Vəziyyət necədir?

Vəziyyətimizin dəyişməsi bir an məsələsidir.


6 baxış
05.09.2026
2 dəq oxuma

Rusların məşhur "nastroyenie" sözü var. Ərəblər "hal-əhval" deyir. Bu ərəblərin ürəyi soyumur, üstünə "vəziyyət" deyirlər. Mətləbə keçim:
Vəziyyət pis olanda, vəziyyəti yaxşı olanlardan zəhlən gedir. 
Vəziyyət əla olanda, vəziyyəti pis olanları görməyə gözün olmur. 
İndi bu Zlatan da deyir ki, vəziyyət an məsələsidir. Hər zaman eyni qalmaq mümkün deyil. Bir çox mentor deyir ki, əgər nastroyenie ağırdısa o zaman dvijeniye etməlisən ki, vəziyyət dəyişsin. Amma bu nəqədər çətindir bir bilsəniz. Dvijeniye edirsən yollar bağlanır. Qır tökürlər, xətt çəkirlər, təxirə salırlar, ələ salırlar və s. 
Yadıma düşür ki, bir dəfə başım dəhşət ağrayırdı. Dərman kömək etmədi. Başı aşağı dayandım. Qan yol getdi. Biraz düzəldi. Başımı qaldırdım və vəziyyət yenə pisləşdi. Axşama qədər qum saatı kimi vəziyyətimi tənzimlədim. Fəryad qopardım:
"Allahım belə etməkdənsə, elə öldür gedim." 
Elə bu cümlə qurtarmamış mənim facebook-a bir mesaj gəldi:
"Coşqun bəy, həyatına son qoymaq istəyən birinə bunu etməməsi üçün nələr deyərdiniz?" 
"Tanrının yumor hissi var" deyib həmin gənclə 1 saat yazışdım. Səslər atdım. Başım zoqquldaya-zoqquldaya ona bu həyatın nə qədər şirin, vacib və dəyərli olduğunu izah etdim. Vəziyyət dəyişmədi. Ağrı orada idi amma bu ağrını ciddiyə ala bilmirdim artıq. Həyatımın fonunda bu ağrı nə idi ki? 
Həmin mesajlar mənə xatırlatma idi. Bugün nə qədər insan Kamyunun fəlsəfi sualına cavab axtarır? İntihar yoxsa davam. Çexov kimi onlar da "nə gözəl günlərdir" deyir. Bilmirlər ki, kofe içsinlər yoxsa tüfəngi götürüb part etsinlər. Kofe demiş sabah kofe festivalı var. Qalmışam ora gedim yoxsa getməyim. Kofe və çay adamları yazımdan sonra onları radara salmışdım. 
21 gündür ki, Forrest kimi yol qaçıram. 100-cü günə qədər 1000 dəfə vəziyyətim dəyişəcək. Sözün İzində ilə dayanıram. 11 kitab bəsinizdir. Koani də gələcək uşaqlar üçün və ilimizin 12 ayı hazırdır. 
Bu kitabları yazmaq məni haldan-hala saldı. 
Dəyərdimi? 
Azərbaycanda əsla. 
Amma Azərbaycan üçün əlbəttə. 
Bəlkə də mən çox romantik vəziyyətdəyəm. Bəlkə də xəyalpərəstəm. Amma bu da olmasa o zaman bu hər gün ora-bura şütüməyin nə mənası olacaq? 28 mayı Nizamidən ayıran dünya bizi də bir gün yolumuzdan ayıracaq. O zaman yazmışıqsa 1001 vəziyyətimiz qalacaq.