Alman dili öyrəməyə başladım!
Boş vaxtımı daha məhsuldar dəyərləndirmək və sizlərə bir dili sıfırdan öyrənən birisinin keçdiyi yolu göstərmək məqsədilə Alman dili öyrənməyə başladım.
Artıq 2 gündür ki, hər gün 1.5-2 saat olmaqla alman dili ilə məşğul oluram.
Məqalənin 1-ci hissəsində sizə istifadə etdiyim materialdan, ikinci hissəsində öyrəndiklərimdən, 3-cü hissədə isə alternativ (paralel işləmək üçün) öyrənmə vasitələrindən bəhs edəcəyəm.
İngilis dilini öyrənməyə başladığım ilkin mərhələdə YouTube-da tapdığım möhtəşəm kanalda alman dili dərsləri də paylaşıldığı üçün elə eyni kanalın dərsləri ilə də alman dilinə başlamağa qərar verdim.
Yazının üstünə klikləyərək dərslərə keçid edə bilərsiniz.
İndi isə kanaldakı dərslər, öyrətmə sistemi və öyrənmə planım haqqında sizlərə məlumat vermək istəyirəm.
Kanalda hər səviyyə üzrə (A00, A0, A1, A2, B1, B2, C1) 50 dərs paylaşılacaq.
Qeyd: Kanal rus dilindədir. Rus dili bilməyib amma eyni materialla işləmək istəyənlərə mentor olaraq *ödənişli dəstək göstərə bilərəm.
Hər bir dərs minimum 45 dəqiqə olmaqla üç hissədən ibarətdir.
- Yeni söz (burada fellər üstünlük təşkil edir) və ifadələrin öyrədilməsi. Hər yeni söz və ya ifadə ayrılıqda deyil, cümlə içərisində öyrədilir və ən az 2 cümlədə işlədilərək praktika edilir. Müəllif tələffüzə çox önəm verdiyi üçün bütün hallarda cümlə və ifadələrin/sözlərin transkripsiyalarını da bizimlə paylaşır. Müəllifin tələffüzü qaydasındadır ki, bu da ən vacib məqamlardan biridir. Çünki başlanğıcda tələffüz yanlış öyrədilsə sonradan bunu dəyişdirmək çətin olur. Amma istəyə uyğun müəllifin boosty platformasında (üzərinə klikləyərək keçid edə bilərsiniz) təklif etdiyi fərqli abunəlik paketlərinə qoşulmaqla hər bir dərs üçün dil daşıyıcısı səsləndirməsi ilə olan iş dəftərləri ilə də praktika edə bilərsiniz.
- İmla/Diktant. Bu mərhələdə müəllif sanki keçilən materialı sizdən imla tərzində soruşur. Videonu durdurub rusca deyilənləri almanca yazmağa çalışmalısınız.
- Praktika. Praktika mərhələsində müəllif cari dərsdə öyrədilənləri istifadə etməklə qısa hekayələr yazır. Bütün hekayələr ən az 2 dəfə müəllif tərəfindən təkrar səsləndirilir. Bu mərhələdə də videonu durdurub rusca deyilənləri almanca yazmağa çalışmağınız məsləhət görülür. Zamanla yazınızın necə avtomatikləşdiyinin şahidi olacaqsınız.
Kurs boyu dildə normal danışmaq üçün sizə lazım olan bütün sözlər/qəliblər/ifadələr və təbii ki, bizim kursların əvəzolunmazı olan “qrammatika” öyrədiləcək. Amma qrammatika kurs sistemindən fərqli olaraq az-az amma bol praktika ilə öyrədilir.
Ümumiyyətlə kursun məqsədi maksimum çox təkrar etməklə materialın yaxşı şəkildə mənimsənilməsini və dilinizin avtomatikləşməsini təmin etməkdir. Qısacası bu kurs tənbəllər üçün nəzərdə tutulmamışdır :)
Keyfiyyətli öyrənmə üçün gün ərzində ən çox 2 dərs işləməyinizi tövsiyə edərdim. Mən şəxsən hələki 1 dərslə kifayətlənirəm və hər yeni dərsə keçmədən öncə köhnələrini təkrar edirəm. Müəllif özü də dərsi izləməkdən əlavə boş vaxtlarınızda eyni dərsi dinləməyinizi də məsləhət görür.
Ümumilikdə 350 dərsdən ibarət olacaq (bir qismi paylaşılıb digər qismi də paylaşılmağa davam edir) kursla ciddi şəkildə məşğul olsanız ödənişli kursların sizə söz verdiyindən daha yaxşı nəticə əldə edəcəksiniz. Ümumiyyətlə onu qeyd edim ki, dil öyrənmək üçün ənənəvi kurs sisteminin effektiv olmadığını düşünürəm və zatən bunun nəticəsi də göz qabağındadır.
Qeyd: Kursa başlamaq istəyənlərlə daha ətraflı ZOOM platformasında danışa və hətta mənə qoşulmaq istəyənlərlə birgə TELEGRAM qrupu yaradıb bərabər öyrənə bilərik.
Öyrəndiklərim
İndi isə sizinlə ilk dərsdən nələri öyrəndiyimi paylaşmaq istəyirəm. Yazının üzərinə klikləyərək ilk danışıq videomu da görə bilərsiniz.
Öyrəndiklərimi almanca yazıb yanında tərcümələrini qeyd edəcəm.
