Sizə sürətli gələn danışıqları başa düşməyin yolu və istifadə edə biləcəyiniz faydalı bir mənbə (Danışma qorxusu - Part 3)
Danışma qorxusuna qalib gəlmək mövzusunda olan məqalələr seriyasının 3-cüsündə hər birinizi xoş gördük!
Əgər ilk iki məqaləni oxumaq fürsətiniz olmayıbsa sizlər üçün linkləri aşağıya yerləşdirirəm.
https://kofe.al/ruslanaslanov/posts/comfort-zone-and-english
Birinci məqalədə danışma qorxusuna qalib gəlmək üçün mütləq şəkildə başa düşməli olduğunuz "comfort zone" anlayışı haqqında məlumat verirəm.
https://kofe.al/ruslanaslanov/posts/danismaq-qorxusu
İkinci məqalədə isə özünüzü danışığa hazırlamaq üçün atmalı olduğunuz addımlardan danışır və etməli olduğunuz praktiki çalışmaları nümunələrlə göstərirəm.
Bu məqalədə isə danışıq əsnasında yaranan ən böyük qorxulardan biri olan "qarşındakı insanı başa düşə bilməmək" haqqında danışacağam.
Bu məqamda adətən ana dili ingilicə olanların (native speakers) danışığı bizlərə çox sürətli gəlir və başa düşmək üçün çox böyük zəhmət tələb edir.
Hətta bəzən qarşınızdakı insanı 2-3 dəfə təkrar etdirməyinizə də ehtiyac ola bilir, çünki qarşınızdakının cümlələri çox sürətlə qurduğu hissi sizdə yaranır.
Buradakı problem əslində qarşınızdakı insanın sürətli danışmasından qaynaqlanmır.
Bunu azərbaycan dilindən bir nümunə verərək daha yaxşı izah edə bilərəm.
Fərz edək ki, amerikalı bir insan ara-sıra Azərbaycana səyahət edir və artıq təməl səviyyədə azərbaycan dili öyrənməyə qərar verib.
Amerikada bir kursa yazıldı və ilk dərsdə "Nə edirsən?" sualını öyrəndi.
Daha sonra Azərbaycana uçdu, təyyaradən endi, çantasını götürdü və şəhərdə gəzərkən birdən azərbaycanlı olan birisi ilə (adı Kamran olsun) təsadüfən toqquşdu.
Kamran da geriyə dönüb "Neynirsən qardaşım? Yavaş ol biraz!!!" dedi.
İndi bir nəfər (azərbaycanlı) amerikalıya "Neynirsən?" sualının əslində "Nə edirsən?" mənasını gəldiyini dediyi zaman amerikalının düşüncəsi nə olacaq???
"Azərbaycanlılar necə də sürətli danışırlar." düşüncəsinə bənzər bir düşüncə olacağına əmin ola bilərsiniz :)
Bəs həqiqətən vəziyyət belədirmi? - Təbii ki, xeyir!
Bunun sürətli danışmaqla heç bir əlaqəsi yoxdur. Sadəcə tez-tez istifadə olunan qəliblər hər dildə olduğu kimi azərbaycan dilində də ya udulur ya da şəkil dəyişir.
Amma amerikalı "Neynirsən?" sualının məntiqini başa düşdüktən sonra "Nə üçün?(=Nöşün? - ləhçəyə görə dəyişə bilər*)" və "Nə olub?(=Nolub?)" kimi sualları da rahatlıqla başa düşməyə başlayacaq.
Məhz ingilis dilinin də ilk mərhələdə bizə sürətli gəlməsinin səbəbi budur. Normal dərsdə "What are you doing?" sualını öyrənirik və sözlər ayrı-ayrı deyildiyi zaman başa düşə bilirik.
Daha sonra qarşınıza bir amerikalı çıxır və sizə "Hey, whattaya doin?" deyir. Bunun başlarda sizə sürətli gəlməsi çox normaldır. Xüsusilə də əgər ilk dəfədir eşidirsinizsə..
