- Ata, həyatda ən vacib sual hansıdır?
- Sən bu sualı vermək üçün hələ çox balaca deyilsənmi?
- Hansı sualı, ata? Ən vacib sualı?
- Yox, mənə verdiyin sualı deyirəm. Nə üçün bunu bilmək istəyirsən?
- Elə belə. Həm də sən bir dəfə mənə demişdin ki, bütün bilik suallardan doğur.
- Deməli bilmək istəyirsən ki, həyatda bilməli olduğumuz ən vacib şey nədir?
- Hə, deyəsən bunu bilmək istəyirəm.
- Bu ki, çox ağır və çətin sualdır, qızım. Amma istəyirsənsə birlikdə düşünə bilərik.
- Düşünək onda. Hmm. Məsələn, sabah havanın necə olacağını bilmək.
- Səncə bu həyatdakı ən vacib sual ola bilər?
- Niyə də yox, ata. Axı havanın nə cür olacağını bilməsək üşüyə bilərik, tərləyə bilərik, ya da yağışda islanıb xəstə ola bilərik.
- Başa düşürəm. Lakin xəstə olmaq ən qorxulu və ya ən ağır hadisədirmi?
- Yəqin ki, yox. Ölmək daha qorxuludur. Çox qorxuludur.
- Ölmək nə üçün bu qədər qorxuludur, qızım?
- Ata, bu nə sualdır?! Axı öləndə adam ağrı içində olur!
- Ola bilər, amma bu ağrı yəqin ki, bir anlıq, ya da qısa müddətlik olur və sonra hər şey yox olur. Nə ağrı, nə başqa bir şey qalır.
- Həm də öləndən sonra insan bütün sevdiklərindən ayrı qalır. Bu çox pisdir.
- Hə, qızım. Hərçənd yenə də bu ayrılığı yaşayan və hiss edən həyatda qalanlar olur, dünyasını dəyişən yox. Amma gəl ölümdən danışmayaq. Axı biz “həyatdakı” ən vacib sualı axtarırdıq.
- Yaxşı.
- Elə güman etdik ki, ən vacib sual ən vacib cavaba və ya biliyə aparan sualdır. Sonra da fərz etdik ki, ən vacib bilik ən qorxulu hadisənin qarşısını ala biləcək məlumatdır.
- Hə, ata. Doğrudan da belə güman etdik.
- Məncə bu heç də belə deyil. Yəni ən vacib biliyin ən qorxulu şeylər ilə əlaqəsi yoxdur. Olmamalıdır. Hmm. Bəs ən əhəmiyyətli bilik hansıdır görəsən?
- Ata, bəlkə insanları ən çox xoşbəxt edən şeylər barədə düşünsək bu sualın cavabını taparıq.
- Bu istiqamət daha pozitiv və doğru görünür. Bəs insanları xoşbəxt edən nədir?
- Bunu bilmək çox asandır. Mən səninlə oynayanda, şəkil çəkəndə və gəzməyə gedəndə xoşbəxt oluram. Hətta anam dadlı yeməklər bişirəndə də çox xoşbəxt oluram.
- Bu o deməkdir ki, ananın bişirdiyi yeməklər heç də həmişə dadlı olmur, hə?
- Hə, ata. Xüsusən də yeməyə soğan qatanda heç yaxşı olmur.
- Aydındır, qızım. Deməli sən sadaladıqlarını edəndə xoşbəxt olursan. Bilirsən, bu çox əladır. Bu cür xırda şeyləri sözün əsl mənasında yaşaya bilmək. Lakin, qızım, təbii olaraq bütün insanlar sənin kimi xoşbəxtliyi gündəlik həyatlarında tapa bilmirlər.
- Bəs nə üçün, ata? Sən də beləsən?
- Gəl birinci sualdan balayaq. İnsanlar böyüdükcə onların dünyaları da böyüyür, qızım. Bu o deməkdir ki, biz böyüklər daha çox biliyə yiyələnirik və biliyimiz artdıqca eyni dərəcədə gözləntilərimiz, qorxularımız, narahatlıqlarımız da artır və böyüyür.
- Ata, biraz da izah edə bilərsən?
