10 qram çörəyə görə €15000 xərc

Almaniyada yarım çörək alan müştəri 10 qram əksiyə görə, satıcını 15 min avro ziyana salıb.


12 baxış
26.08.2026
2 dəq oxuma

Almaniyada çox maraqlı bir hadisə baş verib. Bavariyada 10 qramlıq əskik çəki çörəkçiyə 15 000 avroya başa gəlib. 2025-ci ilin sentyabrında Pfaffenhofen-an-der-İlm şəhərciyində bir müştəri çörək mağazasından 2,40 avroya yarım çörək alıb - yəni bütöv çörəyin qiymətinin tam yarısına. Evə gəldikdən sonra aldığı çörəyi tərəziyə qoyub və bütöv çörəyin yarısının dəqiq çəkisi ilə müqayisədə 10 qram əskik olduğunu müəyyən edib. Müştəri mağazaya qayıdaraq kompensasiya tələb edib.

Çörəkxananın rəhbəri Martin Braytner məsələni ciddi qəbul etməyib. O, ailə müəssisəsində artıq 60 ildir çörəklərin bu şəkildə bölündüyünü bildirib və zarafatla deyib: “Bəzən itirirsən, bəzən qazanırsan”. Lakin müştəri bu zarafatı bəyənməyib və “şikayət edəcəyi” ilə hədələyərək mağazanı qəzəbli tərk edib.

Narazı müştəri şikayət edib və bir neçə həftə sonra dövlət müfəttişləri Braytnerin müəssisəsində yoxlama aparmağa gəliblər. Yoxlamanın nəticəsinə əsasən, çörəkçiyə bütün mağazalarında yarım çörək satmaq qadağan edilib və yalnız yarım çörəklərin kalibrlənmiş dəqiq tərəzilərdə çəkilməsi və qiymətin çəkisinə uyğun olaraq sent dəqiqliyi ilə hesablanması şərtilə satışa icazə verilib.

Braytner Pfaffenhofendə və ətraf ərazilərdə yerləşən altı mağazasının bütün kassalarını belə tərəzilərlə təchiz etməli olub. Satış məntəqələrinin əməkdaşlarına yeni avadanlıqla işləmək üçün xüsusi təlim keçmək lazım gəlib. Bütün bunlar şirkətə təxminən 15 000 avroya başa gəlib.

Amma indi də alıcılar narazıdır: yarım çörəyə görə sentinə qədər dəqiq məbləğ ödəməli olurlar və kassalar xırda qəpiklərlə dolub. Bəzi müştərilər əvvəlki kimi qiyməti yuvarlaqlaşdırmağın mümkün olub-olmadığını soruşurlar. Lakin acı təcrübədən dərs çıxaran Braytner onların xahişini rədd etmək məcburiyyətində qalır.

Şəhərdəki digər çörək mağazaları da bu hadisədən nəticə çıxarıblar. Onlar əvvəlcə çörəyi yarıya bölərək satmağı dayandırıb, daha sonra isə mağazalarında dəqiq tərəzilər quraşdırıblar.

Görəsən bu həmin müştəri çəkisi 10qram artıq olsa idi, qayıdıb onun pulunu verəcəkdimi?