
Salam necəsən? Yaxşı. Şükür sən necəsən? Məndə, şükür. Yaxşı olasan. Yəqinki bu dialoq bir çoxumuza tanışdır. Şablonları sevməyən çox insan bundan istifadə edir. Bir-birimizi tanıya bilərikmi? Ya da bir-birimizi tanımağa hardan başlayaq? Hər kəs bu suala özünə maraqlı tərəfdən baxacaq. Gəlin sizə öz yanaşmamdan danışım. Mən dərinliyinin açarını heç kəsə verməyən bir xəzinəyəm. Əgər səni özümə yaxın hesab edirəmsə, uzaq da edə bilərəm. Mənim məsafəmi sənə açdığım tərəflərimə yanaşman təyin edir. Əgər mənə beyinlə yanaşsan mən ürəyimi bağlayacağam. Yox əgər ürəklə yanaşsan, mən iki addım daha çox atacağam. Təbiiki, hər zaman üçün bu iki şərtə əməl edə bilmirəm. Çünki gedişata görə kimin səsi daha güclü olsa onu eşidirəm. Ailədə də bu belədir. Kim daha çox səsinin gücünü göstərirsə, onu eşidirəm. Çünki səslərə qarşı xüsusi həssaslığım var. Ta uşaqlıqdan bu günə qədər gələn bir ənənədir. Fəqət həmin səslərə özümü bağladığım günlərdə olur. Bunu mənə xatırladan kimsələrə qarşı iki cür reaksiya verirəm: Tabe oluram, ya da ordan uzaqlaşıram. Çünki, öyrəşdiyim münasibətdə ya qalmalıyam , ya da tərk etməliyəm. Deyəsən son zamanlar getməyə daha çox üstünlük verirəm. Çünki qal, sənə qurban deməyi unudanlarla əhatələnmişəm. Oysa, uşaqlıqdan bəri, hər nazımla oynayan bir yaxına sahib idim. Bu gün o yoxdur, ondan mənə qalanlarla yola davam edirəm. Nə onun haqqında, nə də öz həssaslığım haqqında çox danışmamışam. Çünki, buna uyğun nə şərait nə də sual yaranmayıb Niyəmi ? Çünki, çoxları üçün önəmli olan mövzular sadəcə haralı olmağım, kimin qızı olmağım, haranı bitirməyim və nələr qazandığımdır. Bir-birimizi tanımaq üçün bunlar kifayətdirmi? Özüm haqqında çox danışmağı sevmirəm, çünki bunu reklam hesab edirəm. Əslində isə yaşanmışlıqların reklamdan daha təsiredici olduğunu bilirəm. Dərinliklərimizdə çoxlu izlər var. Həmin izlər qarda yaranan ayaq izlərimiz qədər çoxdur. Mənim üz qabığıma baxıb qiymət verə bilərsən. Ama məni tanımırsan. Və bunun üçün sənə 1 -2 ay, gün , il bəs etməyəcək.Bir-birimizi tanımaq üçün nədən başlaya bilərik?
-Həssas nöqtələrimizdən
-Sevdiyimiz məşğuliyyətlərdən
- Dəyərlərimizdən
- Xəyallarımızdan
-Qorxularımızdan
- Uğursuzluqlarımızdan
- Məlhəmə ehtiyacı olan yaralarımızdan
- Danışmadığımız hekayələrimizdən
Və bunun kimi onlarla mövzulardan.
Səthi insan olmaq hər zaman səni məmnun etməyəcəkdir. Qızıl küpləri torpağın ən dərin qatlarına basdırılır. Səncə bunlar təsadüfdür? Həyatda özümüzlə bərabər bir-birimizi də axtarırıq. Kəşf etmək təkcə səyyahların yox, həm də dərin insanların işidir. İtirdiyin xəzinənin səndən xəbəri var. Sənin də ondan xəbərin olsun. Cəsarətini göstər və kəşfiyyata çıx. Unutma: İçindəki xaosu , çölündəki hüzurla sakitləşdirə bilməzsən. Yaradılış rüşeymdən, kəşf isə ruhundan gəlir✅️