Bir çox cümlələrdə bu qısaltmalar var. Məsələn, "What are you ...?" qəlibi "whattayu" şəklində deyilir. "Going to", "gonna" olaraq deyilir.
Sonra bütün bunlar bir cümlədə bir araya gəlir və ortaya "whattaya gonna do?" kimi cümlələr çıxır.
Amma bunun məntiqini və niyə belə olduğunu bildikdən sonra bu qısaltmaları başa düşmək get-gedə asanlaşır :)
Ən vacib məqam problemin əslində sürətdə olmadığını başa düşməkdir.
Danışıq əsnasında belə bir vəziyyətlə qarşılaşdığınızda isə həlli çox sadədir.
Belə bir vəziyyətlə qarşılaşdığınızda və ya qarşınızdakı adamın danışığı sizə çox sürətli gəldiyi zaman sakit qalıb (təşvişə düşmədən) "Can (=could) you please speak slower? I can't understand." deyə bilərsiniz.
Adətən bunu dediyinizdə insanların etdiyi şey sözləri udmaq yerinə ayrı-ayrı deyərək cümləni təkrar etmək olur.
Amma biz vəziyyətin bura qədər gəlməsinə icazə verməyəcəyik və arxa planda mütəmadi olaraq bu problemi həll edəcəyik.
Xüsusilə sürətli danışanları başa düşə bilməmək problemini həll etmək üçün edə biləcəyiniz bir praktiki çalışma haqqında danışacağam.
Bu çalışma üçün mətn dəstəkli dinləmə faylları (digər bloglarımda qeyd etdiyim kimi) çox dəyərlidir, çünki başa düşə bilmədiyiniz hissələri rahatlıqla öyrənməyinizə imkan yaradır.
Bu tipli faylları hardan tapa biləcəyinizlə bağlı xeyli LinkedIn hesabımdakı paylaşımlarıma göz ata bilərsiniz. Bu məqalədə isə sizə bu tipli materialların yer aldığı Blinkist tətbiqi (saytı) vasitəsilə bu praktiki çalışmanı necə etməli olduğunuzu izah edəcəyəm.
Bu tipli faylları hardan tapa biləcəyinizlə bağlı payaşımlarıma Telegram qrupumdan göz ata bilərsiniz. Bu məqalədə isə sizə bu tipli materialların yer aldığı Blinkist tətbiqi (saytı) vasitəsilə bu praktiki çalışmanı necə etməli olduğunuzu izah edəcəyəm. Xüsusilə də ingilis dilində kitab oxuma və audio kitab dinləmə bacarıqlarınızı inkişaf etdirmək üçün Blinkist ideal bir platformadır.
Blinkist minlərlə kitabı xülasələr halına salıb, mətn və səs (audio book) yazıları ilə birlikdə tətbiqə əlavə edir. Məsələn, normalda dinləyərək 4-5 saat zamanınızı alacaq bir kitabı 10-15 dəqiqədə bitirə bilirsiniz. Üstəlik bu 10-15 dəqiqəni də "blink" adını verdiyi kiçik parçalara bölür. Beləliklə, 1-2 dəqiqəlik səs yazıları və bu yazıların mətnləri əlinizdə olur və bu şəkildə işləmək daha faydalı və effektivdir.
10-15 dəqiqəlik materialı bitirdiğinizdə bir kitab içərisində çatdırılmaq istənilən ən vacib məqamları (fikirləri) öyrənmiş və bir tərəfdən də kitabı bitirərək özünüzü inkişaf etdirmiş olursunuz. Qısaca desək, bir güllə ilə iki dovşan vurursunuz :)
Bu şəkildə maraqlandığınız sahələr (psixologiya, iş, şəxsi inkişaf, biznes, bədii əsərlər, romanlar, qorxu hekayələri, mədəniyyət və s.) haqqında olan mətnləri və səs yazılarını əldə edib istədiyiniz qədər çalışa bilərsiniz.
