Səs-küy Faktdan Daha Güclüdür

Həmişə deyilən bir söz var. Fakt öz özlüyündə qalır.


21 baxış
21.08.2026
6 dəq oxuma

Həmişə deyilən bir söz var. Fakt öz özlüyündə qalır. 

Bu da sürpriz deyil ki, insanlar faktlardan daha çox səs-küyə daha çox inanır və onu daha çox paylaşır. Fakt isə duzsuz, istiotsuz bir kənarda qalır. Orası da doğrudur ki, səs-küy daha əmin səslənir, daha asandır, fikirləşməyə ehtiyac yaratmır. 

Faktlarla bağlı səhv anlaşılan məsələ də var. Elə bilirsən ki, əgər faktı göstərsən, doğru öz yerini tapacaq. Daha açıqlayıcı danışım. Bəzilərimiz insalara sübutu, rəqəmləri, lap deyək dəqiq mənanı göstərdikdən sonra doğru nədirsə qalib gələcək deyə düşünür. Lakin, bu belə deyil.

Biz bunu çox yanlış anlamışıq. Fakt özü özlüyündə bir şey həll edə bilməz. Sistem belə işləmir. Təəssüf ki, fakt çox zaman səs-küydən önə keçmir. 

Belə bir misal çəkim. Təsəvvür et ki, bir hadisəni iki fərqli adamdan dinləyirsən. Biri bu hadisənin dəqiqliklə necə baş verdiyini danışır. Hər detalı dəqiq verməyə çalışır. Danışdığı tonu düzgün seçir. Sonda isə nəyi bildiyini, nəyi bilmədiyini və nəyin daha çox araşdırılmasına ehtiyac duyulduğunu bildirir.

Digəri isə nə baş verdiyi özündən əmin şəkildə sənə danışır. Əlində heç bir dəqiq detal yoxdur, amma hekayəsi var. Hekayənin içində pis adam var. Motiv var. “Sənin bilmədiyin şeylər var” kimi cümlələrlə sənin heçnədən xəbərin olmadığını da bildirir. Halbuki belə bir şey yoxdur. 

5 dəqiqədən sonra hansının danışdığını daha yaxşı xatırlayacaqsan? Böyük ehtimal hekayəli, motivli və həyəcanla danışılan, mistik emosiyalarla bəzədilmiş olanı daha yaxşı xatırlayacaqsan. Təəssüf ki, birinci danışanın doğru olma ehtimalı daha çox olsa da, ikinci inandıra bilir.

Ona görə də burada iki önəmli anlayış ortaya çıxır. Dogruluq və diqqət.

Bax, dogruluq bir fikrin doğru olması üzərinə qurulur. Diqqət isə bir fikrin dinlənilməsi üzərinə. Lakin, bir fikir doğrudursa o demək deyil ki, diqqəti də cəlb edəcək. Doğru olub, internet əhlinin dediyi kimi İQNOR da edilə bilərsən. 

Bugün hər kəs məzmun paylaşır, hər kəsin internetdə demək olar ki, ya yazısı ya da səsi var. Ya yazırlar, ya video çəkirlər. Maraqlısı budur ki, alqoritm də elə edir ki, elə önə çıxarır ki, diqqəti cəlb edə bilir. 10 dəqiqə internetdə geosiyasət üzərinə araşdırma edən biri, bir TikTok videosu ilə ekspert kimi görülə bilər. Verilişlərə çağrılar, reklamlardan gəlir əldə edər və s. Lakin, bir nəfər də çıxıb onun səhv ya düz danışdığını araşdırmayacaq çünki onsuz da internetdə paylaşıb düşüncəsi var. Paylaşıbsa, deməli bu işi bilən adamdır.

