsahibəsini davam etdirməyə başladı:
- „Spenserin 'İlk Prinsiplər’inə çoxdan hakim olmuşdu, ki bu onu sözün əsl mənasında köklərindən qoparıb uzaqlara sürgün etmiş və ondan Markus Aurelius, Epiktetus, Spinoza və Şopenhauerə geri dönmüşdü - bütün özəl nəzəriyyələri yırtıb atan ve həyatın həqiqətdə nə olduğunu bilmək istəyən insanlar. Bunlardan bəzilərini oxuduqdan sonra uzun müddət küçələri gəzmiş, güclərin oyunu, maddənin çürüməsi, düşüncə formalarının bulud formalarından daha dayanıqlı olmadığı gerçəyini götür-qoy etmişdi. Fəlsəfələr gəldi və getdi, hökumətlər gəldi ve getdi, irqlər ortaya çıxdı və yox oldu. Bir dəfə Nyu Yorkun böyük təbiət tarixi muzeyinə girib, yazılı tarixdən əvvəl heyvanların nəhəng skeletlərini kəşf etdi - öz zamanından iki, üç, beş milyon il öncə yaşadıqları deyilən varlıqlar və onları yaradan güclərə, göründüyü qədərilə ölmələrinə icazə verilən etinasızlığa heyrət etdi. Təbiət, müxtəlif növlərlə zəngin və hər hansı bir şeyin qalıcılığına qarşı tamamilə laqeyd görünürdü. Özünün bir heç olduğu, sadəcə bir qabıq, bir səs, böyük bir önəmi olmayan bir yarpaq olduğu nəticəsinə gəldi və bu vəziyyət bir müddət az qala qəlbini qıracaqdı. Bu onun eqoizmini parçalamağa, intellektual qürurunu yox etməyə aparırdı. Azmış bir uşaq kimi sərsəmləmiş, incinmiş, qaraqabaq bir halda veyllənirdi. Amma təkidlə düşünürdü. Sonra Darvin, Haksli, Tindall, Lubbok gəldi – digərlərinin orijinal nəticələrini gücləndirən, amma eyni zamanda ona gözəllik, təbiətin metodlarında onu olduqca təəccübləndirən bir forma və ideya bolluğu göstərən bir sıra İngilis ziyalıları.“
Vüsal bəy, oxuduğum bu sətirlər sizin son kitabınızdan bir çıxarışdır. Tanış gəldimi?
Mən bayaq çox səlis danışırdım, indi isə nitq qabiliyyətimi tamamən itirmişəm.
- Maraqlıdır ki, bu sətirlər yalnız sizə deyil, həm də mənə və sizin kitabınızı oxumamış bir çox insana tanış gəlib. Səbəbi isə sadədir – çünki bu mətn və sizin kitabın daha neçə-neçə səhifələri Teodor Drayzerin „Dahi“ əsərindən oğurluqdur. Sizinlə beş il əvvəlki müsahibəmizi xatırlayıram. O zaman siz mənə yazmaqla oxumağın İn və Yan təki bir-birini tamamladığından uzun-uzadı danışmışdınız. Doğrusu mənim ağlıma da gəlməmişdi ki, siz „tamamlamaq“ deyərkən öz əsərlərinizi digərlərinin yazıları ilə tamamlamaqdan danışırsınız.
Müsahibəçi qız bunu deyib yanan şamı ani hərəkətlə üfürərək söndürdü. Bir anlıq zülmət qaranlıq gözlərimi açar-açmaz yox oldu və özümü „Göyərçin“ heykəlinin üzərində oturmuş gördüm. Bu, Sumqayıtın mərkəzi küçəsində, Xəzər dənizi sahilində salınmış məşhur sülh abidəsi idi. Düz qarşımda bir yığın insan – deyəsən turistlərdir – onlara abidə haqqında məlumat verən şəxsi dinləyirdilər.
- Şəhərin simvoluna çevrilmiş “Göyərçin” monumental abidəsini otuz üç il əvvəl heykəltəraşlar Vaqif Nəzirov və Asim Quliyev birlikdə ucaltmışdılar. Göyərçin heykəli qanadlarını açaraq sanki uçmağa hazırlaşmış vəziyyətdə icra olunub, lakin abidənin göyərçin olmasını yalnız onun başından müəyyən etmək olur. Bəzi Sumqayıtlılar bunu qağayı adlandırırlar, çünki onlara görə dənizin kənarında məhz qağayı quşu təsvir oluna bilərdi. Ancaq bu abidədə sülh quşu göyərçin təsvir olunub. Sülh quşu olan göyərçin heykəlinin qoyulması bir növ bütün xalqları sülhə çağırış rolunu oynamışdır. Sənaye şəhəri kimi formalaşan Sumqayıt şəhərində müxtəlif millətlərin nümayəndələri yaşayır, onların dostluq şəhərində birgə əməyi və mehribanlığını tərənnüm etmək üçün göyərçin heykəlini ucaltmışlar.
