
Həyat yumurtaların yerini dəyişdirməyi çox sevir.
Ona görə də bir dəfə toyuq hininə qartal yumurtası düşür. Yumurtadan çıxan cücə sürətlə böyüyür və hinə sığmamağa başlayır. Qardaş və bacıları kimi qanad çırpmaq istəyəndə hini pis günə qoyur. Ona görə də ona qanad çırpmağı qadağan edirlər. Amma məsələ ancaq bununla bitmir. Onun dimdik və caynaqları da böyüyür. Bu cücə anlayır ki, onunla digər toyuqları birləşdirən cəhət hamısının yumurtadan çıxmasıdır. Hində olanlar onu tez-tez məsxərəyə qoyur. Zırpı deyənlər olur. Div deyənlər olur.
Qartal və onun ölçüləri toyuqları narahat etməyə başlayır. Gec-tez onu hindən qovurlar. O, uzun müddət özünə gələ bilmir. Ailəsindən kənara düşməsi və hinin içində ola bilməməsi ona sıxıntı gətirir. Özünü bu qədər böyük və yöndəmsiz olduğu üçün qınayır.
Beləcə günlər keçir...
Bir gün o səmada özü kimi olan 2-3 “toyuğu” görür. Onların sürətli şəkildə şığıması və qanad çırpması möhtəşəmdir. Onların hərəkətləri çox doğmadır. Onların hündürlüyü bir qədər təlaş gətirsə də qartal ömründə ilk dəfə məhz onlar kimi uçmaq istəyir.
İlk cəhdi gülməli alınır. Onun bədəni sözünə qulaq asmır. Çünki bədən hələ də hində yaşadığı həyata uyğun işləyir. Amma digər qartalların yanına gəlməsiylə onun içinə maraqlı bir cəsarət gəlir. Hində olan toyuqlar isə təşviş içindədir. Yırtıcı quşların əlindən qurtulmaq mümkün deyil. Hamısı hinin ən qaranlıq yerinə gizlənir.
Bizim qartal isə qanadlarını çırpdıqca havalanır və ondan möhkəm səslər çıxmağa başlayır. Bu səslər bütün hinə səksəkə gətirir. Dünənin cücəsi belə bir səsi necə əmələ gətirir? Toyuqlar qorxu içindədir.
Hinə girməyə çalışan qartallardan biri planını yarımçıq qoymalı olur. Yenicə qanadlanmış qartalımız ona təpinir. “Mənim kimi olmasalar da ailəmdirlər. Onlara dəyməyin” deyə çığırır.
Çox keçmir ki, qartalların 3-də yüksəliyə uçurlar. Onlar üçün hər yer ov yeridir. Onlar üçün hər yer məkanlarıdır. Qanadların böyük olması necə də vacib imiş. Caynaq və dimdiklərin bu qədər kəskin olması necə də təbii imiş. Onlar uçduqca geridə nöqtə kimi görünən hin və oradan səmaya baxan bacı-qardaşları qalır. O da geriyə baxıb bir anlığa düşünür:
Mən yöndəmsiz deyilmişəm.
Sadəcə yönümü səhv bilmişəm.
Gec də olsa bizim qartal əslində hində yaşamamalı olduğunu anlayır. Onun hini Himalay dağlarıdır. Onun hini ucsuz-bucaqsız düzənliklərdir. Onun günü səmalarda keçməlidir. Onun ömrü sürətlidir və rəqabət doludur. Onun səsi yüksəklərdən gəlmək üçün var.
Maraqlıdır bu yazını oxuyanda neçəniz özünü bu qartala bənzətdi?