Nolanın "The Odyssey" filmi haqqında

Nolanın “Odissey”i mifologiyanı yenidən danışmaqdan çox, müharibənin insan talelərində açdığı yaraları simvolik dillə göstərən olduqca güclü filmidir.


29 baxış
05.08.2026
4 dəq oxuma

Müharibə hər kəs üçün əzabdır: şəhərlərə hücum zamanı öldürülən günahsız insanlar, müharibə travmasından əziyyət çəkən döyüşçülər, sağ qalmağı bacaranlar, böyük bir amal uğrunda döyüşə aparılaraq qurban verilən yeniyetmələr, cəbhəyə gedən əsgərlərin ailələri, geri qayıtdıqdan sonra psixologiyası pozulmuş insanlara qulluq edən tibb işçiləri və bu prosesin bir hissəsinə çevrilmiş hər kəs üçün.

Nolanın son çəkdiyi “Odissey” filmi haqqında baxmazdan əvvəl yüzlərlə fərqli fikir oxumuşdum. İnsanların bir qismi filmə baxmadan, yalnız aktyor heyətinə əsaslanaraq mənfi fikirlər səsləndirirdi. Tənqidlər əsasən qaradərili aktyorların seçilməsi, gender məsələləri və döyüş dəbilqələrinin tarixi uyğunsuzluğu üzərində qurulmuşdu.

Amma filmə baxdıqdan sonra anlayırsan ki, rejissor hər detalı ölçüb-biçib və seçimlərini məqsədli şəkildə edib.

“Odissey” yunan mifologiyasının birəbir ekranlaşdırılması deyil. Nolan həmin mifologiyadan bir vasitə kimi istifadə edərək tarix boyu müharibələrdən əziyyət çəkmiş müxtəlif insanların talelərini göstərməyə və müharibənin nə qədər dəhşətli proses olduğunu çatdırmağa çalışıb.

Zendaya, əslində Afina obrazını canlandırmırdı. Odisseyin gözləri qarşısında öldürülən Troyalı gənc qız onun yaddaşına həkk olunur və sonradan daim gözünün qarşısına gəlir. Bu obraz müharibədə gördüklərinin insanın beynindən heç vaxt tam silinmədiyini göstərir.

Kirke (Circe) əsgərləri qəsdən donuza çevirmirdi. Bu səhnə müharibədən sonra vəhşiləşmiş əsgərlərin tənha bir qadına nələr edə biləcəyini göstərirdi. Onlar Kirkenin yanına gələndə artıq daxilən donuza çevrilmişdilər. Kirke sadəcə onların əsl üzünü ortaya çıxarmışdı.

Kalipso isə müharibədən qayıtmış, psixoloji vəziyyəti pozulmuş döyüşçünü müalicə edən tibb işçisinin simvolu idi. Məhz belə insanlar böyük səbir və əziyyətlə müharibənin dəhşətlərini yaşamış şəxslərə vaxtlarını sərf edir, onları yenidən normal həyata qaytarmağa çalışırlar.

Odisseyin həyat yoldaşı Penelopa isə evdə qalan, illərlə həyat yoldaşının yolunu gözləyən, eyni zamanda özünü və oğlunu digər kişilərdən qorumağa çalışan qadınların obrazıdır.

Elliot Page-in canlandırdığı Sinon obrazı isə kasıb ailədən olan, varlı bir ailənin oğlunun əvəzinə müharibəyə göndərilən, həyatı hələ tam anlamadan “böyük amal” uğrunda qurban verilən uşaqların taleyini göstərirdi. Bu obraz həm də müharibənin bir yeniyetməni cəmi bir neçə il ərzində necə qocalda və dəyişdirə biləcəyini çatdırırdı.

Ola bilər ki, bu rol üçün başqa uyğun aktyor da tapmaq mümkün idi. Amma məncə, Sinonun eyni anda həm uşaq məsumluğunu, həm də müharibə görmüş, vaxtından əvvəl böyümüş bir yeniyetmənin yorğunluğunu daşıyan obrazını məhz Elliot Page çox uğurla canlandırıb.

Siyahını uzadaraq filmdəki bütün personajların və səhnələrin hansı fikrə xidmət etdiyini izah etmək olar. Amma məncə, filmi izləmək və rejissorun əslində nə demək istədiyini anlamağa çalışmaq lazımdır.

Filmə baxmamısınızsa, internetdə tarixçilərin, mifologiya mütəxəssislərinin və ya “Odissey” əsərini oxuyan insanların tarixi uyğunsuzluqlarla bağlı mənfi fikirlərini bir kənara qoyun. Çünki bu film tarixi faktları və ya həmin dövrü olduğu kimi göstərmək üçün çəkilməyib.

Bu, müharibədən əziyyət çəkən insanların talelərini teatral və simvolik formada göstərən rejissor interpretasiyasıdır.

“Odissey” Nolanın müharibə mövzusunda çəkdiyi üçüncü filmdir və mənim üçün onların arasında ən maraqlısıdır. “Dunkirk” və “Oppenheimer” filmlərinə ikinci dəfə baxmaq istəyim yoxdur. “Odissey”ə isə yenidən baxa bilərəm.

Bu film mənim üçün “Interstellar”, “Inception” və “The Prestige”dən sonra Nolanın növbəti sevimli filmi olaraq qalacaq.