Bu vaxt turistlərdən biri yavaş-yavaş mənə yaxınlaşıb gülümsəyərək salam verir.
- Salam. Mən Gəncə Dövlət Universitetində təhsil alıram. Adım Aydandır. Sizin əlinizdəki kitabı gördüm, marağımı çəkdi. Olar baxmaq?
Mən əlimdə kitab olduğundan xəbərsiz idim. Ancaq həqiqətən də bu kitabı iki əlimlə də sıx-sıx tutmuşdum: „Die Taube“, [1] Patrik Züskind. Kitabı Aydana uzadıram. Əllərimin təri kitabın kağızdan üz qabığını nəmləndirib. Qız kitabı alıb vərəqləməyə başlayır. Çox keçmədən onu mənə qaytarıb alman dilini bilmədiyini deyir və gülümsəyərək təşəkkür edib yenidən öz „Göyərçin“ ətrafındakı qrupuna qoşulur.
Axı bütün bu olanlar nə deməkdir. Mən anlam verə bilmədiyim hadisələr axınından bezməyə başlayıram. Eyni zamanda da olanlar o qədər sirli və anlaşılmazdır ki, bu mənim marağımı artırır. Axı mən son on ildir ki, mümkün olan ən sakit və „hadisəsiz“, ən boz və heç kimə dəyib-dolaşmadan yaşayan maraqsız bir insanam. Daxilən çox yaşlanmışam. Bu cür macəralar mənim üçün deyil.
Əlimdəki kitaba yenidən baxıram. Kitabın üzündəki göyərçin şəkli mənə yaxın keçmişdə olmuş bir hadisəni xatırladır. Şəhərin „Paris Hoteli“ndə təhlükəsizlik mühafizəçisi olaraq işə düzəlməyimdən illər keçmişdi. Bu işə keçmişi unutmaq üçün, daha doğrusu xatırlamamaq üçün başlamışdım. O qədər monoton işim var idi ki, xatirələrimi qıcıqlandırıb keçmişi yada salacaq fərqli heç bir şey ola bilməzdi. Yalnızca bütün günü bir yerdə dayanıb gələn qonaqlar üçün maşınların və hotelin qapısını açmaq və bağlamaqdan başqa heç nə etmirdim.
Xocalı soyqırımı zamanı valideynlərimin hər ikisi qətlə yetirilmiş, mənimsə qayğıma o hadisədən sağ qurtulmuş bir xeyirxah insan qalmışdı. Bu insan mənimçün əlindən gələn hər şeyi etmişdi. Sonralar mən ona etdikləri üçün təşəkkür edib ayrılmış və iş tapmaq məqsədilə Sumqayıta yerləşmiş, burada ofisiantdan tutmuş avtomobil sexində köməkçiliyə qədər bir çox işlərdə çörəkpulu qazanmağa çalışmışdım. Son olaraq tanışlardan biri yeni açılmış „Paris Hotel“ barədə məni agah etmiş və uzaqdan uzağa tanışlıq vasitəsilə burada işə düzələ bilmişdim.
„Obşijitel“ deyilən ümumi yaşayış binalarından birində yaşayırdım. Bir gün düz otağımın qapısı ağzında haradansa uçub gəlmiş bir göyərçin peyda olmuşdu. Sanki Tanrı öz əli ilə bu quşu düz ayağımın altına yerləşdirməklə mənə nəsə deməyə çalışırdı. Mənsə ən yaxşı halda bu xırda varlığı tapdalamamaq üçün özümü güclə saxlamış, həmin gün çamadanımı bir günlük paltar və azuqə ilə dolduraraq işə yollanmışdım. Quş məni nədənsə çox iyrəndirirdi. Onun yaxınlığımda yuva salması fikri belə məni özümdən çıxarmağa kifayət edirdi. Ona görə də həmin gün hoteldə nahar etmiş və orada ən xırda və ucuz otaqlardan birini tutaraq gecələməyə qərar vermişdim.
