Xoşbəxtlik nədir?-sualına hər bir şəxs müxtəlif cür cavab verər. Çünki həyatda ayrı-ayrı insanların baxış bucağı da müxtəlif olur, lakin hər bir insan xoşbəxt olmaq arzusu ilə yaşayır. Xoşbəxtlik məfhumu geniş və əhatəli bir məfhumdur. Onun konkret cavabı yoxdur. Bu anlayış nisbidir. Ayrı-ayrı insanlar xoşbəxtliyi fərqli şeylərdə görür. Birinə çoxlu pul, sərvət, digərinə təmiz, saf ailə sevgisi, bir başqasına ayrı dövlətdə yaşamaq, o birinə savadlı, təhsilli, dünyagörüşlü olub vətəninə, xalqına ürəkdən xidmət etmək və s.- budur, xoşbəxtlik. Xoşbəxtlik və ya xoşbəxt olmaq hər bir insana görə dəyişən bir faktdır. Bəzən bir anlığa insan özünü dünyanın ən xoşbəxti hiss edir. Bu müxtəlif məqamlarda baş verir. Məsələn, biri qəriblikdə yaşayan doğmalarına qovuşarkən, o biri orta məktəbi qurtararkən, birisi ali məktəbə qəbulda, başqa birisi övladı dünyaya gəldikdə. Gördüyümüz xoşbəxtliyin çalar və mənaları sonsuzdur. Bəzən insan evində oturub dincəlir, rahatlıq tapdığı an özünü xoşbəxt hesab edir. Xoşbəxt olmanın açarı bizim öz əlimizdədir. Ağlımızda, düşüncələrimizdədir. Hamımız xoşbəxt olmalıyıq, ən kiçik şeylərdən belə. İnsan o qədər ali, saf duyğularla yaşamalıdır ki, xoşbəxt bir insan gördüyümüzdə belə, xoşbəxt ola bilməliyik. Müdriklər deyir ki, hər bir insanın xoşbəxtliyinin açarı öz əlindədir. Xoşbəxtlik duyğusu insanın gözlərində təzahür oluna bilər. Bəzən insan illər uzunu arzuladığı bir şeyi əldə edir. Bax, o an insan özünü xoşbəxt hiss edər. Xoşbəxtlik nisbi olduğu kimi, keçici də olur. Belə ki, uzun illər özünü xoşbəxt sayan insanın həyatında ağır, hüzünlü hadisələr baş verir. Hər şey kimi hüzünlər də keçicidir. Gərək insan hər bir anında özü ilə rəftar etməyi bacarsın. Əgər insan yaşam eşqini itirmirsə, o, hüzünlərdən sonra da xoşbəxt olma şansını itirməmiş olur. Kədər və hüzünlərin ardından xoşbəxt günlərin bizi gözlədiyinə ümidimizi itirməməliyik. İnsan yaşadığı illər boyu xoşbəxtliyini axtarmali, onu əldə etməlidir. Belə ki, o, həyatının hər dövründə xoşbəxtliyini anlamalı, onu dərk etməlidir. Bəzən yaşlı bir insanla ünsiyyət qurduqda o insanın həyat eşqinin çox güclü olduğunu hiss edirsən. Ondan müsbət enerji alırsan. Duyursanki, həmin insan xoşbəxtdir. Belə insanlardan ibrət alıb, sən öz cavanlığınla fəxr edib, xoşbəxtliyini daha da gözəl yarada bilərsən. Xoşbəxtlik yaşadığımız bütün dövrlərdə mövcuddur. Onu biz əldə edib və ya əldən verə bilərik. Onu əldə saxlamaq üçün bütün qüvvəmizi səfərbər etməliyik. Xoşbəxt olmaq üçün hər şeyimizin tam olması lazım deyil. Xoşbəxtlik, səadət məfhumu eyni məfhumdur. Bir şeirdə deyildiyi kimi: Səadət hər kəsin öz əlindədir, İşində, gücündə, əməlindədir. Məncə, hamı eyni cür xoşbəxt ola bilməz. Hər kəsin öz açarı var və açmağın sirrini ancaq özü bilir. Hamıya o qapını açmaq qismət olsun.