Qərbin Şərq fəlsəfəsi və Dzen buddizmi ilə tanışmasında önəmli rolu olan, yapon yazıçı D.T.Suzuki “Dzen buddizm və psixoanaliz” kitabında Qərb və Şərqin fərqliliyinə maraqlı izah verir.
O deyir, qərb rasionaldır, məntiqə və ağıla əsaslanır, hər şeydə fayda axtarır. Qərb mexanikidir, Şərq isə irrassionaldır, empatikdir. O, hisslərlə yaşayır, duyğuları güclüdür.
Bu fərqi izah etmək üçün, Şərqli və Qərbli şairlərin eyni tərzli iki şeir nümunəsindən istifadə edir.
Şərq şairi Başo yazır:
Diqqətlə baxarkən
Çiçəklənən nazunanı gördüm
Çəpərin dibində!
Qərbli şair Tennissonun isə şeirində bu hissə var:
Çat vermiş divarda bitən çiçək,
Səni mən dərdim o çatlardan.
Budur, əlimdəsən, köklərin və tamamın.
Balaca çiçək, əgər anlaya bilsəydim,
Nəsən sən, köklərin və tamamın və tamın içində tamamın,
Tanrının və insanın nə olduğunu anlardım onda.
Suzuki açıqlama verir: “Başonun gördüyü nazuna quşəppəyi növünə aid bir bitkidir. Böyük ehtimalla, Başo yol ilə yeriyəndə birdən çəpərin dibində gözə o qədər də çarpmayan bir şey görür. Yaxınlaşıb diqqətlə baxdıqda adətən heç kimin fikir vermədiyi, məsumca, təvazö ilə açmış sadə çiçəyi görür. Diqqətlə baxdıqda onun nə qədər zərif, ilahi gözəlliklə dolu olduğunu sezmək olur. Əksər şərqli kimi, özünü təbitətlə bir tutur, onu hiss edir, özünü təbiətdən ayırmır. Gülü tanımaq gül olmaqdır, gül kimi çiçəklənməkdir. O, zərif çiçəyin gözəlliyini öz ruhunda duyur.
Qərb şairi Tennison çiçəyi dərir, əlində “kökləri və tamamı” ilə saxlayır və ona diqqətlə baxır. Başo gülü dərmir, onu görür və sadəcə baxıb, onu hiss edir. Hissləri dərindir amma onları ifadə etməyə ehtiyac yoxdur. Tennison isə aktiv və analitikdir. O, ilk növbədə gülü bitdiyi yerdən qoparır. Onun məxsus olduğu zəmindən ayırır. Gülü sakit buraxmır. O gülü “kökləri və tamamı” ilə ordan dartıb qoparmalıdır. Bu isə o deməkdir ki, bitki öləcək. Gülün taleyi şairi maraqlandırmır, təki marağını təmin etsin.
Tenisson qoparılmış və artıq solmaqda olan gülə baxaraq özünə sual verir: “Səni dərk edirəmmi?”
Başonu bu qətiyyən maraqlandırmır. O bu təvazökar nazunanın aşkarladığı, mövcudluğun mənbəyinin dərinliklərinə uzanan sirri duymaqla məşğuldur. O bu duyğudan məst olmuşdur və bu halını eşidilməyən harayla ifadə edir.
Tennison isə öz intellektual cəhdlərinə davam edir: “Əgər səni dərk edə bilsəydim, Tanrının və insanın nə olduğunu anlayardım”.
Onun dərkə müraciəti Qərb üçün səciyyəvidir. Tennisonun fərdiyyəti güldən, “Tanrıdan və insandan” ayrıca mövcuddur. O, təbiətlə birgə deyil, ondan ayrıdır. Onun idrakı elmi obyektivliyə söykənir.
Tennisonda birinci yerdə duyğunun dərinliyi deyil, o, tamamən intellektdən ibarətdir. Tipik Qərb mentallığı. O, konkret yaşantı əsasında nəsə deməlidir, intellektuallaşdırmalıdır. O, duyğu zonasından çıxaraq intellekt zonasına keçməli, yaşam və duyğuları bir sıra təhlillərə tabe etdirməli, hər şeylə maraqlanan Qərb ruhunun marağını təmin etməlidir.