Növbəti gün səhər tezdən evə qayıdanda göyərçinin eyni yerdə olduğunu görmüşdüm. Elə qapının ağzındanca geri qayıtmalı olmuşdum. Qayıdarkən qonşulardan biri ilə qarşılaşmışdım. Bu, hər gün məni izləyən, qəribə-qəribə baxaraq əsəblərimin pozulmasına səbəb olan yaşlı qadın idi. Həmin səhər göyərçinin peyda olması və qapımdan əl çəkməməsi nəticəsində onsuz da yerində olmayan sinirlərim süzücü qonşunun həmişəki baxışları altında daha da idarəolunmaz bir hal almışdı. Bir yaxınlaşıb dişimin dibindən çıxanı bu qadına söyləmək istəmiş, lakin özümü çətinliklə də olsa bu əməldən çəkindirmişdim. Əvəzində isə ona yaxınlaşaraq xahiş etmişdim ki, bu göyərçini binadan qovalasın.
Axşam işdən qayıdanda quşcuğazı artıq orada görmədim. Öz xoşu iləmi getdi, ya içimdə nifrətə yaxın bir hiss bəslədiyim qonşum xahişimi yerinə yetirdi, bunu bilmədim. Səbəb hər nə olur olsun, göyərçinin həyatıma girməsi və çıxması məndə nələrisə dəyişməyə yetmişdi. Mən hiss edirdim ki, o gündən sonra insanlardan daha az çəkinir, onlarla söhbət etməyə və nə hiss etdiyimi deməyə cüzi də olsa daha artıq cəsarət tapa bilirdim.
İndi əlimdə sıx-sıx tutduğum bu alman dilindəki kitab mənə bax o hadisəni xatırlatdı. Yenidən bu anlaşılmaz yuxuya geri qayıtdım. Əvvəlcə jurnalist qızla müsahibə, ağıllı-ağıllı danışan və bu müsahibəni sanki kənardan müşahidə edən mən, qaranlıq otaq, jurnalistin məni başqa yazıçıların yazılarını çırpışdırmaqda ittiham etməsi, „Göyərçin“ heykəli, Aydan, əlimdəki göyərçinli kitab və onun mənim yaddaşımda canlandırdıqları. Bütün bunlarda hər hansı bir əlaqə, ortaq nüans tapmağa macal tapmamış, havanın uğuldadığını eşitdim. Hər tərəfi bomboz buludlar aldı. Uğultu getdikcə artır və havadakı rütubət dərimi islatmağa başlayırdı. Mən birdən fərqinə vardım ki, uğultu havadan və ya yağacaq buludlardan qaynaqlanmır.
Arxamda Xəzər dənizi var idi. Mən geriyə çevrildim və gözlərimə inana bilmədim. Tsunami miqyasında dalğa artıq „Göyərçin“ abidəsinə çatmaqdaydı. Hündürlüyü göydələnlər qədər, eni göz işlədikcə, vahiməsi nəfəsləri kəsən dəhşətli bir dalğa. Ümumiyyətlə Xəzərdə bu cür iri dalğaların olması mümkün idi? Mən özümü hansısa okeanın ortasında çarəsizcəsinə yırğalanan, son anlarında olan bir kağız gəmi kimi hiss etdim. Qəribə də olsa nəhəng dalğanın gətirdiyi qorxu hissi, çarəsizlikdən doğan rahatlıq hissi ilə qarışmışdı. Bütün bədənim boşalmış halda bu bədheybətin kölgəsi altında durub onun məni qoynuna almasını gözləyirdim.
Sanki beynim sürətli işləməyə başladı və mən dalğanın bütün detallarını incələməyə başladım. Onun caynaq təki içəri burulan təhdidedici zirvəsi, səthində qorxunc insan damarlarını xatırladan sudan qırışlar və qara, boz, göy rənglərin vahiməli qarışığı. Birdən bu su kütləsinin içindən mənə baxan iki cüt gözü ayırd edə bildim. Onlara kilidlənərək qaldım, başqa heç hara baxa bilmirdim. Sudan göydələn isə üstümə şığıyırdı. Yaxınlaşdıqca sürətlənən ürək döyüntülərim öz qulaqlarımı batıra bilərdi.
Dalğa ilk öncə göyərçinləri sardı. Mənlə təmas anında gözlərimi açaraq nəfəsimi içimə çəkdim və səhra ortasındakı ocaqla üzbəüz oturduğumu dərk etdim. Hələ də o iki cüt gözə baxırdım. Sehrbazın heç nə ifadə etməyən qara dəlikləri. Əmin idim ki, bu gözlər və onlara baxaraq xəyali yaşadığım qeyri-adi hadisələr hələ uzun müddət yuxularıma girəcək. Bunların mənasını isə bəlkə də bir gün tam anlaya biləcəm.
[1] Almancadan tərcümədə “Göyərçin”