Danışmaq qorxusunu azaltmaq üçün etməli olduğunuz şeylər (Part-2)
Bəli, danışma qorxusunun kökünə enib, niyə belə bir şey olduğunu və atmalı olduğumuz addımları öyrəndikdən sonra məsləhətlər və çalışmalar hissəsinə keçid edə bilərik.
Bir nəfərlə ingiliscə danışarkən həyəcanınızı və stresinizi azaltmağın ən yaxşı yollarından biri hazırlıqlı olmaqdır.
Danışıq anında özünüzü hazır hiss etdiyinizdə və deyəcəyiniz sözlərə konsentrasiya olmadan ifadələr (sözlər) ağzınızdan avtomatik olaraq çıxmağa başladığı zaman stresiniz (gərginliyiniz) bir anda azalacaq və özünüzü çox rahat hiss edəcəksiniz.
Bəs özünüzü danışıq anına necə hazırlayacaqsınız?
Hər şeydən əvvəl peşəkar bir futbolçu kimi düşünməyinizi istəyirəm. Necə ki, futbolçular sadə bir cərimə zərbəsini qola çevirə bilmək üçün yüz dəfələrlə eyni nöqtədən zərbə vuraraq məşq edirsə, sizin də eyni şəkildə çalışmağınızı istəyirəm.
Danışıq anında özünüzü hazır hiss etdiyinizdə və deyəcəyiniz sözlərə konsentrasiya olmadan ifadələr (sözlər) ağzınızdan avtomatik olaraq çıxmağa başladığı zaman stresiniz (gərginliyiniz) bir anda azalacaq və özünüzü çox rahat hiss edəcəksiniz.
Bəs özünüzü danışıq anına necə hazırlayacaqsınız?
Hər şeydən əvvəl peşəkar bir futbolçu kimi düşünməyinizi istəyirəm. Necə ki, futbolçular sadə bir cərimə zərbəsini qola çevirə bilmək üçün yüz dəfələrlə eyni nöqtədən zərbə vuraraq məşq edirsə, sizin də eyni şəkildə çalışmağınızı istəyirəm.
Danışmaq üçün mütləq şəkildə qarşınızda kiminsə olmasını gözləməyin. Bu çox böyük bir səhvdir. Əgər o an üçün əvvəlcədən hazırlaşmısınızsa və qəlibləri (ifadələri) ağlınızda düzgün oturtmusunuzsa hər şeyin yaxşı olma ehtimalı daha yüksək olacaq.
İkincisi, ingiliscə danışarkən beyniniz qarşınızda kiminsə olub-olmadığına fikir vermir. Bu onun vecinə deyil :)
Bu çox önəmli bir məqamdır!
Səsli şəkildə cümlə qurduğunuz zaman qarşınızda kimsə olmasa belə beyniniz lazımi əlaqələri qurur və cümlələri qəlib halına gətirir. Çünki qəliblərlə birlikdə danışa bilməyə başladığınızda ingiliscə danışma səlisliyiniz bir anda artır və danışıq zamanı etdiyiniz dayanmalar (məs: ııııııııı...) ciddi şəkildə azalır.
Bu səviyyəyə gəlmək üçün edə biləcəyiniz ən yaxşı çalışmalardan biri "öz-özünə danışmaq"dır.
Burada mütləq etməli olduğunuz 3 çalışmadan (praktikadan) danışmaq istəyirəm.
Birincisi gününüzü öz-özünüzə danışmaq. Amma bunu 4 fərqli zamanda etməlisiniz. Məsələn, özümdən çox sadə bir nümunə verirəm. Bugün səhər durdum, dişlərimi fırçaladım və çölə çıxdım.
Qısa bir şəkildə göstərməyə çalışacağam.
Evdə vaxtım olanda boş bir otağa keçib bunu dostuma danışır kimi 4 fərqli zamanda deyəcəm.
Əvvəlcə keçmiş zamanda. I woke up, I brushed my teeth and I went outside.
Sonra indiki (davamedici*) zamanda. I am (I’m) waking up, I am brushing my teeth and I am going outside.
Sonra indiki (sadə*) zamanda. I wake up (every day), I brush my teeth and I go outside.
Son olaraq isə gələcək zamanda. I am going to (=I'm gonna) wake up, I am going to brush my teeth and I am going to go outside.
Bunu etdikdən sonra hər gün müntəzəm olaraq mübtədanı dəyişdirərək o günü danışmalısınız.
Məsələn, o biri gün praktika edərkən “I” yerinə “We, They, Gunel, He, She…” kimi mübtədalar (şəxs əvəzlikləri) istifadə edə bilərsiniz.
