Paralel Dünyanın İnsanları

Hamımızın sözləri var. Hamının deməyə sözü var.


12 baxış
26.08.2026
4 dəq oxuma

10 gündür ki, Elmlər Akademiyası tərəfdən İçərişəhərə qədər yolu gəzərək qət edirəm. Uzun yolun sakit hissəsi ləzzət edir. 20 nömrəli məktəbdən Xiyabana kimi olan hissəni deyirəm.

Funikulyorun yuxarı hissəsinə çatanda turistlər toplusu görünür. İki seçim var. Ya bu sürüşmədən sonrakı ağ binaların yanından “xolostoy” şəkildə düşmək, ya da Türk məscidinin böyrü ilə "1001 pilləkən" deyib aşağı tərəfə addımlamaq. İkisini də etmişəm. Pilləkənlər cavanlıq illərinə aparır.

Sevginin necə bir şey olduğunu anlamağa çalışdığım, əl tutmağın həyəcanını yaşadığım günlərə düşürəm o pillələrdə. Bəhramgurun heykəli və yeni məkan var orada. Lokal adında olan məkanın girişi 80-90ların sosiska satılan kafelərinin mozaykası ilə tarixi xatırladır. Amma içəriyə daxil olsan Yunan üslubunda bəyaz divarlar və dairəvi masalar. Floridanın istisi var orada. Açılmış iri pəncərələrdə Şəhrizadlar oturub Şəhriyarlar üçün fikir edir.

Masalarda oturan maraqlı personajlar sənə “bu kimdir” deyə baxar. Lokal adlı yerdə çox stranger kimi hiss edərsən özünü.

Masalara gətirilən bütün piroq və vaflilərin üstündə dondurma topları olar. İçkilər. Gülüşlər və avanqard simalar sənə kitabının üz qabığını xatırladar. Masalardan birində Neo oturub sənə baxar. Paralel dünyanın insanları deyərək oranı tərk edərsən.

Digər tərəfdə isə Alov qüllələri var. İMAX filmləri – End Game, Maverick-dən sonrakı gəzintilər. Fairmont işçiləri ilə təlimlər və Haşımov Memorial Turniri. Topladığım imzalar. Dünyanın ən yaxşı oyunçuları ilə eyni məkanda olmaq və onlarla söhbət etmək. Onlarla zarafatlaşmaq.

Nazirlər Kabinetinə tərəf gedən yol. Əvvəlki ofislərim. Əvvəlki həyat dolu, xəyallar və məqsədlər dolu mənim olduğu divarlardan onlara toxunmadan keçirəm bir daha.

Hər iki yol da Torqovı deyilən yerə gətirir. Burada artıq sən də bir turistə çevrilirsən. Turistlər yerli icma olur və ərəblər ya da xaxollar sənə fərqli biri kimi baxır. Burada sən harada olduğunu və kim olduğunu unudursan.

Gəlib iki dondurma satanın arasına düşürsən. Biri Çılğındır. Biri də musiqili. Birinin yanına burcutmaq üçün qadınlar gəlir. Digəri isə toy mahnıları qoyur ki, boğazı olmayan corablarla tappatarap edən patsanlar yenə qan etsin. Musiqi musiqiyə burcudanlara, tappataraplara qarışır. Həmin Bermudvari boğazdan keçəndə Neo sənə, sən də Neo-ya baxırsan. Paralel dünyanın insanları demək qalır.

Biz nə zaman bu qədər fərqli olduq? Sonra Molokan bağı gəlir. İki yol var. Biri CadOro deyilən dondurma yerinə aparır. Digəri isə Bakı kitab mərkəzinə dəvət edir. İkisini də yoxlamışam. Uşaqlarla birlikdə oturub qaşıqlamışıq ailəvi xoşbəxtliyin donmuş halını.

Kitablarla dolu mərkəzə də yolum düşüb dəfələrlə. Az incitməyib məni oranın ilk satıcıları. "Alacaqsınız sonra oxuyacaqsınız" deyərək az hədələməyiblər məni. "Elə oxuyuram ki, almaq istəyim" yaransın deyərək az cavab qaytarmamışam onlara. İndi biraz dəyişiblər. Rəflərin yanında dayanıb səni güdürlər. Əvvəl kömək deyirlər. Sonra sakitcə izləyirlər. Əlinə kitab götürsən üstünə stiker yapışdırıb kassaya göndərirlər. Bütün maneələrə baxmayaraq bir çox kitabı kəşf etmişəm o rəflərdə. Öz kitablarım isə hər zaman itib-batıb onların bitmək bilməyən anbar əməliyyatlarında. Xeyirlisi.

Sonra Vinyl yerindən keçirsən. Müğənnilərin üzü səni yola salır. Sahil metrosuna tərəf gedirsən. Həmin zolaqda isə Şizofren dördyolu durur. Əcaib musiqilərini hamının qulağına sırğa edən gədələrin vajni üz ifadələrini görürsən və yenə Neo çıxır qabağına. Paralel dünyanın insanlarıyıq deyirsən. Nəşriyyat məsələsi uzandıqca Elmlərdən İçərişəhərə kimi düşmək məsələsi təkrarlanır. Yanımda yoldaş olur. Bəzək tək gedirəm. Bəzən isə hekayələri həmin yoldaşa danışıram. Keçmişin hekayələrini. Şəhərin sehirli olan vaxtlarının hekayələrini. Dünyaya meydan oxuyan vaxtlarımı danışıram. Ayılıram ki, pensioner babalar kimi 2-ci dünya müharibəsi zamanı şücaətlərimə keçmişəm. Amma yoldaşlar da boş deyil. Onların da sözləri var. Hamımızın sözləri var. Hamının deməyə sözü var. Hamının sözünün canı var. Sadəcə paralel dünyalarda bu sözlərin əhəmiyyəti qalmır. Belə görünür. Bir dünyada min qızıl qiyməti olan sözün digər dünyada bir kofelik dəyəri olmur.

Bəlkə də hamımız elə həmin sözlərin iziylə gedirik.