Belə bir ifadə var. “Söhbət sosiskada deyil, söhbət vinimatelni olmaqdadır.” Yəni əsas məsələ göz önündə olan obyekt deyil, onun arxasındakı mənanı görə bilməkdir. Ərdoğanın NATO liderlərinə hədiyyə etdiyi revolver də belə hadisələrdəndir.
Əgər Ərdoğanın məqsədi sadəcə Türkiyənin müdafiə sənayesini tanıtmaq idisə, bunun daha rahat yolları var idi. Gərək revolver olsun?
Bir sərgi. Bir təqdimat. Bir videoçarx. Bu qədər sadə idi məsələ. Lakin, sadəni guya kim sevirki? Hətta hər NATO liderinə Bayraktar maketi də hədiyyə etmək olardı. Bunların heç biri günlərlə xəbər olmazdı. Əksinə əks kommunikasiya yaranar və bunun elə maketdən ibarət bir güc olduğu çərçivə halına salınardı.
Bu hadisəyə mən sırf kommunikasiya tərəfdən baxıram. Çünki siyasətdə obyektlər də danışır. Elə bilirsiniz hər şey elə kitab üzərində ya nəzəriyyə üzərində irəliləyir? Əlbəttə ki, xeyr. Bəzən liderlərin çıxışlarından daha çox, elə onların geyimi, duruşu, mimikaları və başqa xüsusiyyətləri diqqəti cəlb edir.
İlk baxışda hər şey sadə görünür. Türkiyə uzun illərdir müdafiə sənayesini öz xarici siyasətinin əsas alətlərindən birinə çevirib. Bayraktar pilotsuz uçuş aparatlarından KAAN layihəsinə qədər Ankara ardıcıl olaraq eyni hekayəni danışırdı və hələ də danışmağa davam edir. Əsas məğz budur ki, Türkiyə artıq təkcə təhlükəsizliyi alan ya sadəcə tükətən ölkə yox, onu həm də istehsal edən ölkədir. Oyunun şərtləri necə deyərlər dəyişib.
Bu dediklərimdən sonra revolver hədiyyəsinin hansı mənaya getdiyini azdan-çoxdan anladınız. Lakin, maraqlı olan revolverin özü yox, onun başına gələnlər idi. İşin maraqlı tərəfi budur ki, sammit bitib, liderler öz ölkələrinə qayıdıb və normal halda hekayə elə burada da bitməli idi. Üzərinə də mediada əsas danışıqlar, sövdələşmələr, narazılıqlar və s. danışılmalı idi. Olmadı.
Bəs nə baş verdi? İtaliyada revolver dövlət kolleksiyasına göndərildi. Britaniya onu ölkəyə aparmazdan əvvəl hüquqi prosedurları həll etməyə başlayaraq, revolver hələlik Ankaradaki səfirlikdə saxladılar. Niderland və İsveç də öz növbəsində onu səfirliklərdə saxladılar ki, hüququ məsələləri həll etsinlər. Ursula fon der Lyayen revolveri gələcəkdə muzeyə bağışlayacağını deyib.
Reallıqda və mediada agenda tamam fərqli formada irəlilədi. Artıq söhbət revolverdən getmirdi. Artıq məsələ revolverin hədiyyə olaraq verilməsi deyil, ona göstərilən reaksiya idi.
Siyasi kommunikasiyanın ən maraqlı tərəfi də budur. Lider mesajı göndərir. Sonra mesaj artıq ona məxsus olmur. Onu media da, müxalifət də, tərəfdarlar da, sosial media hesabları da özününküləşdirməyə çalışır. Necə deyərlər hərə bir duz, istiot qatır. Eyni obyekt birdən-birə fərqli hekayələr danışmağa başlayır. Kimisi bunu müdafiə sənayesinin reklamı kimi oxuyur. Kimisi güc nümayişi kimi oxuyur. Kimisi Avropanın silah qanunlarına ironik eyham kimi baxır. Kimisi isə sadəcə uğursuz diplomatik seçim hesab edir.
Maraqlıdır ki, bunların heç biri digərini təkzib də etmir. Sadəcə danışmağa mövzu çoxdur. Kommunikasiyada önəmli nöqtələrdən biri də budur ki, qarşı tərəfə danışmaq üçün mövzu verirsən. Bunu da etdilər. Bu baxımdan revolver öz işini gördü.
O böyüklükdə birliyin Ankarada görüşü olur, amma insanlar yekun bəyanatları oxumaq və müzakirə etmək yerinə, hədiyyəni müzakirə edirlər.
Tarixdə bu ilk dəfə deyil. Osmanlı sultanları xarici hökmdarlara qılınc, xəncər və ya at göndərəndə məqsəd onların kolleksiyasını zənginləşdirmək deyildi. Məqsəd Osmanlının özünü necə görmək istədiyini göstərmək idi. Hələ mən Ankarada verilən yeməklərdən, ikramlardan danışmıram. O tamam ayrı bir ünsiyyət formasıdır.
Nə isə. Əsrlər keçib. Hədiyyələr dəyişib. Amma onların gördüyü iş dəyişməyib. Onlar hələ də ölkələr haqqında danışırlar. Sadəcə bunu sözsüz edirlər. Bəlkə də revolverin ən maraqlı tərəfi sadəcə silah olması yox, həm də bir mesaj olması idi. Necə deyərlər, fiziki bir alət olsa da mücərrəd mənalara yol açdı. Sadəcə elə bir görüntü yaradır ki, qalan hekayəni dünya özü yazır.