Hallo! - Salam!
heißen - adım … (hərfi tərcümə - çağrılmaq, adlandırılmaq)
Ich heiße - Mənim adım… (hərfi tərcümə - məni (ad) çağırırlar)
Ich heiße Ruslan - Mənim adım Ruslandır. (hərfi tərcümə - Məni Ruslan çağırırlar)
kommen - (hərfi tərcümə - gəlmək; ingiliscədəki “come”a bənzəyir)
Ich komme aus - Mən gəlirəm … (amma bu o gəlmək deyil; haralı olduğunuzu bildirmək üçün “aus”-la birgə istifadə olunur.
Ich komme aus Aserbaidschan - Mən Azərbaycandanam.
sprechen - danışmaq (hansısa dildə)
Ich spreche Deutsch - Mən almanca danışıram.
arbeiten - işləmək
Ich arbeite - Mən işləyirəm
studieren - oxumaq (təhsil müəssisəsində)
Ich studiere - Mən oxuyuram/təhsil alıram
und - və
Ich studiere und arbeite - Mən oxuyuram və işləyirəm.
Tschüss! - Sağol!
Bis bald! - Tezliklə görüşənədək!
Yuxarıdakıları bilməklə aşağıdakı qısa danışığı həyata keçirə bilərəm.
Hallo! Ich heiße Ruslan. Ich komme aus Aserbaidschan. Ich sprecehe Aserbaidschanisch, Türkisch und Englisch. Ich arbeite. Tschüss! Bis bald!
İlk baxışdan bu sizə az gələ bilər. Amma inanın ki, zamanla öyrəndiklərimiz artdıqca quracağımız cümlələrin sayı da artacaq. Əgər indi 5 cümləlik danışıq həyata keçiririksə, 50 dərsdən sonra bu ən az 200 cümləyə çatacaq. Bunu edə bilməyiniz üçün bütün dərsləri müəlliflə bərabər siz də yazmalı və səsləndirməlisiniz.
Öyrəndiklərim barədə bu qədər…
Sonda isə sizinlə bu dərslərlə paralel istifadə edə biləcəyiniz alternativ mənbələr haqqında danışacağıq.
Bu dərslərlə paralel şəkildə işləmək və prosesə əyləncə qatmaq məqsədilə istifadə etdiyim 2 tətbiqi/saytı sizinlə paylaşacağam.
Tətbiqlər/saytlar bunlardır. Duolingo və LingQ (üzərlərinə klikləyərək keçid edə bilərsiniz)
Əgər məni digər sosial şəbəkələrdə də izləyirsinizsə bu mənbələr sizə tanış olmalıdır.
Əslində aparılan araşdırmalar göstərir ki, Duolingo tətbiqi təklikdə istifadə olunarsa nə qədər davamlı çalışsanız belə real danışıq dilini başa düşməkdə ciddi problemlər yaşayacaqsınız. Tətbiqin müsbət tərəfi ondan ibarətdir ki, o sizə dili əyləncəli şəkildə öyrədir, planlı işləmənizi təmin edir, işləməli olduğunuz zamanda sizə xəbərdarlıq edir, inkişafınızı izləyir və müxtəlif tipli hədiyyələr, yarışlar təklif etməklə sizi daha çox öyrənməyə sövq edir. Keçilən mövzulara təkrar geri qayıda və özünüzü yenidən yoxlaya bilirsiniz. Mən gündəlik 15 dəqiqə çalışma planını seçməyimə baxmayaraq imkan tapan kimi yeni dərs işləyir və ya bir əvvəlkini təkrar edirəm.
Nəticə olaraq Duolingo yaxşı tətbiqdir amma mütləq şəkildə onu yuxarıda izah etdiyim tipli kurs materialına dəstək vəsaiti olaraq istifadə etməlisiniz.
Digər bir mənbəmiz isə LingQ-dür. Bu sayt/tətbiq kifayət qədər məşhur və 20-yə yaxın dil bilən kanadalı poliqlot Steve Kaufmann tərəfindən hazırlanmışdır. LingQ-nün premium olmayan versiyası belə həqiqətən dil öyrənmək istəyənlər üçün əvəzolunmaz mənbədir. LingQ sizə öyrəndiyiniz dildə səviyyənizə uyğun fərqli materiallarla (kitab, podcast, TED talks və s.) işləmək, gündəlik plan kimi seçimlər təkif edir. Bütün materiallar audio/video, mətn və lüğət dəstəklidir. Saytın necə işlədiyi haqqda daha çox məlumat üçün instagram postuma keçid edə bilərsiniz.
LingQ Duolingo-dan fərqli olaraq tək başına olduqca faydalıdır amma ilkin mərhələdə tövsiyə etmirəm. A2 səviyyəsini kursdan bitirdikdən sonra LingQ-dən daha rahat istifadə edə bilərsiniz. Eynilə mənim ingiliscə üçün sizə təklif etdiyim self-study paketləri kimi.
Beləliklə bir məqalənin də sonuna gəldik. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Məncə hər kəs dil öyrənə bilər. Sadəcə olaraq mütamədi çalışmaq və işin özünü anlamaq lazımdır ki, prosesi yarımçıq qoymayasız.
Gələcək yazılarımda artıq yalnız ingiliscə öyrənmək haqqında deyil, alman dili proqresimi də sizlərlə paylaşacağam.
Özünüzə çox yaxşı baxın.
Hələlik!
Məqalə sizin üçün faydalı oldusa kofemin ☕ kənarına bir kitab 📖 da almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
© RUSLAN ASLANOV