İnsanın vermək fəaliyyətinin kökündə almaq niyyəti dayanır. Yəni, vermək əslində almaq istəməkdir və insan başqasına bir şey verərkən, əslində özü üçün nəsə istəyir.
Bu tələbkarlıq insanın yaşamaq məqsədinin təməlidir və o, daima maddi, mənəvi nələrisə əldə etməyə çalışır. Əslində, insan özü də fərqində olmadan, yalnızca mənəvi qazancların arxasınca qaçır. Təməldə insanın bir o qədər də maddi şeylərə ehtiyacı yoxdur. Həqiqi maddi ehtiyaclar, onun yaşaya bilməsi üçün vacib olan şeylərdir. İnsanın geri qalan bütün maddi tələbləri onun özünü mənəvi cəhətdən necə hiss edəcəyinə xidmət edir. Bu səbəbdən də, insan instinktiv olaraq, nəticədə öz emosiyalarına təsir etməyəcək hər hansı bir şeyi etmək iqtidarında deyil.
Məlumdur ki, insanlar içərisində ən çox təqdir alan tiplər yaxşı insanlardır və yaxşılıq hər zaman üstün xarakter sayılır. Məsələ belədirsə, yaxşılığın əsasda nə olduğunu analiz edək.
Yaxşılıq nədir? İnsan niyə yaxşılıq edir?
İlk baxışda yaxşılıq, bir insanın başqasına maddi dəstək olması, fiziki köməyə ehtiyacı olan birinə yardım etməsi, mənəvi çətinliyi olan insana təsəlli verməsi kimi qarşılıq güdülmədən, təmənnasız edilən hərəkətlər kimi görünür. Bizə elə gəlir ki, o empatiya hissindən qaynaqlanır.
Əlbəttə ki, ilk baxış bizi qane etmir. Dərinə gedirik görək , həqiqətən belədirmi?
Empatiyanın mahiyyəti, qarşı tərəfin xarakterinin və kimliyinin bir önəmi olmadan, özünü xəyalən onun yerinə qoyub, onun başına gələcəkləri hiss etməyə çalışmaq yox, özünü onun yerinə qoyub öz başına gələcəkləri təsəvvür etməkdir. Öz mənafeyini güdməkdir. Empatiya insanın əsl mənçi fəaliyyətidir.
Belə ki, insanların müsbət xarakterli insanlara yaxşılıq etmək ehtimalı, mənfi xarakterli insanlara yaxşılıq etmək ehtimalından daha yüksəkdir. İnsanlar şəxsiyyətini bəyənmədiyi insanlara yaxşılıq etmirlər. İnsan yaxşılıq etdiyi bir nəfərdən nankorluq görərsə, ona yaxşılıq etməyindən peşman olur və böyük ehtimalla bir daha ona yaxşılıq etmir. Bunlar insanın özünü qoruma instinktindən qaynaqlanır.
Bir kişinin bir qadına yaxşılıq etmə ehtimalı, bir kişiyə yaxşılıq etmə ehtimalından daha çoxdur. Eynilə də bir qadının bir kişiyə yaxşılıq etmə ehtimalı bir qadına yaxşılıq etmə ehtimalından çoxdur .Bu hərəkət isə özünü əks cinsə bəyəndirmək, təqdir edilmək instiktindən qaynaqlanır.
Məsələ yaxşılıq olarkən, xoş görünüşlü birinin də, çirkin görünən birinə qarşı şansı daha çoxdur. Yadların, doğmalarınıza qarşı şansları azdır. Sizə və yaxınlarınıza bənzəyənlər digərlərinə qalib gəlirlər. Ortaq bağlarınız olanlara daha həvəslə yaxşılıq edirsiniz.
Yaxşılıq, inanılanın əksinə olaraq, gizlədilən bir hərəkət deyil. Sağ əlin verdiyini sol əl həmişə bilir. Heç kim yaxşılıq edib, bunu gizlətmək niyyətində olmur. Yaxşılıq edərkən, onlar bunu ətrafdakılara göstərməyə çalışır, görəcək heç kim yoxdursa, daha sonra mütləq bunun haqqında insanlara danışır, hansısa bir yolla yaxşılığını ifadə edirlər. Ən pis halda Cənnət üçün “xal” toplayırlar.
Beləliklə, insan bəyənilmək və təqdir olunmaq istəyir. Bu onu yaxşı hiss etdirir. Nəticədə, insan yaxşılıq edərkən, ilk növbədə özünə yaxşılıq etmiş olur. Bu ona lazımdır, çünki, insan yalnız yaxşı hiss etdiyi zaman öz həyatını dəyərli hesab edir.
Yaxşılıq olunan insanlar çox vaxt özünü yaxşılıq edənin qarşısında borclu hiss edir. Bəzən buna görə utanır, əyilib-bükülüb yumağa dönür.
Yaxşılıq edənin əslində özünə yaxşılıq etmək istəyində olduğunu, verərkən əslində almaq niyyətində olduğunu gördük. Yaxşılıq görən bunun qarşılığında yaxşılıq edənə heç zaman borclu qalmır, çünki yaxşılıq edən öz istəyinə nail olmuş sayılır.
Yaxşılıq qarşısında əyilib-bükülmək əvəzinə, yaxşılıq edənə sevgi qaytarmaq, ona gülümsəmək və səmimiyyəylə təşəkkür etmək yaxşılıq prosesinin məqsədə çatmasına daha yaxşı xidmət edən hərəkətlərdir.
İnsanın aldığı yaxşılıq qarşısında verəcəyi şey yalnız sevgidir.