"Uncle Sam" və təbliğat

Necə oldu ki, "Uncle Sam" ikonu yarandı?


13 baxış
31.07.2026
5 dəq oxuma

Əvvəllər düşünürdüm ki, ölkələrin simvolları yuxarıdan aşağı yaradılır. Bir komissiya olur. Bir neçə ciddi adam masa arxasında oturur. Biri deyir:

— Bəlkə qartal simvolu istifadə edək?

Başqası deyir:

— Bayraq olsun.

Üçüncüsü deyir:

— Bəlkə yaşlı, saqqallı bir kişi?

Hamı başını tərpədir. Və beləliklə, milli simvol yaranır. Əslində həmişə belə olmurmuş. Bəzən bir ölkənin ən məşhur simvolu planlı və ya hazırlıqlı olmur. Bəzən bir adamın adı səhv başa düşülür. Sonra zaman keçir bu ikona çevrilir.

Nəzərdə tutduğum şəxsin əslində siyasətə aidiyyatı yoxdur. Yəni, nə prezidentdir, nə generaldır, nə də kraldır. Heç siyasətçi də deyil. Ət satmaqla məşğul idi. İndi deyəcəksiniz ki, bu nə danışır. Ciddiyəm. Ət satan adamdan danışıram.

Təsəvvür edin ki, orduya ərzaq göndərirsiniz. Ət paketlərə yığılır. Onların da üzərində iki hərf yazılır: U.S., yəni United States. Amerika Birləşmiş Ştatları. Burada qeyri-adi bir şey yoxdur.

Məsələ burasındadır ki, bu ətləri bu adla qəbul edən hərbiçilər başqa cür düşünürdülər. Hərbiçilər US sözünü zarafatca “Uncle Sam” kimi səsləndirməyə başladılar. Yəni Sem Əmi. Bu Sem Əmi əslində Sem Vilson idi. Bu adam idi ət tədarükçüsü. Lakin, həyatın ironiyasına baxın ki, hərbiçilərin U.S. sözünü “Uncle Sam” kimi oxuması Sem Vilsonu Sem Vilson kimi yox, “Uncle Sam” kimi tanıtdırdı. O qədər dillərə əzbər oldu ki, artıq ABŞ-da hamı “Uncle Sam”-dən danışırdı.

Beləliklə “Uncle Sam” çevrilib olur dövlətin ikonası. ABŞ oldu “Uncle Sam”.

Ölkə artıq sizin adınızla bilinir. “Uncle Sam” nə istəyir? “Uncle Sam” vergi artırdı. “Uncle Sam” müharibəyə gedir. “Uncle Sam” yeni qanun qəbul etdi.

İnsanlar çox zaman üzü olmayan şeylərlə emosional münasibət qurmaqda çox yaxşı deyillər. Ona görə dövlətlərə də bir ikon və ya üz lazımdır.

Qəribə olan da bilirsiniz nədir? Bugün şəkillərdə gördüyünüz “Uncle Sam” o “Uncle Sam” deyil. Əvvəllər o, sadəcə ad idi. Sonra karikaturaçılar başladılar “Uncle Sam” obarzını çəkməyə.

Bəzən gülməli idi. Bəzən mehriban. Bəzən sadəcə qəribə.

Sonra Tomas Nəst gəldi. “Uncle Sam”-ə saqqal çəkdi. Uzun boylu etdi. Baxışlarını ciddi formaya saldı. Yekunda onu getdikcə daha çox dövlətin özünə bənzətdi. Amma elə bil nə isə çatmırdı. Ciddi baxan gözlərlə birlikdə səni göstərən bir barmaq olmalı idi. Səni işarə edən. Sənə xitab edən bir element vacib idi.

1916-cı ildə Ceyms Flaq “Uncle Sam” obrazını yekun formada çəkəndən sonra bu şəkil təbliğat olaraq 1-ci Dünya Müharibəsi zamanı istifadə olunmağa başladı. Sizin də azdan-çoxdan yadınızda qaldığı formada, “Uncle Sam” sizə baxır və barmağı ilə də sizi göstərərək “I Want YOU.” (“Mən səni istəyirəm”) deyirdi.