Bu iki şair Qərb və şərq arasındakı iki səciyyəvi təməl yanaşmanı göstərmək üçün seçilmişdir. Biri Şərqi, biri Qərbi ifadə edir.
Qərb ağıllı, analitik, fərdiyyətçi, intellektual, obyektiv, elmi, sxematik, təşkilatçı, hakimiyyətə, özünütəstiqə, öz iradəsini digərlərinə sırımağa və s. can atan ağıldır. Qərb dilli-dilavərdir.
Bu cəhətlərdən fərqli olaraq, Şərq sintetik, qeyri-sistematik, ehkamçı, subyektiv, ruhani fərdiyyətçi, icmaçı və s. xüsusiyyətlərə sahibdir. Şərq susqundur. Amma, o susqunluqda nəsə dərin bir şey var.”
Suzuki nə qədər bildirmək istəməsə də, əslində Şərqin ruhani hahalını, dəyərlərini yüksəldərkən, Qərbə ikrahla yanaşır. Şərqi Qərbdən üstün görür.
Bu fikirlərin 66 il əvvəl deyildiyini nəzərə alıb, bu günümüzə diqqət edəndə, əslində hazırki vəziyyətin daha fərqli olduğunu görürük. İndi Şərq xoşbəxt deyil, duyğularını idarə edə bilmir, ruh halı qarışıqdır. İndi şərq təbiətlə iç-içə ola bilmir, ona qarşı empatik deyil və biganədir.
Qərb isə daha xoşbəxtdir və öz anındadır. Qərb nə istədiyini bilir, özündən əmindir. Dəyərlərinə sadiqdir, özü olaraq var və başqa bir şey olmağa meyl etmir. O, özü olaraq inkişafdadır və hayatından ləzzət alır.
İndiki dövrdə Şərq Qərbə uduzur. Şərq öz şəxsi keyfiyyətlərindən keçib Qərbə meyl edir, onunla ayaqlaşmaq istəyir. Ona görə ki, yaşadığımız sistemi və dünya nizamını Qərb inşa edib. Qərbin intellekti, rasional yanaşması elə bir sistem qurub ki, Şərq ona tabe olmağa məhkumdur. Qərbin maddiyyatçılığı kapitalist sistemi yaradıb, texnoloji struktur qurub. Bu elə bir sistemdir ki, ona tabe olmasan, onunla rəqabət etməsən, yox olub gedəcəksən.
Şərq öz ruhani vəziyyətində qalsa, Şərq susqun yaşasa, məhv olacaq. O, həyatda qalmalıdır. Həyat isə Qərbin məhsuludur.
Şərq ona görə xoşbəxt deyil ki, o özü olmaqdan imtina etməlidir. Şərq öz dəyərlərini satmalı və Qərbə bənzəməlidir. Şərq çaşbaş düşüb. O, nə tam özgələşə bilir, nə də özü kimi qala bilir. Şərq, pula çatsa da pulla düzgün rəftar edə bilmir. Effektiv və nizamlı bölüşdürə bilmir. Texnologiya yaratsa da, ondan istifadə bacarıqları yoxdur. Özünü onun əsirinə çevirir.
Şərq tamamilə xaosun içərisindədir, Qərb isə nizamda və harmoniyadadır.
Bütün bu nəticələrə baxmayaraq, Şərqin sahib olduğu dəyər Qərbinkindən daha güclüdür və daha insanisdir. İntellekt və sistemlilik sonradan qazınıla bilər, duyumluluq isə doğuşdan var olur. İnsanın ən güclüsü və psixoloji baxımdan çevik olanı, həm ağıla həm də həssas duyğulara malik olanıdır. İnsan hiss edə bildiyi, görünməyəni duyduğu və zehnində analiz edib, qərar verdiyi zaman daha güclüdür.
Nə zaman ki, Şərq birdən oyansa, özü kimi qalmağa qərar verib, həm də ağıla istiqamətlənsə, onda Dünya yaşanılacaq vəziyyətə dönə bilər.
Gül, bitdiyi divarın çatında və çəpərin dibində var olmalıdır. İnsan isə sadəcə, onun var olduğunu və var olmalı olduğunu dərk edib, öz işinə baxmalıdır.