Deməli, günlərin bir günü Kristofer Nolan və Hideo Kodzima "Anubis13" adlı batiskaf ilə Marian çökəkliyinin ən dərin nöqtəsi olan Çallencer uçurumuna enirlər. Kodzima yeni oyunu üçün bəzi mühüm araşdırmalar aparmaq istəyir. O, yaxşı bilirdi ki, bu çılğın macəraya özü kimi hoqqabaz olan Nolandan yaxşı yoldaş tapa bilməz. Əslində, "IMAX" texnologiyasını okeanın dərinliklərində sınaqdan keçirmək istəyən Nolanın saqqızını oğurlamaq o qədər də çətin deyildi...
Batiskaf 3 min 800 metr dərinliyə yaxınlaşırdı, lakin salonda ölü sükut hökm sürürdü. Nolan batiskafın kiçik pəncərəsindən heyranlıqla okeana baxır və çəkəcəyi filmi gözlərində canlandırmağa çalışırdı. Kodzima isə darısqal salonda var-gəl edə-edə o baş-bu başa gedib-gəlir, ətrafa göz gəzdirir, bir yerdə qərar tuta bilmirdi. Nəhayət, Kodzima bu ölü sükuta dözməyib dilləndi:
– Əxi, yeni oyunum üçün çox həyəcanlıyam e, dəhşət bir ideyam var. Hər kəs heyran olacaq!
Nolan filminin kulminasiya nöqtəsində düşüncələrindən uzaqlaşır, bir qədər qəzəblənsə də, üz vurmur və könülsüz şəkildə cavab verir:
– Əşi, ağsaqqal, onsuz da sənin yaratdığın oyunları heç kim başa düşmür. Vallah, boş yerə özünü yorursan.
Bu "bəy tərifi" Kodzimanın ürəyinə yağ kimi yayılır və daha da həvəslə danışmağa başlayır:
– Bax, mən ölüm, deyirəm, bu dəfə alınacaq. Şalamenin başını bişirmişəm, həftə səkkiz, mən doqquz studiyadadır. Ssenari hazırdır, aktyorlar hazırdır, "Xbox" ilə də razılığa gəlmişik. Yaxşı ki, Spenserin dəm vaxtına düşmüşdüm. Yoxsa hansı axmaq o boyda büdcəni təsdiq edərdi, a kişi?!
Nolan bu söhbətlə heç maraqlanmırdı. O, vaxt itirmədən bayaqkı xəyallarına sarı qaçıb onları bərk-bərk qucaqlamaq istəyirdi. Ancaq bir anlıq da olsa, Fil Spenseri sərxoş vəziyyətdə təsəvvür etməyə çalışdı, lakin bacarmadı. "Deyəsən, kameramın obyektivi tozlanıb” – deyə öz-özünə düşündü... Kodzimanın telefonunun zəng səsi Nolanın xəyallarına soğan doğradı.
Aman ovçu, vurma məni, göydələnlərin dumanıyam
Bulud oldum, bura yağdım, mən dənizimdən aralıyam
Göndər məni təyyarələrlə, məktubumu uzaq məsafələrlə
Xalqıma çatdır naməmi, bilirəm, onların ümidi, gümanıyam
Küncdəki kiçik soyuducunun yanında mürgüləyən Kodzima qulağına dəyən səsdən dik atıldı. Yerdəki "Xperia 5 V"nin ekranında "Trezvi Spenser" yazısını gördükdən sonra yeddimərtəbəli bir söyüş söyüb, telefonu batiskafın qapısına tərəf vızıldatdı. Nolan beş saniyə ərzində baş verən bu paradoksal hadisələrə heyrətlə baxsa da, heç nə başa düşə bilmirdi. Elə bu anda batiskaf möhkəm silkələndi. Sanki onlara bir şey toxunurdu. Sərnişinlər özlərinə gəlməyə macal tapmamış daha bir zərbə hiss olundu. Batiskaf beşik kimi yellənir, həyəcan siqnalı şivən qoparırdı.
Artıq üçüncü zərbədən sonra "Anubis13" sürətlə aşağı düşürdü. Kodzima sağ ayağına toxunan "Xperia 5 V"nin sınmış ekranındakı "Trezvi Spenser" yazısı ilə göz-gözə gəldi. Okeanın dərinliklərində tükürpərdici bir səs eşidilirdi...