Əvvəla qeyd edim ki, mövzumuz "Cyberpunk 2077"nin yaxşı və ya pis oyun olması deyil. Sizin bu oyunu bəyənməyiniz və həzz almağınız aşağıda yazılanlara heç bir şəkildə təsir etmir və təsir edə bilməz. Bu postu oyun icmalı kimi qəbul etməyin, çünki bu mövzu artıq mənim üçün bağlıdır.
"False advertising" (yalançı reklam) – müəyyən reklamlar vasitəsilə müəyyən bir məhsulun daha funksional, daha güclü, daha keyfiyyətli, bir sözlə, daha yaxşı olduğunu təbliğ etmək
Fırıldaqçılıq (və ya saxtakarlıq) – sifariş edilən məhsulun xarab və ya qüsurlu formada göndərilməsi; məhsulun tanıtımında məhsulun özü ilə əlaqəsi olmayan məzmundan istifadə; təqdim olunan məhsulla reklam edilən məhsul arasında aydın görünən fərq və sairə… və ilaxır…
3 il keçməsinə baxmayaraq, "Cyberpunk 2077" hələ də vəd edilən oyun deyil. Çünki oyun çıxmazdan əvvəl verilən vədlərin bir çoxu oyunda yoxdur. 2018-ci ildə "E3" tədbirində nümayiş olunan demo tamamilə saxta idi və bu saxta demonun hazırlanmasına aylar sərf olundu. Quqllamaqla arası olmayanlar üçün kiçik bir haşiyə: Jurnalist Ceyson Şrayer 20-dən çox "CD Projekt RED" tərtibatçısından müsahibə alıb və bir çox gizli detallar üzə çıxıb... 2019-cu ilin may ayında oyunun tviter səhifəsinin bioqrafiya bölməsində “the role-playing game of the dark future” ifadəsi yazılmışdı. Lakin bəzi tənqidlərdən sonra həmin ifadəni “an open-world, action-adventure story” olaraq dəyişdirdilər.
Oyunun konsollardakı dəhşətli performansına baxmayaraq, şirkət oyunla bağlı investorlara yalan açıqlamalar verdi. İnvestorlara “Baxın, filan qədər "pre-order" var, bu oyun partladacaq!” deyərək pul toplamağa davam etdilər. Konsol versiyası üçün resenziyalara embarqo qoydular və oyun çıxana qədər bir çox şeyi gizli saxladılar. "Sony" şirkəti "Cyberpunk 2077"ni satışa çıxdıqdan bir həftə sonra "PlayStation Store"dan yığışdırdı. Müştəri məmnuniyyətinin prioritet olduğunu bildirən şirkət hər kəsin pulunu geri qaytaracağını bildirdi. Bu, "Sony" tarixində demək olar ki, görünməmiş bir qərardır. Çünki bu vaxta qədər "Sony"nin “PlayStation Store” üçün bu tip "geri qaytarma" siyasəti yox idi. Təsəvvür edin ki, 3,2 milyona yaxın insana (bu, ilkin sifarişlərin 40 %-ni təşkil edir) yararsız və xarab bir məhsul (oyun) göndərilib. Əslində, oyunun konsol versiyasının çıxış tarixindən əvvəl heç bir yerdə göstərilməməsi hər şeyi izah edirdi.
Bütün bu həngamələrdən sonra "CD Projekt"in investorları şirkətə qarşı iddia qaldırdılar. Uzun çəkən danışıqlardan sonra şirkət iddiaçılara 1,85 milyon dollar ödəməyə razı oldu. İddiaçılardan bəziləri bunu qəbul etsə də, etiraz edənlər də olub. Bu nöqtədə "CD Projekt" ona qarşı qaldırılan işlərin bir çoxunun məhkəmədən kənar həll edildiyini bildirdi. Bu mövzuda kitab yazmaq olar, amma çox uzatmaq istəmirəm. Əlqərəz, şirkətlər bizim dostumuz deyil, "içəridə" milyonlarla dollar dəyərində səhmləriniz yoxdursa, heç bir oyun şirkətini müdafiə etməyin.