- Əlbəttə. Belə düşün: sən bəzən növbəti günün dərslərinə yaxşı hazırlaşmadıqda narahat ola bilərsən. Bu narahatlıq ona görədir ki, sən müəlliminin dərsi səndən soruşması ehtimalına fokuslanırsan. Beynində müəllimin suallarına cavab verə bilmədiyin və sinfin qarşısında utandığın təsəvvürlər canlandırısan. Belə fikirlər səni o qədər narahat edə bilər ki, bugün mən sənlə oynasam belə, ana çox dadlı yeməklər bişirsə belə, bunlar heç biri sənə xoşbəxtlik gətirməsin. Səbəb odur ki, düşüncələrin sabaha köklənib və indi həyatında nə baş verdiyinin tam fərqində deyilsən.
- Ata, düz deyirsən. Mən hərdən belə hiss edirəm.
- Bəlkə bu söhbətimizdən sonra daha bu cür narahat olmazsan, qızım. Demək istədiyim odur ki, böyüklər həyatlarının böyük qismini məhz bu cür amma bundan da dərin qorxular içində yaşayırlar.
- Ata, qəribədir, biz qorxulardan danışmaq əvəzinə xoşbəxtlikdən danışmaq qərarına gəlmişdik. Amma yenə qorxulara gəldik?
- ... Hə, qızım. Qəribədir. Bilmirəm niyə belə oldu. Sadəcə böyüdükcə insanın xırda xoşbəxtlikləri unutduğunu demək istəyirdim. Səbəb isə insanın ya gələcəkdə, ya da keçmişdə ilişib qalmasıdır.
- Keçmiş barədə heç nə demədin axı, ata.
- Hə. Sən hələ azyaşlı olduğun üçün keçmiş anlamını, böyüklərin fikirlərinin nə üçün keçmişdə qaldığını başa düşməyin çətin olacaq. Bu barədə sonra söhbət edərik istəsən.
- Ata, xahiş edirəm indi danışaq.
- Yaxşı, qısaca deyim. İnsan orqanizmi inkişaf etdikcə onun yaddaşı da güclənir. Daha keçmişi, daha əvvəllər olanları uzun müddət xatırlaya bilir adam. Və.. və bu xatirələr, yəni keçmiş, bəzən bizim sığınacağımız olur. İndiki həyatımızda çətinliklərlə üzləşəndə, xoşumuz gəlməyəndə, fikirlərimiz keçmişdən yapışır - uşaqlıq, məktəb illəri, oynadığımız oyunlar, valideynlərimizin hər an qayğımıza qaldığı vaxtlar və s.
- Maraqlıdır, ata.
- Hə, qızım. İnsan maraqlı varlıqdır. Bilirsən həm də biz keçmişi xatırlamağımız səbəbindən gələcəkdə nə olacağını da çox yaxşı bilirik. Yəni əksər hallarda. Bu da öz növbəsində qorxulara yol açır, lakin çox vaxt insanlar eyni səhvləri etməyə davam edir. ... Nəysə, qızım. Məni çox danışdırdın. Mən elə bilirdim biz birlikdə düşünəcəyik.
- Ata, mən sənə suallar verməklə səni düşündürdüm. Bu özü də vacib deyilmi?
- Elədir, ağıllı qızım. Suallar demişkən, biz o sehrli sualımızı tapa bildikmi?
- Məncə yox. Amma insanların qəribə məxluqlar olduğunu öyrəndik əvəzində. Onlar həm keçmişdə, həm də gələcəkdə yaşaya bilirlər. Amma bəzən indiki zamanda yaşamağa çətinlik çəkirlər.
- Hə. Eynilə. İndi yatmaq vaxtıdır, qızım. Bugün hansı oyuncağınla yatacaqsan?
- Panda ilə!.. Ata, heyvanlar da müxtəlif zamanlarda yaşaya bilirlər?
- Bilmirəm, qızım. Yəqin ki, yox. Lakin bu axşam bu qədər söhbət yetər. Növbəti dəfə heyvanlara da yer ayırarıq.
- Yaxşı. Səni sevirəm, ata.
- Səni sevirəm, qızım. Gecən xeyrə.