İnformasiya müharibəsində məğlub olma

Təəssüf ki, kimsə, hansısa qrup və ya hansısa ölkə sizə qarşı sistemli informasiya müharibəsi aparır. Bəs bunun ən pis tərəfi nədir?


35 baxış
28.09.2026
5 dəq oxuma

Təəssüf ki, kimsə, hansısa qrup və ya hansısa ölkə sizə qarşı sistemli informasiya müharibəsi aparır. Bəs bunun ən pis tərəfi nədir?

Özünü müdafiə etmək.

Bəli. Düz eşitdiniz. Çünki özünüzü müdafiə mövqeyinə keçirdiyiniz anda artıq onların oyununu oynamağa başlayırsınız.

Onlar ittiham edir. Siz cavab verirsiniz. Onlar başqa bir ittiham irəli sürür. Siz yenə cavab verirsiniz. Mövzunu dəyişirlər. Siz izah edirsiniz. İzahınızı təhrif edirlər. Siz həmin izahı da izah etməyə başlayırsınız. Və bir anda görürsünüz ki, bütün həyatınızı onların uydurduğu suallara cavab verməklə keçirirsiniz.

Dayanın.

İnformasiya müharibəsi hər beş dəqiqədən bir haqlı olduğunuzu sübut etməklə qazanılmır. İnformasiya müharibəsi informasiya mühitinin necə işlədiyini başa düşməklə qazanılır.

Onların reallığını üzə çıxarın

Əvvəlcə çox sadə bir şeyi xatırlayın. Hər tərəfin problemi var. Hər tərəfin.

Əgər kimsə sizə qarşı qarayaxma kampaniyası aparırsa, bu, onların birdən-birə bütün problemlərdən azad, mənəvi üstünlük buludunun üstündə yaşayan qüsursuz bir cəmiyyətə çevrildiyi demək deyil. Onların da problemləri var. Mən deyim siyasi problemlər siz deyin iqtisadi, Məmməd kişi desin sosial gərginliklər, siz deyin təhlükəsizlik, Məsmə xala desin korrupsiya, siz deyin təhsil və s.

Bir şeylər mütləq ki, mövcuddur. Siz əsas olanı tapın. Qətiyyən problemlər uydurmağı nəzərdə tutmuram. Əksinə, mövcud olanlara baxın. Çünki sizin ilk instinktiniz özünüzü müdafiə etmək olacaq. Sizin barədə bir şey deyilən kimi dərhal“Xeyr, xeyr, xeyr. Bu doğru deyil. İcazə verin, izah edim.” cümlələrinə başlayırsınız. Etməyin. Ən azı, bütün strategiyanızı bunun üzərində qurmayın. Sizə atılan hər ittihamı tək-tək təkzib etmək üçün bütün kommunikasiya resurslarınızı səfərbər etməyin. Digər tərəfə baxın.

Onların problemləri nədir? Ziddiyyətləri haradadır? Zəif tərəfləri hansılardır? Onların öz auditoriyasının maraq göstərdiyi məsələlər hansılardır? Bunlardan danışın. Uydurma hekayələr yox. Qarayaxma ilə yox. Gecə saat üçdə internetdə tapdığınız hansısa absurd konspirasiya ilə heç yox.

Sadəcə, baş verənləri göstərin. Bəlkə onların sosial problemləri var. Bəlkə cinayətkarlıq səviyyəsi yüksəkdir. Bəlkə korrupsiya problemi var. Bəlkə təhsil sistemi ilə bağlı ciddi problemləri var. Bəlkə idarəetmədə uğursuzluqlar var. Reallıq onsuz da kifayət qədər material verir.

Əsas məsələ mövcud zəiflikləri görünən etməkdir.

Çünki“Bu dedikləriniz yalandır” deməklə “Bu tərəfdə bu problemlər var” demək arasında fundamental fərq var. Birincidə siz hələ də onların qurduğu arqumentin içindəsiniz. İkincidə isə söhbətin mövzusunu dəyişirsiniz. Onları öz problemləri ilə baş-başa buraxırsınız. 

Onların səsinə qarışın

Mesaj yalnız məzmundan ibarət deyil.

Dil, ton, yumor, vizual üslüb, gündəlik danışıq formatı və mədəni aspektlər vacibdir. İnsanlıq tarixində yazılmış ən möhtəşəm mesajı hazırlaya bilərsiniz. Amma o mesaj cümə günü saat 16:30-da hansısa dövlət qurumunun iclasında hazırlanmış rəsmi bəyanat kimi səslənirsə, insanların onunla əlaqə qurmasını gözləmək bir az optimistlikdir.

Başqa bir cəmiyyətlə öz siyasi və media dilinizdə danışanda, yad səslənirsiniz. Rəsmi bəyanatlar, ağır terminlər, açıq-aşkar təbliğat üsulları sizi üzə çıxarır. Yadınızda saxlayın, informasiya müharbəsində qarşı tərəfə uşaqların “sən pissən, mən yaxşıyam” arqumentləri kimi arqument sunmaq məğlubiyyətə bərabərdir. 

Əgər onların problemlərindən danışmaq istəyirsinizsə, onların bu problemlər haqqında necə danışdığını anlayın.

Yumorlarını, mədəni davranışlarını, media mühitlərini, maraqlarını, ağrılı nöqtələrini, məlumatı necə qəbul etdiklərini anlayın. Sonra da buna uyğun kommunikasiya qurun. Üslublarından istifadə edin. Mesajı tanış hiss etdirin.

Onların öz ziddiyyətlərindən istifadə edin

Onların nə dediyinə baxın, sonra nə etdiklərinə. Bu qədər.

Əgər bir şəxs, hökumət və ya siyasi aktor müəyyən bir prinsipi müdafiə etdiyini deyirsə, həmin prinsipin öz siyasətində necə göründüyünə baxın.

Amma söhbət sadəcə “Siz də bunu edirsiniz!” deməkdən getmir. Bu, uşaq söhbətidir. Müqayisə konkret olmalıdır. Hansı prinsipi müdafiə edirlər? Əslində nə ediblər? Ziddiyyət haradadır? Göstərin.

“ONLAR İKİÜZLÜDÜRLƏR!” deyə qışqırmaq məcburiyyətində deyilsiniz. Sübutu qarşılarına qoyun. İcazə verin özləri görsünlər. Ziddiyətin danışmasına şərait yaradın.

Çünki ən çox informasiya istehsal edən tərəf heç də həmişə informasiya mühitinə nəzarət edən tərəf deyil. Daha çox bəyanat avtomatik olaraq daha çox təsir demək deyil. Daha çox təkzib avtomatik olaraq daha çox etibar demək deyil. Rəqibinizə dayanmadan cavab verməyiniz də mütləq qalib gəldiyiniz anlamına gəlmir.

İnformasiya müharibəsində informasiya sadəcə özü həmişə ən güclü silah deyil. Onunla birlikdə əsl güc mühiti anlamaqda, mövcud olanı görməkdə və bu anlayışdan nə qədər effektiv istifadə edə bildiyinizdədir.