Dəyərli oxucu,
Biraz əvvəl səndən bir məktub aldım. Həmin məktubda rəfində tapdığın Onqaku kitabı haqqında fikirlərini yazmışdım. Əvvəlki illərimlə indiki illərimi müqayisə edirdin. İndiki illərim daha hörmətli görünürdü.
İcazə ver sənə bir çox insana soruşduğum sualı soruşum:
“Tolstoy, Dostoyevski, Kafka, Kundera və ya Selincer kimi yazıçılar hansı yaşlarında və ya hansı yazılarında bu işi bacardıqlarını anladı? Hansı illəri, hansı yazıları onları ölümsüz etdi?
14 yaşında yazan Tolstoy ilə 50 yaşında yazanda Tolstoy arasında seçməli olsan hansını seçərdin?
Təbii ki, 50 yaş daha cəzbedici görünür. Amma 14 yaşında yazan Tolstoy mənim üçün daha dəyərlidir. İnsan qocalanda cəsarətli olmur. İnsan qocaldıqca öz qorxularını məharətli şəkildə gizlətməyi öyrənir. Naşı olduğunu göstərmək 14 yaşında uşaq üçün problem deyil. Bu uşaq naşı olmağın elə də böyük bir bəla olduğunu düşünmür. Onun üçün bəla “uşaqlıq” etməməkdir.
İlk yazılarım, ilk cəhdlərim...
Bəzən onları oxuyuram. Həmin illərə qayıtmaq üçün oxuyuram. Amma qayıda bilmirəm. Artıq bu illərin əsirliyində qalmışam. Bu illər mənə diqtə edir. Bu illər mənim yazılarımı tərbiyyə edir. Cəsarətimi itirmişəm.
Arada Hind filmlərinə baxanda həmin cəsarət, həmin sevgi, həmin həyat eşqi müvəqqəti qayıdır. Oturub nəsə yazıram. Bilirəm ki, bu benzinlə çox da uzağa getməyəcəm. Amma bilirəm ki, getməsəm bağrım yarıla bilər.
Onqakunu yazan Coşqunun həyatı çox çətin idi. Onun qarşısında iki seçim var idi. Ya karyeranı seçməli ya da xəyallarının arxasınca getməli idi. Coşqun bilmirdi ki, yazılarının bazar dəyəri nə qədərdi. Onun heç vecinə belə deyildi ki, bu yazıların ümumi aqibəti necə olacaq. Bircə bilirdi ki, bu işi sevir. Oturub musiqiyə qulaq asa-asa nəzə cızmaqara etməyi sevir. O, bilmirdi ki, alınır yoxsa yox. O, bilirdi ki, yazmasa günü alınmır.
Bəlkə də cavan Coşqunla qoca Coşqunu bir məclisdə eyni masaya otuzdurmaq istəsən onların qabağına bir stəkan çay qoyub ikisinə də A4 kağızı uzatmalısan. Onların ikisi də yazmaq üçün bir mövzu tapacaq. Düzdür qocalmış olan Coşqun vəziyyətdən daha peşəkar şəkildə çıxacaq amma cavan Coşqunun ürəyi təmiz fərqli şəkildə döyünəcək. Qoca Coşqun həmin ürəyin səsini eşidən kimi məclisi tərk edəcək.
Oxucular üçün onların müəllifləri hər zaman eniqma olaraq qalmalıdır. Amma elə müəlliflər var ki, onlar sadədir. Pafosları yoxdur deyə oxucularla aralarına pərdə sərmirlər. Ya da kitab yazıblar deyə özlərini dünyanın xilaskarı kimi aparmırlar. Coşqunun eniqması nədir?
Bunu anlamaq üçün ona 40 il lazım oldu.
Bunu qəbul etmək üçün də 40 il lazım gələ bilər.
Əsas odur ki, rəflərdə aradabir kimsə kitablarını tapıb vərəqləyəndə onun kimi hisslər keçirsin. Onun kimi anı yaşasın və onun kimi həyatdan daha çoxunu istəsin. Çünki həyat ondan bir şey istəməsən səni çox da hərləyənə oxşamır. İstəməyi öyrənmək də bir sənətdir.
Hiss olunur ki, oxucum bu sənətə yiyələnib. İndi də mənə maraqlıdır. Hansı yaşında öyrənib? Yoxsa bütün yaşları bir araya gəlib ki, nəhayət öyrənə bilsin?!
29.05.2026
Hörmətlə,
Coşqun Kərimov