Beləliklə fərqli mübtədalarla birlikdə yaranan dəyişiklikləri də müntəzəm olaraq praktika etmiş olacaqsınız.
Bu çalışmanı mütəmadi olaraq etdiyinizdə 4 fərqli şey baş verir.
Əvvəla, zamanları gücləndirmiş olursunuz. Zamanlar bütün cümlələrdə olmalı olan bir strukturdur. Və bu etdiyiniz "qaydaları düşünmədən danışmaq" axıcı (səlis) ingilis dilinə gedən ilk addımdır. Danışıq əsnasında bu qaydaları düşünəcək lüksunuz və təbii ki, zamanınız yoxdur. Bu çalışmalarla bunun praktikasını etmiş olursunuz.
İkincisi, fellərin fərqli zamanlardakı halını mütəmadi olaraq gücləndirmiş olursunuz. Give feli gave olur, take keçmiş zamanda took olur və s. Bunlar zehninizdə oturacaq və danışarkən istifadə etdiyiniz zamana görə ağlınıza avtomatik olaraq gəlməyə başlayacaq. (*Eynilə bu tipli çalışmaları özündə birləşdirən self-study paketini hal-hazırda özüm və tələbələrim istifadə edir. Olduqca effektiv olduğunu deyə bilərəm. Amma təbii ki, əsas şərt mütəmadi, stabil çalışmaqdır!)
Üçüncüsü, bu praktika bilmədiyiniz çox önəmli sözləri öyrənməyinizə yardım edir. Bəlkə mən burada "brush" sözünün nə olduğunu bilmirdim. Amma artıq öyrənə və danışığıma əlavə edə bilərəm. Bu praktikanı edərkən kəşf edəcəyiniz (öyrənəcəyiniz) hər söz sizin üçün çox önəmlidir və mütləq şəkildə bilməli olduğunuz bir söz olacaq. Bunlar (bu sözlər) siyahılardan, lüğətlərdən istifadə edərək öyrənəcəyiniz sözlərdən daha dəyərlidir.
Son olaraq davamlı olaraq qurduğunuz cümlələr beyninizdə qəlibləşməyə başlayacaq.
Sonuncunu deməklə nəzərdə tutduğum odur ki, biz azərbaycanca danışarkən cümlələri necə qurduğumuzu heç düşünmürük. Düşüncə (fikir) ağlımıza gələn kimi danışırıq. Çünki standart olan və hər kəsin istifadə etdiyi qəliblər zehnimizdə yaxşı bir şəkildə oturuşub.
Məsələn, "Sabah ......a(ə) gedəcəm."
Sabah bir yerə gedəcəksiniz. Standart olaraq istifadə olunan qəliblərdən biri budur. Sadəcə hara gedəcəyinizi düşünmək və bunu boşluğa yerləşdirmək kifayətdir.
Sabah məktəbə gedəcəm; Sabah işə gedəcəm; Sabah dostumun evinə gedəcəm.
Əgər burada gələcək zamanın necə olduğunu düşünməyə başlasanız, məhz o nöqtədə yavaşlayırsınız. Bu səbəbdən standart və sıxlıqla istifadə olunan cümlə qəliblərini zehninizdə oturtmağınız çox önəmlidir.
Məsələn, I am going to go to .... (real danışıq dilində isə - I'm gonna go to)
Qarşınızdakı insana harasa gedəcəyinizi deyərkən, "I am going to go to ..." hissəsini düşünməyinizə ehtiyac yoxdur. Bunu bir söz olaraq düşünə bilərsiniz. Çünki heç dəyişmir.
I am going to go to (= I'm gonna go to) school… I am going go to go to your house… I am going to go to the bathroom…I am going to go to the conference…I am going to go to the concert…
Öz-özünüzə danışma praktikası etdiyiniz zaman bu vacib qəlibləri zehninizdə oturuşturmağa başlayırsınız.
Bu, hər gün etməli olduğunuz bir praktikadır. İkinci praktika isə bunun biraz fərqli növüdür.
Mövzu əsaslı çalışmaq.
İlk praktikanı etdikdən sonra ingilis diliniz müəyyən bir səviyyəyə gəlməyə başlayacaq. Amma yenə də bəzi mövzularda çətinlik çəkdiyinizi hiss edə bilərsiniz.
Məsələn, yolu soruşmaq və izah etmək və ya alış-veriş zamanı qiyməti aşağı salmaq kimi mövzularda çətinlik çəkə bilərsiniz.
