Kitab

Sabahattin Ali - Kürk mantolu Madonna


27 baxış
07.07.2026
2 dəq oxuma

Kürk Mantolu Madonna

Raif Əfəndi xarakteri də bizim yaddaşımıza həkk olunan qəhrəmanlardandır. Ancaq buradakı baş rol güclü, üsyankar , istədiyini əldə etməyə çalışan biri deyil. Ədəbiyyatda görməyə alışmadığımız baş rollardandı.

Raif Əfəndi əsasən depressiv, həyatıyla barışmış, həyatına müdaxilə etməyən, daima üzgün olan biridir. Biz ona baxanda görürük ki, o mövcuddur : işləyir , yeyir, içir ancaq yaşamır. Ən maraqlısı da budur ki, özü bunun fərqindədir ancaq bunu dəyişdirmək istəmir, istəmədiyini isə heç nə etməməyindən bilirik.

Raif Əfəndinin hekayəsi əslində sadədir və biz bu hekayəyə baxanda görürük ki, əslində bu adamın xoşxbəxt olduğu vaxtlarda olub. Düzdü bu zamanlarda da Raif Əfəndinin incə ruhlu, tez inciyən, küsən , daha çox beynində quran, reallıqla əlaqəsi zəif biri olduğunu görürük, ancaq yenə də indi ki, halından çox fərqlidir. Oxumaq üçün Almaniyaya gedir, burada bir qıza aşiq olur, ona içində bir ad qoyur. Sonralar Maria Puderlə münasibətləri irəliləyir. Maria Puder isə Raifin  və dövrünün əksinə öz ayaqları üzərində dayanmağı bacarmış bir qadındır, yəni Raifin əksinə “güclü “ biridir.

Sonra Raif atasının ölüm xəbərini alır və vətənə qayıdır. Ayrı ölkələrdə olsalar belə məktublaşmalar davam edir. Bir müddətdən sonra isə Maria məktublara cavab vermir, məlum olur ki, Maria heç məktubları poçt idarəsindən də götürməyib. Raif Əfəndi bu hadisədən sonra çox qırılır. Marianın onu tərk etdiyini düşünür. Daha sonra Almaniyaya qayıtmır əvəzində vətəndə qalıb işləyir, sonra isə evlənir. Beləcə illər keçir, Raif Əfəndi günlərin bir günü arxasınca getmədiyi gerçəyi öyrənir. Maria onun uşağını dünyaya gətirən zaman ölüb, buna görə məktublar cavabsız qalıb.

Raif Əfəndi inadkar olmamasının cəzasını çəkdi, Raif Əfəndi özgüvənsizliyinin bəlasına düşdü. Bəlkə də Mariadan məktub gəlməyən zamanlarda bu işin arxasınca getsəydi indi biz başqa adamın hekayəsindən danışacaqdıq. Həyat bəzən belədir bir dəfə nəyəsə gec qalanda bir ömür onun əzabını çəkirsən. Ruhani tərzdə desək, sənə verilən şansı görməmək, arxasınca getməmək, bütün həyatının şanssızlıq içərisində keçməyinə səbəb ola bilər.

Raif Əfəndi ən böyük pisliyi özünə etdi. Savadlı, potensiallı biri olduğu aşikar idi, o isə adi bir yerdə heç kim tərəfindən hörmət görməyən masa arxası bir işdə işləməyi seçdi. “El yığışsa belə adamın özünə elədiyini eləyə bilməz” fikrinin real olmağını biz Raif Əfəndinin timsalında görürük.