İnsan həyatının böyük hissəsini düşünmədən yaşayır. Gündəlik qayğılar, iş, planlar, münasibətlər - bütün bunlar həyatın əsl suallarını örtən bir səs-küy yaradır. Bu səs-küy içində insan özünü çox vaxt təhlükəsiz hiss edir. Çünki düşünməmək rahatdır. Günlərin birində isə nəsə bir şey baş verir. Bəzən uğursuzluq, bəzən ayrılıq, bəzən də səbəbsiz bir boşluq hissi. O gün insan birdən dayanır. Həmin anda ilk dəfə bu sualı eşidir: "Mən əslində nə edirəm?" Bu an artıq ekzistensial skrininqin başladığı andır.
Bu mövzunun kökləri Ekzistensializm fəlsəfəsinə gedib çıxır. XX əsrdə bu düşüncə insanın taleyinə yeni bir baxış gətirdi. Əgər klassik fəlsəfə insanın mahiyyətini əvvəlcədən müəyyən edilmiş bir şey kimi qəbul edirdisə, ekzistensialistlər başqa bir fikir irəli sürdülər: İnsan əvvəl mövcud olur, sonra özünü yaradır. Yəni bu prinsip mövcudluğun mahiyyətdən əvvəl gəldiyini izah etməyə çalışır. Məsələn, bir qələm hazırlanmamışdan əvvəl artıq onun funksiyası və mahiyyəti müəyyən olunub ki, yazı yazmaq üçün istifadə ediləcək. Qələm deyə bilməyəcək ki, mən niyə yazıram, bəlkə bir musiqi aləti olmalıydım? Qələm artıq yarandığı andan öz mahiyyətinə məhkumdur. Lakin insan yeganə varlıqdır ki, doğulduğu anda onun mahiyyəti hələ müəyyən olunmamış olur. İnsanın kim olacağını müəyyən edən hazır bir plan yoxdur. İnsan seçimləri ilə özünü qurur. Yəni gələcəyimiz hələ yazılmayıb, özümüzü biz yaradırıq. Bu ideyanın ən məşhur müdafiəçilərindən biri Jean-Paul Sartre idi. Onun fikrincə, insan azaddır, amma bu azadlıq ağır bir yükdür. Çünki seçim etmək məcburiyyəti bizi daim məsuliyyət qarşısında qoyur. Əgər həyatımızı müəyyən edən hazır bir taleyimiz yoxdursa, deməli etdiyimiz hər seçimin yükü də bizim üzərimizdədir. İnsan çox vaxt bundan qaçmaq istəyir. O, qərarlarının məsuliyyətini cəmiyyətə, ailəyə, taleyə və ya şansa yükləməyi daha rahat hesab edir. Ekzistensial skrininq isə bu rahatlığı dağıdır.
Başqa bir istiqamətdə isə Albert Camus dayanırdı. O, insan həyatının ən narahatedici tərəfini göstərirdi: İnsan kainatdan məna istəyir, amma kainat susur. Bu səssizlik onun "absurd" adlandırdığı vəziyyəti yaradır. İnsan sual verir, amma dünya cavab vermir. Bu vəziyyətdə insanın qarşısında iki seçim qalır: Ya bu mənasızlığı qəbul edib yaşamaq, ya da ondan qaçmaq. Viktor Frankl isə bu məsələdə praktik yanaşma irəli sürdü. Onun fikrincə, insanın əsas problemi əzab deyil, əsas problem mənasızlıqdır. İnsan həyatında bir məna və ya səbəb tapdığı anda ən ağır şəraitdə belə yaşamağa davam edə bilir. Ekzistensial skrininq də bunu yoxlayır: İnsanın həyatında belə bir səbəb varmı? Bu proses insanın qarşısına üç əsas sual qoyur:
Birincisi - mənalı həyat. İnsan yaşadığı həyatın arxasında bir məna və ya səbəb görürmü?
İkincisi - azadlıq və məsuliyyət. İnsan seçimlərinin sahibi olduğunu qəbul edirmi, yoxsa taleyini və ya başqalarını günahlandıraraq özünü rahatlaşdırır?
Üçüncüsü - tənhalıq və ölüm. İnsan həyatın sonlu olduğunu dərk edəndə bu onu iflic edir, yoxsa daha şüurlu yaşamağa məcbur edir?
Bu sualların heç birinin rahat cavabı yoxdur. Bəlkə də, buna görə insan bu suallardan qaçmağa çalışır. O, gündəlik həyatın səs-küyünə sığınır. Çünki düşünmək bəzən yaşamaqdan daha ağırdır. Bu suallardan tam qaçmaq da mümkün deyil. Bəzən gecənin sakitliyində, bəzən uğursuz bir günün sonunda, bəzən isə böyük bir uğurun ortasında həmin sual yenə qayıdır: “Bəs bütün bunların mənası nədir?”
Əslində ekzistensial skrininqin məqsədi də budur. O, insanı narahat etmək üçün yox, oyatmaq üçün mövcuddur. O bizə hazır cavab vermir. O, sadəcə bizi öz həyatımıza başqa gözlə baxmağa məcbur edir. Çünki həyatın ən təhlükəli vəziyyəti səhv yaşamaq deyil. Ən təhlükəli olan heç düşünmədən yaşamaqdır. İnsan bu sualları özünə verməyə başladığı anda artıq fərqinə varmadan bir həqiqəti anlayır: Həyatın mənası kənardan verilmir. İnsan onu öz seçimləri ilə yaradır. Biz həyatın mənasını tapmaq üçün yox, onu yaratmaq üçün yaşayırıq. Buna görə də ekzistensial düşüncə insanı narahat etməklə yanaşı, həm də onu oyadan bir fəlsəfədir. Bu elə bir fəlsəfədir ki, qarşımızda bir güzgü tutur və soruşur: "Yaşadığın həyat həqiqətən sənindir?" Bu sualın cavabı hazır deyil. Bəlkə də, bütün həyatımız həmin cavabı axtarmaqdan ibarətdir.
