Beynəlxalq mediada xəbər oxumaq

Beynəlxalq mediada yazılan xəbərləri oxumaq da özü-özlüyündə diqqət edilməsi məsələdir.


16 baxış
08.09.2026
6 dəq oxuma

Beynəlxalq mediada yazılan xəbərləri oxumaq da özü-özlüyündə diqqət edilməsi məsələdir. Bir oxucu kimi gün ərzində bir çox məlumata məruz qalırsan və bu məlumatları beyninə həkk edirsən. Maraqlı bir yanaşma da budur ki, bir xəbər beynəlxalq mediada çıxıbsa çoxluq elə bilir ki, bu xəbər tam doğrudur və neytrallığı təmin edib. Əsla belə deyil.

Ümumiyyətlə, xəbər oxuduğun zaman sadəcə “nə baş verib?” deyə oxumamalısan. Hər bir xəbərin diqqət edilməli elementləri var. Bunu ilk öncə yadında saxla ki, beynəlxalq mediada olan hər bir xəbər doğru, obyektiv və peşəkar yazılmış sayılmır.

Yazının formatı

Baxın. Fakt, iddia, proqnoz, təhlil və fikir təmamilə fərqli anlayışlardır. Beynəlxalq xəbər saytında çıxan xəbəri oxuduğunuz zaman bunu diqqətə alın. Bu xəbərin formatı nədir? Bəlkə bu sadəcə fikirdir və sizə konkret fakt olaraq aşılanır? Buna görə də ilk öncə formatı başa düşmək lazımdır. O dəqiqə qərar verməyə, inanmağa, təkzib etməyə və ya digər emosional duyğulara təslim olmağa çalışma.

Məsələn, mənbədə yaza bilər ki, “A ölkəsi filan istiqamətdə tədbir görəcək”. İndi sual ortaya çıxır ki, bunu kim deyib? Nə vaxt deyib? Harada deyib? Söhbət birbaşa açıqlamadan gedir, yoxsa jurnalistin və ya analitikin şərhindən? Fakt, iddia, fikir, təhlil və proqnoz bir-birindən fərqləndirilməlidir.

Mənbənin önəmi

Xəbərin daxilində mütləq mənbələrə diqqət etmək lazımdır. Xəbəri hansı qurum yayıb? Jurnalist kimdir? O, hansı təşkilatda çalışır? Məlumatı haradan əldə edib? Hadisənin iştirakçısından alınmış informasiya ilə başqa mənbədən eşidilmiş məlumat eyni çəkidə deyil. Media kanalının hadisə barədə reportajı, dövlət televiziyasının açıqlaması, sosial mediada yayılan paylaşım və analitikin öz veb səhifəsində yazısı fərqli informasiya məhsullarıdır. Onların məqsədi, metodologiyası və məsuliyyət mexanizmi də fərqlənir.

Manipulativ başlıq 

İnformasiya diyarında başlıq önəm daşıyır. Başlıq bir informasiyanı qəbul etməzdən əvvəl insanlarda ön fikir yaradır. Buna görə də başlığa ayrıca diqqət etmək lazımdır. Məsələn, “A adlı ölkə bu addımı atmaqla digər ölkələri hədələyir” və “A adlı ölkə artan gərginlik fonunda bu addımı atacağını bildirir”. Baxın ikisidə eyni xəbər başlığıdır. Lakin, ritorika fərqlidir. Birincidə birbaşa təhdit var, digərində isə səbəblə birlikdə bildiriş var. Təhdidlə bildiriş təmamilə fərqli anlayışlardır. Birini qonşun oxuyur, birini də sən. Qonşunun o ölkəyə qarşısı fikir fərqli olur, sənin fərqli. 

Buna görə xəbəri yalnız başlıq əsasında qiymətləndirmək düzgün deyil. Mətnə daxil olduqda hadisənin özünü görmək mümkündür. Bəzən mətn daxilində də bilərəkdən sərt dildən istifadə edirlər. Müasir dünyada insanların diqqət dəqiqəsi azaldığı üçün çoxu ya xəbəri tam oxumur, ya az hissəsinə baxır ya da başlığa baxır keçir.

