
Azadlıq külək kimi gözəgörünməz, ancaq ruhumuzu titrədən bir qüvvədir. O, bəzən sevincdən parlayan günəş, bəzən isə tufan kimi qəlbimizdə coşur. Azadlıq insanın varlığının nəfəsi, ruhunun isə qanadıdır. Azadlıq, ürəyin zəncirlərdən azad olub öz ritmini tapmasıdır. Əslində Azadlıq ucsuz bucaqsız ümman deyildir, çünki sərhədləri vardır, vicdanımızla sərhədlənmiş. Yalnız öz seçimlərinlə yox, ətrafındakılarında fikirlərini hörmətlə qəbul edib sayğı göstərməkdir azadlıq. Azadlıq həyatın əsas dəyəridir ki, bizim özümüzü tapma, öz levelini öyrənmə, öz potensialını görmə zamanıdır. Və son olaraq Flap seminarımızdan ağlımda qalan bir cümləni vurğulamaq istəyirəm: Azadlıq istədiyin hər şeyi etmək deyil, istəmədiyin heç bir şeyi etməməkdir.
Azadlıq mənim üçün özümü kəşf etmək, qorxusuzca öz həqiqətimi yaşamaq deməkdir. Ruhun azad olub-olmaması isə düşündürücü bir sualdır, çünki çox vaxt onu biz özümüz məhdudlaşdırırıq başqalarının gözləntiləri, qaydalar, ya da cəmiyyətin "doğru" dediyi şeylər əsasında.
Bəlkə də həqiqi azadlıq ruhun səssizcə qışqırdığı o yeri tapmaqdır səni sən edən hisslərə, düşüncələrə və arzulara təslim olmaq. Amma bu asandırmı? Heç də deyil. Çünki cəmiyyət bizə çox kiçik yaşlarımızdan nəyi necə etməli olduğumuzu öyrədir. Hər addımda bir qəlib, hər baxışda bir məhdudiyyət.
Azadlıq bəlkə də bu qəliblərdən çıxmağa cəsarət etməkdir özümüzü, həyatımızı və başqalarını olduğu kimi qəbul etmək. Amma unutmayaq, azadlıq da məsuliyyət tələb edir. Ruhunun azad olub-olmadığını anlamanın yeganə yolu özünlə dürüst olmaqdır. Özündən soruş: Mən kiməm və nə üçün buradayam? Sənin cavabın bəlkə də azadlığın başlanğıcıdır…
Bu arada mütləq mənada azadlıq yoxdur. Bir düşüncə qəlibindən qurtulduğun anda başqa bir düşüncə qəlibinə girmiş olursan.