Qısacası fakt, doğruluq, peşəkarlıq birbaşa səs-küy ilə mübarizə aparır. Sanki bir yarışın içindədirlər. Yəni, məsələ yanlış məlumatdan daha çox səs-küy yaratmaqdadır. Çoxluq onsuzda məlumatın doğru və ya yanlış olduğunu araşdırmır. Onlar səs-küyə inanır, emosiyaya inanır və onlara sərf edən məlumata inanır. İstəyir doğru olsun, istəyir olmasın. 

Səs-küy çox sürətlidir. Sadədir. Emosionaldır. Səni düşünməyə məcbur etmir. 

2018-ci ildə MIT X platformasında paylaşılan 126,000 xəbəri araşdırıb. Araşdırma daxilində 3 milyon istifadəçinin milyonlarla statusları əhatə olunub. Yekun olaraq bu nəticəyə gəlinib ki, yanlış xəbərlər doğru xəbərlərdən daha sürətli yayılır və daha çox insana çatır. Yanlış xəbərlər 70% daha çox paylaşılır. 

Rəqəmlər çox vahiməlidir, ancaq bundan daha vahiməli bir məsələ də var. Araşdırma nəticəsində məlum olub ki, bu yanlış xəbərlərin belə sürətli paylaşılmasında botlardan daha çox real istifadəçilərin əməyi var. Yəni, bunun səbəbi botlar deyil, elə insanların özüdür. 

Bunu biz etmişik. Hansısa robot etməyib.

Görünən odur ki, insanlar doğru və yanlış yerinə, nəyin daha maraqlı olduğuna qaçır. Məsələn, iki cümlə yazım sizə.

  1. Araşdırmalara görə bu məsələnin bir çox açıqlaması mövcuddur. 
  2. Onlar həqiqətən nə baş verdiyini bilməyinizi istəmirlər. 

Səncə hansı daha maraqlı görünür? Bu cümlələri videoda təsəvvür edin, şəkildə təsəvvür edin, kimsə danışanda eşitdiyinizi təsəvvür edin. 2-ci daha maraqlıdır elə deyil?

Müasir dünyanın ən narahat edən tərəfi də budur. Doğru olmaq, dəqiq olmaq səni maraqlı etmir. Maraqlı olmaq üçün də doğru və dəqiq olmağa ehtiyac yoxdur. 

Həmişə düşünürük ki, əgər bir məsələ doğrudursa onsuzda insanlar buna diqqət göstərəcək. Bu iddia artıq keçərli deyil. Diqqət itib. İnsanlar 1 dəqiqədən artıq bir məzmuna nə baxa bilir, nə oxuya.

Bir tədqiqatçı aylarla araşdırma edər, amma diqqət görməz. Lakin, bir nəfər 3 dəqiqə ərzində sahəsi olmayan bir məsələyə aid doğruluğunu belə bilmədən maraqlı məzmun paylaşar, olar fenomen. 

Bu indi kimin problemidir? Bu məzmunun yaradanların, ya bu məzmuna dəyər verənlərin? Yəni, burada əsas məsələ artıq bilik deyil. Burada əsas məsələ kommunikasiyadır. Kim daha yaxşı kommunikasiya qura bilir? Kim mürəkkəb fikri daha sadə çatdıra bilir?

Reklamlarda tez-tez görürük. Adicə çörək reklamında elə sözlərdən istifadə edirlər ki, adam gərək istehsalatda olsun ki, başa düşsün. A kişi, bunu sadə dildə izah et də.

Yekun olaraq yenə dönüb-dolaşıb gəlirik kommunikasiyaya. Kommunikasiya düzgün qurulmayanda istəyir dünyanın ən doğru insanı ol, səs-küydən geri qalacaqsan.

Fakt doğru ola bilər, ancaq kommunikasiyada məğlub olacaq.

Yekun olaraq düşünürəm ki, səs-küy faktlardan daha çox rəğbət görmür. Sadəcə daha yaxşı kommunikasiya edilir.

Doğru fikirlərin düzgün kommunikasiyaya ehtiyacı var. “Bir məlumat doğrudursa kommunikasiyaya ehtiyacı yoxdur” deyilməməlidir.