Elə bütün zamanlarda düşünməyi öyrənənlər əvvəl həyatın dəyərini düşünməyə başlayıb. Hərə ağlına gələni deyir, yazır. Hərə bir dəyər verir. Nəticədə nə olur? Həyatın dəyəri öyrənilirmi? Yox. (Dəyər nədir?)
Elə məsələ budur, - dəyər belə formalaşır. Özlüyündə nə həyatın dəyəri var, nə də insanın. Bu nəticəyə gətirən, özümə belə suallarım var:
Niyə doğuluruq, niyə yol gedib, niyə ölürük? Niyə əzab çəkirik, qaçırıq-qovuruq? Bu, həyatda nəyi həll edir? Bizim varlığımız nəyi dəyişir? Biz var olmasaq həyat necə dəyişəcək? Bəlkə,
“Nə eşq olaydı, nə aşiq
Nə dərd olaydı, nə dərman.”(?)
Ümumiyyətlə, biz var olmayaydıq, onda həyat da olmazdı.
Hüdudlarını bilmədiyimiz kainat niyə var? Biz o hüdudsuzluqda nəyi həll edə bilərik? Ümumiyyətlə o hüdudsuzluq daxilində insan nə boydadır ki?!
“O, ümumiyyətlə yoxdur” demək olardı, əgər iri plandan, “hər şeyin yaradıcısı tanrı”nın gözü ilə baxmaq imkanımız olsaydı.
Elə isə biz niyə yaşayırıq? Onda biz yaşamayaq? Dəyər deyilən bir şey var axı.
Bəs onda dəyər nədir?
Dəyər həm də mənadır. Bir şeyə (kəsə) nə məna veririksə, onun dəyəri odur. Bir şeyin(kəsin) dəyəri, bizim üçün nə ifadə etdiyi ilə və bizə necə təsir etdiyi ilə bağlıdır.
İnsan dəyərsiz olaraq, dəyərsiz bir həyata doğulur. Hətta, öz istəyi olmadan, həyata atılır.
Həyatda ümumi bir dəyər yoxdur! Dəyər yaradan bir tanrı da yoxdur -suallarımızla təstiqləmişik. Dəyərsiz bir kainatda dəyər yaradıcısı insanın təfəkkürüdür. Dəyərsiz olaraq, dəyərsiz bir həyata atılırıq, çünki, təfəkkürsüz doğuluruq. Yaşamaq məcburiyyətində olduğumuz həyat, yaşadıqca bizdə təfəkkür formalaşdırır. Təfəkkürümüz həm də bir mənada ruhumuzdur. Bununla yanaşı daxilində olduğumuz həyata və hər şeyə dəyər verməyə başlayırıq. Həyatda özümüzə nə dəyərlər yaradırıqsa, həyatımızın dəyəri onlardır. Mənasız həyatımızı mənalandırmağa, varlığımıza səbələr axtarmağa (ya da yaratmağa) çalışırıq.
Ya da digər insanlar bizə öz dəyərlərini yükləyir.
Beləcə biz insan oluruq. -Bu boşluqda, bu xaosda dəyərlərlə yüklənmiş, onları bir-birindən seçməyə çalışan, onlara uymağa vadar olan yorğun bir varlıq.
Niyə yorğunuq və daha çox yorğunuq?
Mənim təfəkkürümün qəbul etmədiyi, başqasının təfəkkürünün yaratdığı dəyərləri mənə yükləyib, “buna uy!” deyirlər. Nəticədə məni, mənim yaratdığım anlamın kənarına atırlar, -həyata atdıqları kimi. Ya da mən ümumiyyətlə, öz dəyərlərimi yarada bilmirəm. Nəticədə həyatımın mənası azalır. Nəticədə mən dəyərsizlik içində qaçıb-qovan, çabalayan bir bədənəm. Ruhum yorğundur.
Bəs nə vaxt yaxşıyıq? Nə vaxt sevincliyik? Nə vaxt həyatımız dəyərlidir? Var olmağımızdan nə vaxt məmnun oluruq?
Öz yolumuzu və öz dəyərlərimizi yaratmağı bacaranda. Başqalarının dəyərləri ilə az, öz dəyərlərimizlə çox yüklənməyi bacaranda. Sarsılmazca bu yolda qalanda.
Bir peşə seçirsən, onunla yaşayırsan. Bunu özün seçibsən. Bu sənin həyatına dəyər qatır; Bir şey yaradırsan, yaratmaq həyatına dəyər qatır; Yaxşılıq edirsən, dəyərli hiss edirsən; Əkib-becərirsən, bu sənin üçün ən dəyərli şeydir; Övlad yaradırsan, bütün dəyərləri onda görürsən; Heç nə etmədən sadəcə oturub bir ağacı seyr edirsən, gülü qoxlayırsan, səmaya baxırsan, mahnı oxuyursan, rəqs edirsən, səyyahət edirsən, gəzirsən, dağa dırmanırsan, döyüşürsən, öyrədirsən, öyrənirsən, sadəcə düşünürsən, sadəcə sevirsən...
“Bura susuz səhralıqdı,
Burda ilan mələşir.
Sən də gül becərirsən
Bir qadın ovucunda.”
Bunlar sənin həyatının mənası ola bilir. Hər hansı bir şey, amma bu dəyəri sən özün yaradıbsan. Bu sənin ruhunun tələbidir.
Ya da, bəzən, bəzi insanlar görürsən, dəyərləri səninkilər kimidir, ruhu sənin ruhuna bənzəyir. Onda ruhuna bir dinclik gəlir. Bəlkə də yalnız bu insan üçün yaşamağa dəyər. Yaşadığın dəyərsizlik içində bu insan da var olduğu üçün həyatın dəyərlidir. Deməli mən tək tənha deyiləm, başqa tənhalar da var.
Həyatın dəyərini axtarmaq da bir dəyərdir. Nəticə heç nəyi dəyişmir. Bunu axtarmaq, axtaranın dəyəridir. Heç kim dünyanı dəyişə bilməz. Heç kim insanlığı dəyişə bilməz. Müharibələr, dinlər, elm, fəlsəfə, texnologiya, ümumiyyətlə, insanın böyük təqdim etdiyi hər şey, bütün cəhdlər insanın öz dəyərini yaratmaq cəhdidir. Heç nə inkişafda deyil, heç nə geriyə deyil.