Günəşin çimdiyi hovuz

Hələ maşından düşməmiş mübahisə etməyə başladılar.


26 baxış
01.10.2026
10 dəq oxuma

Hələ maşından düşməmiş mübahisə etməyə başladılar. Mübahisə demək bəlkə də düz olmazdı, çünki o danışmırdı, yalnız “baxarıq”, “görək necə olur” kimi cümlələr deyirdi.

- Mən elə bahalı bir brilyant istəmirəm ki. - Qız ona tərəf döndü. - Adi bir üzük.

O, başını tərpətdi.

- Mən heç nə demirəm.

- Elə problem də budur. Heç nə demirsən.

Maşını Moskva univermağının arxasındakı ara küçələrin birində saxladı. Yer tapana qədər iki dəfə dövrə vurmalı oldular. Univermağın yanına çatanda o, birdən hiss elədi ki, bayaqkı söhbətin davamını gətirmək istəyi tamam itib. Uzun illər idi bu tərəfə gəlmirdi. Hətta neçə il olduğunu hesablamaq istəyəndə bacarmadı. Əvvəl elə bildi ki, buralardan köçəndən sonra bir də ayağı dəyməyib. Sonra yadına düşdü ki, yox, bir dəfə kostyum tikdirmək üçün parça almağa gəlmişdi. Amma az sonra xatırladı ki, parçanı buradan yox, Mərkəzi Univermaqdan almışdı. Elə bu vaxt fikrini bir səs böldü.

- Yeni ətirlərimiz var, buyurun, keçin, baxın.

Qız uzadılan kağızlardan birini götürüb burnuna yaxınlaşdırdı. O isə başını yellədi.

- Sən niyə götürmədin?

- Mənim ətrim var.

Qız güldü.

- Mən ətri yox, kağızı deyirdim. Özü də bəyəm ətir olanda təzəsini almırlar ki?

O elə “əgər varsa niyə alsınlar ki?” demək istəyirdi ki, qız artıq üzükdən danışırdı.

- Bizim şöbədə bir qız var. Keçən ay nişanlandı. Üzüyünü buradan almışdı. Elə zərif idi ki…

Univermağın pilləkənlərini hər iki tərəfdən sıxışdıran qızıl mağazalarını görəndə uşaq vaxtı haradansa oxuduğu bir əhvalat yadına düşdü. Məbəddən alverçiləri qovan adam. Burada işə pilləkəndən başlamalı olardı. Qız artıq bir neçə pillə yuxarı qalxmışdı. Dönüb onu gözləyirdi.

İçəri girən kimi qeyri-ixtiyari başını qaldırdı. Tavan əvvəlki kimi hündür idi. Aşağıda vitrinlər, adamlar, qızıllar bir-birinə sıxışmışdı. Yuxarıda isə hələ yer vardı. Qız elə bil əvvəlcədən qərarını vermişdi. Birinci vitrinin qarşısında dayanmadı, ikinciyə də baxmadı, düz mağazanın lap axırına keçdi və satıcı qadına gülümsəyib salam verdi.

- O nazik modelləri göstərərdiniz.

Satıcı vitrindən bir neçə qab çıxardı. Qız yanağına düşən şabalıdı tellərini qulağının arxasına keçirib üzüklərə tərəf əyildi. Barmaqlarının ucuyla onları bir-bir çevirir, aralarındakı fərqi axtarırdı.

- Sənə görə hamısı eynidir, elə deyil?

Qız bunu elə dedi ki, sanki bu, çoxdan qəbul olunmuş bir həqiqət idi. Satıcı qadın da gülümsəyərək təsdiqlədi.

- Kişilərin çoxu elədir.

Qız satıcının uzatdığı üzüyü barmağına keçirib əlini işığa tutdu. Satıcı üzüyü tərifləyərək dedi ki, bu model son aylarda ən çox satılanlardan biridir. Qız əlini bir az da yuxarı qaldırdı. Barmaqları işığın altında incə görünürdü.

- Bu necədir? - qız soruşdu.