Ödənişsiz abunəlik seçimində proqram sizə hər gün təsadüfi dinləyə və oxuya biləcəyiniz bir kitab xülasəsi təqdim edir. Beləliklə, hər gün əlinizdə işləyə biləcəyiniz yeni bir material olur. Bu da sizi "davamlı olaraq sizə uyğun və mətni olan dinləmə materiallarını axtarmaq" dərdindən qurtarıb, sizə ciddi miqdarda zaman qazandıracaq. Etməli olduğunuz tək şey materialı əldə edib istədiyiniz yerdə (avtobusda, maşında, gəzərkən, yeyərkən və s.) və istədiyiniz şəkildə praktika etməkdir. Amma yenə də məsləhət görərdim ki, premium hesab əldə edəsiniz.
Ödənişli abunəlikdə isə istədiyiniz kitabları istədiyiniz qədər dinləmə imkanı və hətta internetə qoşulu olmadan belə kitab xülasələrini oxuma/dinləmə imkanı verir.
Əgər eşitdiklərinizi rahat bir şəkildə başa düşmək mövzusunda ciddisinizsə bura klikləyərək mütləq şəkildə "Blinkist"ə abunə olmağınızı tövsiyyə edirəm. (Bu bir reklam deyil.) "Start your free trial" bölümündən dərhal ödənişsiz abunə ola bilərsiniz. Amma təbii ki, pulsuz olan, mətn və audio dəstəkli digər materialları da (story books, podcasts etc.) istifadə edə bilərsiniz.
"Blinkist"ə abunə olduqdan sonra ikinci addım aşağıdakı addımları izləyərək mütəmadi olaraq eşitdiklərinizi başa düşmək praktikası etməyinizdir.
Tətbiqi açıb kitabınıza daxil olduqdan sonra əvvəlcə mətnə heç baxmadan* materialı tamamilə başa düşməyə çalışaraq bir dəfə dinləyin. Buradakı məqsədiniz real həyatda qarşılaşacağınız vəziyyətə ola bildiyi qədər yaxınlaşmaqdır. Real həyatda qarşınızdakının nə deyəcəyini bilmirsiniz və əlinizdə mətn yoxdur. Eşitdiyinizi nə qədər başa düşə bildiyinizi hər dəfə bu şəkildə ölçməyinizdə fayda var. Beləliklə, bir tərəfdən özünüzü insanlarla danışmaq hissinə də hazırlamış olursunuz.
Tövsiyəm bütün kitabı bir dəfəyə deyil, "blink"lər (1-2 dəqiqəlik parçalar) şəklində işləməyinizdir. Bu şəkildə irəlilədiyiniz zaman bir anda çox miqdarda məzmuna məruz qalmayacaqsınız, yəni işlədiyiniz materialın miqdarı çox olmayacaqdır. 1-2 dəqiqəlik blinki tamamilə başa düşməyə çalışaraq dinləyin. Bunu etdikdən sonra başa düşmədiyiniz sözləri/cümlə strukturlarını mətnə baxaraq bir yerə yazın və öyrənin. Sonra isə növbəti blinkə keçin və bu şəkildə kitabı tamamlayın.
İndi qeyd edəcəyim hissə çox önəmlidir. Əgər sürətli gələn danışıqları başa düşməkdə inkişaf etmək istəyirsinizsə bunun həlli aşağıda izah edəcəyim bu addımı hər dəfə tətbiq etməkdir.
Mətnə baxıb başa düşdüyünüz amma dinlədiyiniz zaman qaçırdığınızı (nə deyildiyini anlamadığınızı) fərq etdiyiniz hissələri başqa bir yerə qeyd edin (yazın). Bu hissələr böyük ehtimalla sürətli tələffüz səbəbi ilə problem yaşadığınız yerlərdir. Bu hissələri rahat şəkildə başa düşə bilənə qədər səs yazısının o qismini təkrar-təkrar (dəfələrlə) dinləyin.