Bu praktiki çalışma da bu problemi sistematik bir şəkildə həll etməyinizə kömək edəcəkdir.
Yenə ilk çalışmaya bənzər şəkildə öz-özünüzə danışaraq praktika edəcəksiniz.
Əvvəla əksik bildiyinizi hiss etdiyiniz mövzularla bağlı lazım olan qəlibləri öyrənin. Tutalım ki, yol izah etmək mövzusunda çətinlik çəkirsiniz.
Bununla bağlı “go straight, keep going straight for 200 meters, turn right/left, you will see it on your left/right.” kimi qəlibləri öyrənin. (*YouTube-da "Asking for & giving directions" yazıb bu mövzuda xeyli video tapa bilərsiniz.)
Daha sonra özünüzdən bildiyiniz bir yeri soruşun və olduğunuz nöqtədən ora necə gedə biləcəyinizi izah edin.
“Excuse me, how can I go to the supermarket from here?”
Sonra bu yolu düzgün bir şəkildə izah edin.
“Go straight for 200 meters, turn left and follow the road. You will see it on your right.”
Bu şəkildə bir neçə gün praktika etsəniz artıq yol izah etməklə bağlı bir probleminiz qalmamağa başlayacaq və artıq yeni bir mövzuya keçə bilərsiniz :)
Edə biləcəyiniz son praktika bayırda boş keçirdiyiniz vaxtları dəyərləndirməklə bağlıdır.
Xüsusilə də yolda gəzərkən, avtobusda olarkən və ya bir yerdə kimisə gözləyərkən bu praktikanı edə bilərsiniz. Praktika, o anda ətrafınızda gördüklərinizi səsli şəkildə özünüzə danışmaqdan ibarətdir.
Bu gününüzü özünüzə danışmaqdan biraz daha çətin bir praktikadır.
Fərz edək ki, günəbaxan tumu alan yaşlı bir qadın görürsünüz. Dərhal, “There is an old woman buying sunflower seeds.” deyə bilərsiniz.
Önəmli olan məqam bunu daha da detallı şəkildə danışmaqdır. "She is taking her wallet out of the purse. She is taking 2 manats and giving it to the seller. The seller is taking some change out of his pocket and giving it to the old lady…" və s.
Bunu edərkən də bilmədiyiniz sözlər olacaq. Əvvəlki praktiki çalışmalarda olduğu kimi bu sözləri bir yerə qeyd edin.
Amma bu, yəni bilmədiyiniz sözlər danışaraq qəlibləri inkişaf etdirməmək üçün bir bəhanə olmasın! Tutalım ki, "günəbaxan tumu" sözünün ingiliscə "sunflower seeds" olduğunu bilmirsiniz.
Bu məqamda cümləni heç qurmamaq düzgün deyil. Siz yenə də cümləni qurun amma bilmədiyiniz sözü azərbaycanca deyin.
“The woman is buying sunflower seeds.” kimi...
Bu çox vacibdir. Qəlibləri və ümumi cümlələri qurmağa hər zaman səy göstərin. Daha sonra "sunflower seeds" sözünü öyrəndikdə etməli olduğunuz tək şey praktika edib gücləndirdiyiniz cümlədə "günəbaxan tumu" yerinə "sunflower seeds" demək olacaq.
Beləliklə, söz bilməsəniz də ingilis dilində danışığınız yenə də axıcı hala gələcək :)
Mütəmadi olaraq bu praktiki çalışmaları etdiyiniz zaman həm ingilis dilinizin daha axıcı (səlis) hala gəldiyini həm də danışıq əsnasında daha az stresə (gərginliyə) girdiyinizi hiss edəcəksiniz.
Bəli, bugün bir qarşılıqlı əlaqənin ilk hissəsi olan "danışmaq" qisminə baxdıq və bu mövzuda özünüzü necə inkişaf etdirə biləcəyinizi artıq bilirsiniz.
Amma digər hissəsi olan "dinləmək" və "eşidiyinizi başa düşmək" da olduqca vacibdir. Xüsusilə xaricilərin (ana dili ingiliscə olanların) danışığı sizə çox sürətli gəlirsə...
Növbəti məqalədə bu mövzu haqqında ətraflı olaraq danışacağam və özünüzü inkişaf etdirmək üçün atmalı olduğunuz addımları və danışıq əsnasında qarşınızdakı insanın sürətli danışdığı vəziyyətdə edə biləcəklərinizi göstərəcəm.
Özünüzə çox yaxşı baxın.
Hələlik!
Məqalə sizin üçün faydalı oldusa mənə bir kofe ☕ almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
© RUSLAN ASLANOV