O baxmadan “pis deyil” dedi.

- Baxmadın axı.

Bu dəfə baxdı.

- Gözəldir.

- Yoxsa o biri? O daha zərifdir, elə deyil?

- O da.

- Sən məni ümumiyyətlə dinləmirsən.

Dinləyirdi. Hətta bəlkə həddindən artıq dinləyirdi. Satıcının “on dörd əyarlı”, “on səkkiz əyarlı”, “italyan işi”, “türk işi” sözləri bir-birinə qarışıb qulağına dolurdu və nədənsə onu əsəbiləşdirirdi.

- Səncə bu qalın deyil?

Qız üzüyü göstərdi. O cavab vermədi.

- Eşidirsən məni?

- Hə.

- Deyirəm, qalın deyil?

İndi baxdı. Üzük həqiqətən qalın idi. Yoxsa nazik? Birdən beyninə qəribə bir fikir gəldi ki, indiyə qədər ömründə heç vaxt hansısa üzüyə baxmayıb.

- Bilmirəm.

Qız üzüyü çıxarıb satıcının qabağına qoydu.

- O birisini taxım.

Satıcı vitrinin aşağı gözünü açıb başqa bir qab çıxardı. Yan vitrində boyunbağılar düzülmüşdü. Bir az aralıda iki qadın sırğalara baxırdı. Satıcı nəsə izah edir, onlar başlarını tərpədirdilər. Əlini cibinə salıb açarı fırlatmağa başladı.

- Mən bir siqaret çəkib gəlirəm.

Qız təəccüblə üzünə baxdı.

- Tərgitmişdin axı.

Doğrudan da tərgitmişdi.

- Elə-belə… çıxım.

Qapını açıb çölə çıxdı. İçəridə nəfəs ala bilmədiyini indi hiss elədi. Bir neçə pillə düşdükdən sonra dayandı. Başını qaldırdı.

…

Yeni açılmış Əcəmi metrostansiyasının yaxınlığındakı beşmərtəbəli xruşşovkadan N. saylı bağçaya gedən yolun ən gözəl yeri Moskva univermağının qabağı idi. Ən pis yeri də. Ən gözəl idi, çünki orada, hovuz var idi. Ən pis idi, çünki anası onu hovuza qoymurdu. Evdən bağçaya qədər yol elə də uzun deyildi, anasının dediyinə görə tələssələr hətta on beş dəqiqəyə çatmaq olardı. Amma səni oyun oynamaq istədiyin halda zorla yatızdırmağa çalışdıqları və yeməyə qarışqalı sup verilən bir yerə niyə tələsəsən ki? Doğrudur, anası ona izah eləmişdi ki, supun içində üzənlər qarışqa yox, göyərtidir. Amma bu məlumat supun dadına təsir eləməmişdi. Necə bərbad idisə elə də qalmışdı. Anasının səhərlər tezbazar hazırladığı manna sıyığı isə tamam başqa məsələ idi. Necə deyərlər qiyamət. Elə bu səhər də yediyi iki kasa sıyığın da verdiyi bitmək bilməyən enerji ilə bir yerdə dayanmır, gah anasının əlini buraxıb qabağa qaçır, sonra dayanıb geriyə boylanır, gah səkinin kənarlarına dırmaşıb sanki aşağıdakı lavaya düşməmək üçün addımlarını xüsusi ehtiyatla ataraq yeriyirdi.

Maşın yolunu keçən kimi yenə anasının əlini buraxıb univermağın geniş pilləkənlərinə tərəf götürüldü. Anası da addımlarını sürətləndirməli oldu.

- Yavaş. Yıxılarsan.

Bu xəbərdarlığa fikir vermədən ayaqları bir-birinə dolaşa-dolaşa qaçırdı. Pilləkənləri çıxmağa başlayanda anası özünü çatdırıb əlindən tutdu. Bir az yuxarı qalxdıqdan sonra sol tərəfdəki hovuza doğru qaçıb kənarına dırmaşmaq istədi. Hovuz səhər günəşində parıldayır, adama lap gəl-gəl deyirdi.