Bütün bu çalışmaları bitirdikdən sonra da mətni 2-3 dəfə tamamilə başa düşərək dinləyin və növbəti kitab xülasəsinə keçib eyni addımları təkrarlayın.
Xülasə olaraq;
- Bura klikləyərək "Blinkist"ə abunə ol.
- Kitab xülasəsini aç və blinklər (kiçik parçalar) halında irəlilə.
- Əvvəlcə mətnə heç baxmadan blinki ola bildiyi qədər başa düşməyə çalışaraq dinlə.
- Daha sonra başa düşə bilmədiyin sözləri və qəlibləri qeyd et (yaz).
- Başa düşə bilmədiyin sözləri və qəlibləri müəyyən edərkən, dinlədiyin zaman başa düşmədiyin (qaçırdığın) amma oxuyanda başa düşdüyünü fərq etdiyin yerləri də başqa bir yerə qeyd et.
- Oxuyub başa düşə bildiyin amma eşidib başa düşə bilmədiyin sözlərin/qəliblərin olduğu cümlələri başa düşə bilənə qədər təkrar-təkrar dinlə.
- Bütün blinki (1-2 dəqiqəlik parçanı) tamamilə başa düşə biləcək şəkildə 2-3 dəfə dinlə və növbəti blinkə keç.
- Yeni kitaba keç və yuxarıdakı addımları təkrarla.
Bu praktiki çalışmanı etdiyiniz zaman eşitdiyinizi başa düşmək bacarığınız getdikcə irəliləyəcək.
Dinlədiklərini (eşitdiklərini) başa düşə bilmək qismi ingilis dili öyrənərkən yavaş inkişaf edən (irəliləyən) bir prosesdir. Bu səbəbdən hətta 2-3 kitabdan sonra belə yavaş irəliləyiş görürsünüzsə əhvalınızı pozmayın! Bu çox normal bir vəziyyətdir :)
Mütəmadi olaraq bu praktiki çalışmanı etsəniz, getdikcə insanları daha rahat başa düşə bildiyinizi və davamlı olaraq yeni sözlər (ifadələr, qəliblər) öyrəndiyinizi görəcəksiniz. Xüsusilə də tələffüzlərə biraz alışdıqdan sonra :)
Bəli, eşitdiklərinizi başa düşə bilmək üçün edə biləcəyiniz praktiki çalışma da bu şəkildə tətbiq olunmalıdır.
Növbəti məqalədə sizlərlə bütün bu öyrəndiklərinizi möhkəmləndirmək üçün istifadə edə biləcəyiniz və insanlarla əlaqə (ünsiyyət) qurmağınızı təmin edəcək bir neçə mənbə paylaşacam.
Beləliklə, danışıq qorxusuna qalib gəlmək üçün bilməli olduğunuz hər şey əlinizin altında olacaq. İndi isə ən önəmli nöqtələrdən biri olan "eşitdiyini başa düşmək" qismini yuxarıda izah etdiyim şəkildə inkişaf etdirməyə fokuslanmağınızı istəyirəm, çünki ən böyük stress (gərginlik) yaradan məqamlardan biri də budur :)
Digər məqalələrdə görüşənədək! Özünüzə çox yaxşı baxın!
Məqalə sizin üçün faydalı oldusa kofemin ☕ kənarına bir kitab 📖 da almağı unutmayın :) Bu da sizi faydalandırmağa sərf etdiyim zamanın qiymətləndirilməsi olsun.
Material, mentorluq dəstəyi və suallarınız üçün mənə müraciət edə bilərsiniz.
Telegram: @RUSLAN_LINGUIST
© Ruslan Aslanov