
RAW formatı çəkəcəyimiz fotonun mümkün olan ən yüksək keyfiyyətini qoruyub saxlayır. RAW formatı sizi anı çəkməzdən öncəki zəruri parametrlərdən və onlara sərf edəcəyiniz vaxtdan xilas edir. RAW formatı bizə daha yüksək dinamika intervalı və rəng həzzi verir. Belə ki, JPEG ilə 8 bit dərinliyində, 16.8 milyon rəng ilə çəkdiimiz halda RAW ilə bu data 12 bit dərinlik və 68.7 milyon rəng təşkil edir. RAW formatı post-prodakşnda bizə daha geniş edit imkanları verir. Öz təcrübəmdə ən çox istifadə etdiklərim noyz (səs-küy), ağın balansı, kəskinləşdirmə, kölgə və rəng editləridir (kolor-qreydinq daxil). RAW formatı fotofaktın elə özüdür və ya sübutudur. Çünki fotonun çəkildiyi məkanın kordinatları, zamanından tutmuş kameranın texniki parametrlərinə qədər (hətta neçənci shutterdə (probeq) çəkildiyi haqqında) bütün metadatanı özündə saxlayır. Fikrimcə, cinayət təhqiqatında çalışan kriminalist və müstəntiqlər də cinayət səhnələrini RAW ilə çəkirlər.
Bir neçə faydalı qeyd:
Gələk RAW-ın etalon formatına: Canon-da .CRW, .CR2, .CR3, Nikon-da .NEF, Sony-də .ARW, Fuji-də .RAF, Leica-da .RWL, Olympus-da .ORF olaraq qeyd edilib. Kameraların əksəriyyəti fotoşəkli JPEG + RAW formatlarında (eyni zamanda, hər ikisində) çəkmək imkanı versə də, lütfən oyuncağımızı buna zorlamayaq. Çünki, SDH(X)C kartımız daha tez dolacaq, batareya daha tez boşalacaq və fotonun çəkilməsi və yaddaşa ötürülməsi əməliyyatları hər iki format üzrə eyni zamanda (eyni anda 4 proses) icra edildiyindən kameramız tez qızacaq, xüsusilə də isti, eləcə də günəşli havada və çöl şəraitində çəkiliş ediriksə. RAW formatını editləyə biləcəyimiz ən yaxşı proqram təminatı: Adobe Lightroom və ya Adobe Photoshop Lightroom, Adobe Photoshopa inteqrasiya edilmiş Camera Raw və DxO PhotoLab.
RAW formatı özündə daha çox məlumat saxladığı üçün yaddaşda da daha çox yer tutur. Orta ölçülü RAW formatlı fotoşəkil 20-25 MB təşkil edir, JPEG-lə müqayisədə 5 dəfə çox. Ona görə də yaddaş kartınızın və çəkiliş sonrası faylları saxlamaq üçün istifadə edəcəyiniz kənar yaddaş qurğunuzun həcminin yetərli olduğundan əmin olun. Bundan əlavə post-prodakşnda sürətli edit üçün HDD yerinə SSD, rəngləri daha dəqiq işləmək üçünsə dəqiqliyi 90 %-ə yaxın olan, full IPS monitorlardan istifadə edin. Maclarda retina da istifadə edə bilərsiniz, ancaq bildiyim qədəri ilə bu tip ekran gözlərin anasını ağladır.
Foto: İçərişəhərdə suvenir dükanı. Bakı, Azərbaycan. 19.04.2025.