Anası gülümsədi.

- Olmaz.

- Bircə dəfə.

- Yox.

- Bir damcı.

- Hovuza girmək olmaz, paltarların islanar.

Düzü evdən çıxanda anasının zorla geyindirdiyi bu paltarların islanması ehtimalı onu zərrə qədər də narahat eləmədi və hovuzun kənarına dırmaşmağa davam etdi. Xəbərdarlığın işə yaramadığını görən anası zümzümə eləməyə başladı.

Qışda şaxtada, buzda,
Günəş çimir hovuzda.

Tanış ritmi eşidən kimi əllərini hovuzdan çəkərək qıvırcıq saçlarına apardı ki, günəşin hovuzda necə çimdiyini anasına əyani şəkildə göstərsin. Anası gülümsəyərək oxumağa davam elədi.

Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.

Ay ana, böyüyəndə,
Günəş olaram mən də.

Mahnı bir neçə dəqiqəlik başını qatsa da, yenidən əllərini hovuza uzatdı. Xoşluqla hovuzdan aralanmayacağını görən anası əlindən tutub özünə tərəf dartdı.

- İndi bağçaya gedək. Sonra çimərsən. Hovuz burada. Sən burada. Qaçmır ki?

Dönüb hovuza baxdı. Doğrudan da, qaçana oxşamırdı. Yerində möhkəm dayanmışdı. Mızıldanmağını kəsdi və yola davam etdilər.

Yolun hovuzdan sonrakı hissəsi o qədər də maraqlı deyildi, bağçanın yaxınlığındakı məhlələrin birində ağacların arasındakı daş ata çatana kimi. Daş at hovuz qədər gözəl olmasa da ən azı iki üstünlüyü vardı. Əvvəla anası ata minməyə icazə verirdi, ikincisi at hovuzdan fərqli olaraq qaçırdı. Doğrudur, kənardan müşahidə edəndə elə görünürdü ki, at elə bayaqkı yerindədir və bir addım da tərpənməyib, amma onun altında çoxdan çapırdı. Yumruq kimi sıxaraq çənəsinə yaxınlaşdırdığı əli ilə görünməyən yüyəni tutduğu aydın idi, bir az da yuxarı qaldırıb sağa sola yellədiyi sağ əlindəki də qılınc olmalı idi. İndi bağçanın yanında deyildi. Uzaqlarda idi. Böyük qalalar görürdü. Qarşısına çıxan əjdahaları bir-bir məğlub edirdi. Anası da kənardan dayanıb ona, arada bir də qol saatına baxırdı.

- Cəngavər.

O çevrildi.

- Düşmək vaxtıdır.

O, başını buladı.

- Hələ yox.

- Gecikirik.

- Bir az da.

Özü aşağı düşənə kimi anası gözlədi və iki binanın arası ilə bir az da gedib nəhayət bağçaya çatdılar. İçəridən uşaqların səsi gəlirdi. Anası əyilib onu qucaqladı və köynəyinin yaxasını düzəltdi.

- Axşam gəlib aparacağam.

O başını tərpətdi.

- Hovuza gedəcəyik?

Anası gülümsədi.

- Baxarıq.

Bu cavab onun xoşuna gəlmədi. O, anasının əlindən ikiəlli yapışıb buraxmırdı.

- Mən böyüyəndə günəş olacağam.

Anası gülüb yanağından öpdü.

- Bilirəm.

Anası çətinliklə də olsa asta-asta onun barmaqlarını əlindən çıxardı və getdi. Anasını gözdən qaçırmamaq üçün başını qaldırdı.

…

Arxadan qızın səsi gəldi.

- Haradasan? Bayaqdan səni axtarıram.

O çevrildi. Qız gülümsəyərək əlini uzadıb üzüyü göstərdi.

- Necədir? Yaraşır?

O cavab vermədi.

- Nə fikirləşirsən? - deyə bir də soruşdu.

- Bilmirəm.

Və hiss elədi ki, bu söz üzüyə aid deyil.