Cümlənin çox cəzbedici olma səbəblərindən biri də odur ki, burada milyonlarla insana müraciət olunsa da SİZ demir, HAMINIZ demir, AMERİKA XALQI demir. Əksinə sadəcə SƏN deyir. Bir nəfəri nəzərdə tutur.

Bu, artıq dövlətin müraciəti deyil. Bu, dövlətin şəxsi mesajıdır. Kommunikasiya da elə burada dəyişir. Çünki “ölkənin orduya ehtiyacı var” başqa cümlədir. “Mən səni istəyirəm” tamam başqa.

Birinci cümlə məlumatdır. İkinci cümlə münasibətdir.

Birincidə dövlət danışır. İkincidə isə “Uncle Sam”.

Elə bil ölkə ilə üzbəüz dayanmısan və səni göstərərək deyir ki, “Söhbət başqalarından yox, səndən gedir.” Milyonlarla çap edilən bu posterdən sonra “Uncle Sam” artıq sadəcə bir adamın adı deyildi. Artıq o Amerikanın danışan üzü idi.

Bu da kommunikasiya tarixində çox böyük bir dəyişiklik oldu. Çünki dövlət özünü bir ideya kimi yox, bir insan kimi təqdim etməyə başlayır. İdeya sənə əmr verə bilər. Lakin, insan səndən nəsə istəyə bilər. Buradaki ritorikada çox böyük bir fərq var.

Biri inzibati dildir. Digəri emosionaldır. Biri vəzifə yaradır. Digəri şəxsi məsuliyyət. Bu gün də eyni şeyi edirik. Brendlər insan kimi danışır. Şirkətlər üzr istəyir. Süni intellektlə danışırıq. Ölkələr özlərini xarakter kimi təqdim edir. Liderlər özlərini millətin özü kimi göstərirlər. Bir ölkənin prezidenti “mən” deyəndə bəzən dövlət danışır. Bir ölkənin bayrağı qaldırılanda tarix danışır.

Bəzən bütün dövlət bir nəfərin bədəninə yerləşir. “Uncle Sam”-ın ən böyük gücü də budur. O, sıradan bir adam deyil. Hər kəsin tanıdığı bir adamdır. O, dövlət deyil. Amma dövlətin üzüdür. O, hökumət deyil. Amma hökumətin səsi kimi görünür.

İnsanlar abstraksiyalara bağlanmırlar. İnsanlar obrazlara bağlanırlar. “Amerika Birləşmiş Ştatları” uzun addır. “Federal hökumət” soyuq səslənir. “Dövlət aparatı” heç kimin sevimli personajı deyil.

Amma “Uncle Sam”? “Uncle Sam” bir xarakterdir. Onun yaşı var. Saqqalı var. Paltarı var. Baxışı var. Ən əsası səninlə danışır. Bu gün hər bir böyük təşkilatın qarşısında eyni problem var. İnsanlar sizin nə etdiyinizi bilməyə bilər. Amma sizin necə göründüyünüzü xatırlayacaqlar.

İnsanlar proqramı unuda bilər. Loqonu xatırlayar. Qanunu unuda bilər. Obrazı xatırlayar. Uzun çıxışı unuda bilər. Bir barmağı xatırlayar.

Çünki simvollar izah etmir. Simvollar tanınır. “Uncle Sam”-ın hekayəsi də bununla bağlıdır. Əvvəlcə bir adam vardı. Sonra bir ad. Sonra bir zarafat. Sonra bir karikatura. Sonra bir rəssam. Sonra bir poster.

Və nəhayət… Bir ölkənin üzü.

Sem Vilson ömür boyu bir “Uncle Sam” olmadı. Ola bilmədi, çünki o Sem Vilson idi. Lakin, onun timsalında “Uncle Sam” iki yüz ildən artıqdır ki, yaşayır.