İnsan bir-birinin üzərinə inşa edilmiş, bəzən biri digərini kölgədə qoyan, bəzən isə bir-biri ilə səssiz müharibə aparan alt şəxsiyyətlərin mürəkkəb sistemidir. Cəmiyyətin "xarakter" adlandırdığı şey çox vaxt sabit bir mahiyyətdən çox, müxtəlif şəraitlərdə işə düşən mexanizmlərin cəmidir. İnsan bir mühitdə soyuq və analitik, başqa bir mühitdə isə emosional və impulsiv görünürsə, bu ziddiyyət deyil. Bu, fərqli ssenarilər üçün işə salınan fərqli şəxsiyyət proqramlarıdır. Hər mühit insanın daxilində başqa bir tərəfi oyadır və həmin tərəf öz rolunu oynamağa başlayır. Beləliklə, "mən" anlayışı tədricən parçalanır. Bir mühitdəki "sən", başqa mühitdəki "sən"ə yadlaşa bilir. Çünki hər mühit öz tələbləri ilə yeni bir "alter" yaradır. İş yerindəki o soyuq və intizamlı alter, evdə xəyalları və arzuları ilə yaşayan kövrək alterlə eyni bədəni paylaşsa da, sanki fərqli orbitlərdə hərəkət edir. Bu vəziyyət ilk baxışdan parçalanma kimi görünə bilər. Halbuki bu, çox vaxt adaptasiyanın ən incə formalarından biridir. İnsan özünü qorumaq üçün hər vəziyyətə uyğun maska yaradır. Zaman keçdikcə isə bu maskalar o qədər möhkəmlənir ki, maska ilə üz arasındakı sərhəd tədricən itir. İnsan artıq hansı mühitdə hansı alteri işə saldığını düşünmədən, avtomatik bir keçid edir. Bu mexanizmin altında gizlənən əsas motiv isə qəbul olunmaq və zərərdən qaçmaq instinktidir. İnsan aid olduğu mühitin dilinə, dəyərlərinə və gözləntilərinə uyğunlaşaraq öz varlığını parçalayır. Məktəbdəki nümunəvi şagird, evdəki itaətkar övlad və s. - bunların hamısı bir bədənin içində yaşayan fərqli aktyorlardır. Hər alterin öz mənəvi kodları, öz qorxuları və öz istəkləri var. Amma onların mövcudluğu problem deyil. Problem onda yaranır ki, bəzən bu alterlər bir-birinə zidd vəziyyətə gəlirlər və insanın daxilində gərginlik başlayır. İnsan daxilindəki hər alteri öz varlığının bir parçası kimi gördükdə, artıq onların köləsi olmur. O zaman insan maskaların arxasında həmin maskaları şüurlu şəkildə idarə edən biri olur.