Xəbərin daxilindəki gizli suallar

Bununla yanaşı mətnin daxilində olmayan məlumatlara da baxmaq lazımdır. Kimin danışdığını bildik. Bəs, kim danışmır? Hansı tərəfin mövqeyi yoxdur? Hadisədən əvvəl nə baş verib? Tarixi və siyasi, iqtisadi, sosial kontekst nə qədər təqdim olunub? Bəzən jurnalistin seçdiyi bir cümlədən çox, daxil etmədiyi məlumat xəbərin qavranılmasına təsir edir.

Məqsəd dərhal “kim yalan danışır?” sualını vermək deyil. Sual vermək lazımdır ki, bu məlumatın yayılması kimə nə qazandırır? Dövlət öz siyasətini əsaslandırmaq, siyasi lider dəstək toplamaq, media diqqət çəkmək, təşkilat isə öz mövqeyini gücləndirmək istəyə bilər. Bu, hər məlumatın saxta olduğu anlamına gəlmir. Sadəcə kommunikasiya prosesində maraqların mövcudluğunu nəzərə almaq lazımdır.

Ən effektiv üsullardan biri eyni hadisəni müxtəlif media qurumlarında müqayisə etməkdir. Digər beynəlxalq və dövlət media kanallarının eyni hadisəyə dair materiallarını yan-yana qoymaq lazımdır. Müqayisə etdikdə fərqlər daha aydın görünür. Bunda sonra da digər suallara yol açılır. Kim ön plana çıxarılır? Hansı ifadələr seçilir? Hansı faktlar təkrarlanır? Hansı detallar arxa plana keçir? Belə müqayisə yalnız xəbəri deyil, onun necə çərçivələndirildiyini (framing) də göstərir.

Şəklin önəmi

Nəhayət, şəkli də oxumaq lazımdır. Foto sadəcə xəbəri müşayiət edən dekorasiya deyil. Kadr seçimi, üz ifadələri, rakurs, görüntünün nə qədər kəsilməsi və fotoaltı mətn hadisəyə münasibət yarada bilər. Köhnə görüntünün yeni hadisə ilə təqdim edilməsi və ya süni intellektlə hazırlanmış şəklin real foto kimi paylaşılması isə ayrıca yoxlama tələb edir.

Bəzən baxırsan ki, bir xəbər paylaşılıb və elə şəkil seçilib ki, ya xəbərə aidiyyatı yoxdur, ya mövzuya ya da söhbəti gedən tərəfə. Bəzən isə bilərəkdən, dəxlisiz, tarixə, coğrafiyaya, məzmuna, kontekstə və sosial normlara zidd fotolar olur ki, bu da oxuyucunu aldadır. Bunun ən böyük örnəklərindən biri Türkiyəyə aid xəbərlərdə bilərəkdən səhra, dəvə və əsasən sırf Yaxın Şərqə aid olan şəkillər paylaşılır. Bir növ coğrafiyanı bilməyən oxuyucuya həmən ölkə barədə şəkildə xəbər verir. Ona görə də gəlib deyirlər ki, biz elə bilirdik sizdə dəvə sürürlər hələ də. 

Sosial media rəsmi mənbə deyil

Ümumiyyətlə sosial mediada yazılan xəbər rəsmi sayıla bilməz. O vaxt rəsmi sayıla bilər ki, o səhifə birbaşa rəsmi qəzatein ya qurumun səhifəsidir. Sosial mediada istinadlı xəbər belə paylaşılsa, mütləq şəkildə o xəbəri axtarıb tapmaq lazımdır. Çünki sosial mediada həmən xəbər təhrif oluna bilər. Qısacası, orijinal paylaşım, tarix, məkan, ilkin mənbə yoxlanılmalıdır.

Sonda isə demək istəyirəm ki, beynəlxalq mediada xəbər oxumağın məqsədi hansısa medianı avtomatik etibarlı, digərini isə etibarsız elan etmək deyil. Məqsəd məlumatın arxasındakı kommunikasiya prosesini görməkdir. Yaxşı xəbər oxucusu yalnız “nə deyilir?” sualını vermir. O, “kim deyir, hansı əsasla deyir və bunu necə təqdim edir?” suallarını da verir.