Gözəl Danışmaq üçün nə edim?
Həyatımın son 10 ili məhz bu sualı cavablandırmaqla keçib. Fikrini, ideyasını gözəl şəkildə ifadə etmək istəyənlər hər zaman bu sualı düşünür. Sonra da bir sual digərləri üçün yol açmış olur:
- Hardan başlayım?
- Hərkəsi xoşbəxt edəcək nitq, çıxış ola bilərmi?
- Həyəcan, qorxu və şübhələrimlə nə edim?
- Başqaları hansı çıxış yollarını tapıb?
- Sonda nə etmək lazımdır?
- Bədən dilimin vəziyyəti hansı yerdədir?
Bir də insan ayılır ki, suallar bitmək bilmir. İlk çıxışınızı xatırlayın. 20-30-100-500 nəfərin qarşısında ilk dəfə dayanıb çıxış etmək necə də maraqlı təcrübədir. Sənə hər şeyi unutdurur. İlk dəfə anlayırsan ki, sənə baxan yüzlərlə cüt gözə və dinləyən qulaqlara xitab etməlisən.
Gözəl danışmaq cəhdi ilk xörəyi bişirmək cəhdi kimi yaxşı niyyət və bol təcrübə tələb edir. İlk dəfəni adətən pis günə qoyuruq. Naşılıq deyək. Sonra dəfələrin sayı artır və təcrübə yaranır.
10+ illik müşahidələrimin nəticəsini sizinlə paylaşıram. İnanıram ki, bu qaydalar sizə gözəl danışmaq üçün lazım olan alətləri tapmağa kömək edəcək. Bu arada qaydalar haqqında detallı şəkildə “Danış Görək” adlı kitabımda qeydlərim var:
- Zalda oturan müxtəlif psixotiplər və temperamentlər sizdən fərqli performansı tələb edir. Bu tipləri nə qədər dərindən bilsəniz bir o qədər universal çıxış alınmış olar. DİSC profil, MBTİ, Enneaqram, Belbin rolları kimi alətləri tapıb onları analiz edin. Özünüzü bir psixotip kimi tam şəkildə tanıyan biri zalda oturan digərlərini daha yaxşı anlayıb onlara daha dərindən xitab edir.
- Zalı daim monitorinq etmək lazımdır. Başınız mayak kimi işləməli və vəziyyəti, iştirakçıların nəbzini yoxlamalıdır. Müsbət və mənfi enerji ötürən kəslər müəyyən edilir və əlinizdə vizual xəritə yaranır. Xəritəyə əsasən manevr edirsiniz. Bu bacarıq illərlə işdən sonra yaransa belə onun fərqinə varmaq yolun yarısı deməkdir. Göz təması haqqında boşuna danışmırlar. Zalı mayak kimi izləyən görür ki, kimin baş nahiyəsi hansı vəziyyətdədir. Baş nahiyəsi əyilmiş vəziyyətdə olanların sayı çoxdursa vəziyyət əladır. Demək ki, sizə diqqətlə və hətta böyük maraqla qulaq asırlar. Əgər stabil vəziyyətdə oturulubsa o zaman özünüz başınızı göyərçin kimi işə salın. Təmaslar və toxunuşlar edin. Enerji yaranması mütləqdir.
- Səs və ton təcrübənin nəticəsində əmələ gəlir. İnsan mövzuya və auditoriyaya hakim olmağı öyrəndikcə daha da əmin şəkildə çıxış edir.
- İdeal nitqin 4 əzələsi var. 1-ci əzələ vaxtın idarə edilməsidir. 2-ci əzələ məzmunun idarə edilməsidir. 3-cü əzələ enerjinin idarə edilməsidir. Və nəhayət sonda vizualların idarə edilməsi əzələsi qalır. Bu iş idman zalında işləmək kimidir. Əzələlərin 4-də formada olmasa yandınız. Onlar haqqında daha detallı şəkildə bu linkdə danışmışam.
Yhttps://www.youtube.com/watch?v=dMzZ0S7p-jY
- İdeal nitq təyin olunmuş və nail olunmuş məqsəd deməkdir. Siz bu çıxışdan hansı nəticəni əldə etmək istəyirsiniz? Bu suala cavab tapmaqdan digər suallara keçid etmək mənasızdır.
- Kimi oxuyaq, kimi dinləyək? TED platformasının zayı çıxsa belə hələ də güclü nümunələrlə doludur. Lokal çıxışım var. Nümunə kimi izləyə bilərsiniz:
https://www.youtube.com/watch?v=btah-PBwvrI
Kitablar – Nancy Duarte və Garr Reynolds kimi şəxslər mənə çox kömək edib. Kris Andersonun TED çıxışı kitabı vacibdir. Orada standartlar qeyd olunub. Sizə köməkləri dəyəcək. Yerli müəlliflərdən Rəşad Bayramov var. Onun Sözünə Güvən kitabını çox insan oxuyur. Diksiya üçün Cəlalə xanım var. Danışığınla Qazan kitabı sizə kömək edə bilər. Eriksonun “Surrounded by İdiots” əsəri sizə 4 psixoloji rənglə bağlı kömək edəcək.
- 2+2+2 prinsipi hər zaman işləyir. Əgər vacib çıxış varsa sizə araşdırma etmək üçün 2 gün lazımdır. Axtarın və tapın. Bacardıqca çox məlumat toplayın. Sonra növbəti 2 gün ərzində bu məlumatları azaldın və tərtib etməyə başlayıb. Slaydlar və çıxışın yekun qeydləri əlinizdə olsun. Sonuncu 2 gün isə səhnə məşqidir. Eyvan, avtovağzal və ya istənilən hündür bir məkan sizin üçün ideal məşq yeridir. İzdihama baxıb ucadan danışın və səsi qeyd edin. Bu vərdişlər sizə gözəl danışmaq üçün əvəzsiz köməyi edir.
- Gözəl danışan insanın aktiv edilmiş xarizma kanalı var. Xarizma şəxsiyyətdən gələn maqnit təsiridir. Bizi insana yapışdırır. Şəxsiyyətimizi 3 yolla ötürürük. Səsimiz, görüntümüz və dərin biliklərimiz. Adətən bu 3-dən biri güclüdür və onun tam üstünə getsəniz sizin xarizma aktiv edilir. Bu isə təsirli çıxış deməkdir. Səs üçün nəfəs və səs məşqləri çoxdur. (Youtube) Görünüş üçün səliqəli olmaq və düzgün şəkildə geyinmək lazımdır. Rəng seçimi vacibdir. Mavi rəng etibar rəngidir. Çəhrayı aqressiyanı azaldır. Qırmızı aktivliyi artırır. Biliklər üçün isə kitabxanalar və sonsuz sayda yuxusuz gecələr lazım gələcək. Ya da tələsmədən gündə 10-20 səhifə deyib yorulmadan oxuyub araşdıracaqsınız.
Sonda onu deyə bilərəm ki, bir insan nəyə inanırsa inandığı məqam onun taleyinə çevrilir. Adətən çıxışın pis olacağına inananlar onu pis günə qoymağın yolunu tapır. Unutmayaq heç bir natiq mövzusundan daha vacib olmayacaq. Zala X məsələni eşitmək və ya kəşf etmək lazımdır. Cazibə qanununu və ya lampanı başqaları da tapa bilərdi.
Gözəl danışmaq üçün uzun bir yol getməyə hazır olanlara indidən yaxşı xəbərim var. Bu yolda maraqlı anlar yaşayıb yaxşı ki, yola çıxdım deyəcəksiniz.
Uğurlar!