Diqqətlə baxdım. Düymələri və çiyinlərində fərq gördüm. Qollarının son hissəsində qaralmış bir zolaq dururdu. Boğazının üst hissəsi geyinilməkdən yeyilmişdi. Materialı mənə hər zaman verdiyi rahatlığı vermək əvəzinə təmiz fərqli bir narahatlıq hissini ötürürdü. İçimdə əminlik əvəzinə suallar yaranırdı.
Görəsən kostyumun köhnəldiyini mənimlə birgə hiss edənlər olubmu? Görəsən gördüklərimi görüblərmi?
Şəhərin yollarıyla gəzən zaman, qeyri-ixtiyarı şəkildə gözlərimlə digər kostyumlu adamları axtardım. Qarşıma elə hey cins, köynək və idman paltarları geyinənlər çıxırdı.
Dövlət binasının yanından keçəndə eyni kostyumlular dəstəsini gördüm. Çox da seçilməyən, qara və qalstuklu dəstə nahardan qayıdırdı. Kefləri kök idi. Mən isə kefsiz idim.
Yeni kostyum almalı idim.
Bütün şəhər iri bir ticarət mərkəzinə çevrilmişdi. Hara getsəm qarşıma onlarla çeşid geyim çıxır və hər biri “məni al” deyirdi. Amma heç biri ürəyimə yatmırdı. Bəlkə də əynimdə olan köhnə kostyuma görə günahkar hiss edirdim özümü.
Mənim köhnə dostum. Necə vəziyyətlərdən çıxarmışdı məni illərlə? Necə tədbirlər, təlimlər və görüşlər görmüşdü? Onunla neçə xeyir işə getmiş, məclislərdə oturmuşdum? Saat əqrəbi kimi işləyirdi. Əynimə geyinən kimi mənim görüntümü dəyişir və daha alicənab göstərirdi.
Onunla birlikdə olan illərim necə də tez gəlib, tez keçmişdi?
Onlarla mağaza gəzdim. Saysız-hesabsız vitrinlərin yanından keçdim. Amma içəriyə girmədim. Sanki kostyumun mənimlə birgə vitrinlərə baxdığını hiss edirdim.
Zamanın sınağından alnıaçıq çıxmış dostumu köhnəldiyi üçün yenisi ilə əvəz etməli idim. Ona edə biləcəyim ən böyük pisliyi edəcəkdim. Asılqan ömrünü yaşayacaq və beləcə əynimi görməyəcəkdi.
Yeni kostyumlarda hər şey yeni idi.
Görünüş, düymə düzülüşü, zolaqların planı. (Yaxşı ki, bu zolaqları AYNA çəkməmişdi.) Birdə qəribə rəngləri vardı...amma..amma nə isə çatmırdı...sanki xarakter yox idi onlarda...bu kostyumlarda bir dəfə geyin və tulla getsin havası var idi.
Qəribədir amma geyimlərin də xarakteri olurmuş.
Ya da onlar sahiblərinə bu xarakterdən bir pay verə bilirmiş.
Bir sözlə hey fikirləşib sonda vitrinlərdən uzaqlaşırdım. Növbəti dəfə köhnə dostumla evə qayıdır, onu səliqə ilə asılqandan asıb şkafın qapılarını bağlayırdım.
Fikirləşən daha çox fikirləşər.
Sonra isə fikirləşməyinə ehtiyac qalmaz.
Kostyum üçün nəzərdə tutduğum pulu elə dava-dərmana xərcləmiş oldum. Alman aptekindən yaxşı dərmanlar almalı idim. Qızdırma, qulaq, boğaz və vitaminlər kassaya vurulan zaman rəqəmi eşitdim. Dedim elə bu almaq istədiyim kostyumun yarı qiyməti etdi. Zərurət birdən yaranmışdı. Uşaqlar məktəbdə kimdənsə qrip qapıb evə gətirmişdi. Onlar üçün nə isə alanda fikirləşməyə ehtiyac qalmır.
Əynimdə köhnə dost, əlimdə bir torba dərman evə qayıtdım.
Liftdə “İlahi, yaxşı ki, mənə bu uşaqları bəxş etmisən” deyə pıçıldadım. Yanımda heç kim olmasa da pıçıldamağı daha məntiqli hesab etdim. Bəlkə də yanımda onun özü var idi. İllərlə məni min cür hadisədən bu tək kostyumla keçirən qüvvə.
Səssiz, səmirsiz və eleqant şəkildə iş çevirim deyə bir toxunuş kifayət etmişdi.
İndi isə dövr dəyişmiş və bir toxunuş kifayət etməyirdi. İndi ümumiyyətlə heçnə kifayət etməyirdi.
Tək-kostyumlu kişilər dövrü bitmək üzərədir. İndi az qala xanımların qarderobu ilə başa-baş gedən kişilərin dövrü at oynadır. Onlar üçün yaşıl işıqlar, qırmızı xalçalar və ağ günlər erası gəlib.
Biz tək kostyumlular isə tarixin qırmızı kitablarında özümüzün şərəfli və ya şərəfsiz yerimizi tutmaq üçün an gözləyirik.
Yerimiz Şinel almış kişilərdən sonra gəlir. Buna da şükür edə bilərik. Onlardan fərqli olaraq bizə doya-doya geyinmək nəsib oldu. Hətta hər 10 illik dövrümüzü bir kostyumla keçirə bildik.
Lisey illərimdə tünd göy rəngli Osmanbəy markalı kostyum ilə yol getdim. Universitetdə Sədərəkdən aldığım markasını bilmədiyim boz kostyum mənə şans gətirdi. Toyum üçün alıb iş həyatımda da geyindiyim qara kostyumum ilə yaman dostluq illəri yaşadım və bir də 2017-dən sonra Süvari markalı mavi kostyumum mənim yaxın sirdaşım oldu.
Vacib görüşlərdən əvvəl və sonra nələr yaşadığımı o bildi.
İndi də bilir ki, əlacım olsa onun cındırı çıxana kimi geyinərəm.
Amma...cındırı çıxmış zəmanə tələb edir ki, yeni bir kostyum alıb onunla növbəti, kim bilir neçə ilimi başa vurum.
Bəlkə də bir gün, hardasa 30 il sonra nəvələrimdən biri səhvən şkafda və ya qarajda bu köhnə dostumu tapıb ona baxacaq, ona toxunacaq. Bu mənim babamın kostyumudur deyəcək və ehmalca əyninə geyinib güzgüyə baxacaq.
Güzgünün qarşısında dayanan zaman bir anlıq babasına çevriləcək və köhnə dosta yaxşı günlərinin xatirəsini qaytaracaq.
Qız nəvəm olsa həmin kostyumu qayçı ilə doğrayıb özü üçün bir yeni geyim yaradacaq və onunla üniversitetə gedəcək.
Kostyum nədir şkafda dayanıb gün saymaq nədir?!