APU Trilogiyasını bitirdim. Bu 3 film bir qəhrəmanın körpəlik, yeniyetməlik və yetkinlik dövrünü əks etdirir. Apu doğulduğu kəndin içində olmaq, valideynlərini görmək, nənəsini seyr etmək sürreal bir təcrübə oldu.
Zamanda səyahət edib, həmin dövrün insanı kimi içinə düşürsən o vəziyyətlərin. Durqa adında bacısının şıltaqlığı, nənəsinə olan sevgisi və sondakı zamansız gedişi səni darmadağın edir. Ananın fəryadları, bir qadın kimi tənhalıq yaşaması və həyatında olan kişilərdən “bir qucaq dolusu həyat” umması məni çox düşündürür.
Nənə obrazı qadınlıq anlayışından çox kənara çıxaran və ilk baxışda insanı qorxudan obrazdır. Qocalığın nə olduğunu sadəcə yaşamaqla qalmırsan. Özünü həmin vəziyyətdə görmüş olursan. Nənənin olmayan dişləri, əyilmiş bədəni və meyvə görəndə uşaqcasına sevinməyi bir kənarda qalsın. Onun oxuduğu layla insanı silkələyir.
“Oturmuşam, boş və heç kimə lazım olmadan gözləyirəm, məni aparmağını” deyir bu qadın. Bir çox yaşlı insan kimi sakit şəkildə gözləmir gedişini. Bunu mahnı oxuyaraq edir.
Gecənin qaranlığına həmin mahnının sözlərində olan qaranlıq qarışmış olur.
Satyajit Rey haqqında bilmədiyimə görə özümü qınamaq da mənasız qalır.
Bu trilogiyanı gec olsa belə izləmək, film həvəskarı üçün unudulmaz təcrübədir.
Deyirlər ki, Don Kixotu oxumayan insan özünə oxucu və ya yazıçı deyə bilməz. İndi rahatlıqla deyə bilərəm ki, Apu Trilogiyasına baxmayan insan özünə film insanı deyə bilməz.
Trilogiya haqqında danışıb onun sehrini, ağırlığını və insanda buraxdığı o dərin izi azaltmaq istəmirəm. Apu böyüyür və yaşadığı illəri kitaba çevirmək qərarına gəlir amma son anda çölün ortasında kağızların hamısını əlindən yerə atır. Həmin səhnəyə baxan mən onu qınaya bilmirəm. Onunla birlikdə yaşadığı həyatın ona vurduğu zərbələri yola salıram.
Gileylənirəm.
Həmin kağızların yerinə bacısını, nənəsini, atasını və anasını geri istəyir. Elə mən də ona qoşuluram.
Amma onlar qayıtmayacaq.
Bu filmin təsiri də belədir.
Filmdən əvvəlki izləyici bir daha qayıtmayacaq.