2006-cı ildə istifadə etməyə başladığım platforma ilə 2015-18 ci illərdə pik yaşadım. KVAN yazıldı, yayıldı və təmiz başqa bir şeyə çevrildi. Postlarım emalatxana işlərim idi. Onlar qısa hekayələr, obrazlar, hadisə və təcrübələr üçün eskiz rolunu oynayırdı. Elə postlar olurdu ki, oxuyan bu hansı xarici müəllifin yazısıdır deyə soruşurdu. Qurban Qurbanova gözə yazdığım post ilə 1000 AZN qazanmışdım. (Çempionlar Liqasına çıxan zaman) Bəyənmələr, paylaşmalar və s. Elə onun kimi qan edirdim. Sonra isə...sonra zaman keçdi və bir gün Türkiyədə olan zəlzələdən 3 gün əvvəl həm facebook, həm də instaqram səhifəmi hack edib sildilər. İlk 3-5 gün qəribə bir sakitliklə keçdi. Əsas işim təlimlər və natiqliklə bağlı olduğu üçün işlərim dayanmadı. Əksinə daha da fokuslandım və whatsapp-ın qızıl erası başladı. Mesajlar, zənglər və s. Hətta bir gün Qara Qarayev də zəng edib "Axşamınız xeyir Natiq bəy demişdi". VİP ailələr və uşaqları ilə işlədim. Daxildə sevindim ki, KVAN, UBUNTU və digər kitablarım çap edilib. Onları hack etmək və silmək mümkün deyil. Düzdür, birdən kütlənin xoşuna gəlməyən bir şey etsəm məni də Əylisliyərlər. Bizim kütlənin xoşuna gəlmək 2*2 dir Kəramətdən soruşun bilir. Xoşuna gəlməmək isə daha asandır. Çətin və düşündürən şeylər yazırsan bitir. Nə isə yenə ürəyim dolmamış burda bükmək istədiyim dolmanı büküm:
Ayıldım ki, nə məni axtaran var, nə də mən axtarıram. Vaxt keçdi və mənə deyildi ki, köhnə akkauntları bərpa elə. Dedim Türkiyə zəlzələsində hərşeyini bir gecədə itirmiş insanlara nisbətdə şükürlü vəziyyətdəyəm. Belə qalsın. Yeni səhifələr açdım. Onlarla biraz vaxt keçirdim və arada "aaa Coşqun bəy siz və yazılarınız qayıtdılar" oldu. Hiss etdim ki, o qopma ilə bir şeylər qopub gedib. 12 il ailəvi şəkildə Memar Əcəmidə yaşadığım yerdən köçən gün isə platformaya əlvida dedim. (80-lərdən yaşayırdım amma 2011-dən öz MMMC ilə yaşamaq ayrı bir hiss idi.)
Dedim facebook sən sağ, mən salamat.
Dedim və onu unutmaq üçün işlərimə fokuslandım. Linkedin də məni təsəlli etmək üçün gözləyən snayper kimi qucaq açdı. Orada yazdım və böyüdüm.
Sonra özümü Mayk Tayson kimi apardım. Mayk Tayson boşandığı həyat yoldaşını yenə qucaqlamaq və oturub birlikdə çay içmək üçün gizlincə ona qayıtmağa cəhd edir. Köhnə evlərinə yaxınlaşan zaman isə maşınlarında aksiyon olduğunu görür. Görür ki, eks yoldaşı tək deyil və kiminləsə öpüşür. Tayson bir qədər də yaxınlaşıb görür ki, maşında oturan gədə Bred Pitdir. (Olmuş hadisədir. Bred hələ Hollivudda çörəyi axtaran vaxtlarında belə edir. Sonra Joliləşir və s.)
Sözümün canı odur ki, indi burada nəsə yazanda cəhdlərimi boşanmış birinin münasibətini qaytarmağa cəhd kimi görürəm. Bəli, köhnə günləri qaytarmaq olmurmuş. İndi mənim bu platformam çoxdan özünə Bred Pitlərini tapıb. Marçıldaşmaqlarına baxmağa həvəsim yoxdur.
Düzdür Yung və ya Freyd də deyərdi ki, əslində burada yazdığım yazıları daha çox atama görə yazıram. Onun diqqətlə və həvəslə oxuduğunu bilirəm. Bu mənim onunla ünsiyyət qurma mexanizmimdir. Qan edən vaxtlarımda o da şərhlər yazırdı. İndi sakitcə izləyir və bəyənir. Arada.
Düşünürəm ki, 10 və 11 kitabı Sözün İzində adlı topluya sığdırmaqla öz yazılarımı, xatirələrimi, ideyalarımı, obrazlarımı sığorta etmiş oldum. Artıq onlar kişinin də masasında var. Anam da vərəqləyib. Uşaqlarım da oxumağa başlayıb. Sifariş edənlərin bir qismi də çay və kofe ilə siftə edib.
Burada yazan günlərim məni çox püxtələşdirmişdi.
İstədim həmin günləri yad edib növbəti günlərimə keçim.
Xeyirlisi nədirsə o olsun.
Hə birdən kimsə çaşıb və ya həvəsə gəlib yazılarımın bir qismini oxumaq həvəsinə düşsə bunun üçün də kofe al səhifəsi var.
Tam buketi əlində tutmaq istəsə Sözün İzində kitabım var.