
Həyatınıza fasilə verib bir düşünün ya da pəncərədən baxaraq təyin etməyə çalışın ətrafınızda canlı nələr görürsünüz? Ağaclara baxın. Bir ağac olmaq necə hiss olardı?
Onlar insanlar kimi qaça bilməz, danışa bilməz, amma yenə də yaşayır, hiss edir və ətraf mühitlə ünsiyyətdə olur. Külək yarpaqlarını yellədikcə sanki bir nəfəs alır, yağış gövdəsinə düşəndə sərinləyir, günəş işığında isə böyüyür. İnsanlar onları bir dekorasiya kimi görsə də, əslində hər biri canlıdır.
Ağaclar insanların hekayələrinə şahiddir. Parkda gəzən sevgililər onların kölgəsində ilk görüşlərini keçirir, məktəbdən qayıdan uşaqlar budaqlarına dırmaşır, yaşlılar skamyada oturub onlara baxaraq xatirələrə dalır. Nəticə etibarı ilə hər biri bir tarix saxlayır, illər boyunca dəyişən şəhəri səssizcə izləyir. Vay o haldan ki, yayda bar gətirən meyvə olasan. Kimisi boyu çatmadığından budaqlarını dartışdıracaq, kimisi isə ağacı təpikləyərək meyvəsini dərməyə çalışacaq. Ən yaxşı ehtimalla kiminsə həyətində şəxsi ağac olacaqsan və bəzi uşaqlar sənin meyvəni dərmək üçün ustalıqla sahibinin həyətinə girməli və heç kimə görünməməlidir. Ağacla bəlkə də özündə saxladığı meyvələri tanrıya qurban vermək mənası ilə insanlara verir. Necəki Vikinglər Valhallada tanrılarının rahat olması üçün insanları qurban verirdilər.
Təsəvvür et ki, şəhərdə bir ağaca çevrilmisən. Sənin ayaqların yox, köklərin var. Qaçmaq əvəzinə, yerə daha möhkəm bağlanırsan. Ətrafındakı avtomobillər, binalar, gəzən insanlar var, amma sən sadəcə dayanıb baxırsan. Səhər günəş səni oyadır, yarpaqların işıqla dolur. Külək budaqlarını hərəkət etdirir və sən sanki bir melodiyanın içindəsən. Yağış damcıları səni isladır, torpaq sənin üçün daha yumşaq və qidalandırıcı olur. Payız gələndə yarpaqların saralır, bir-bir tökülür, amma sən bilirsən ki, bu yalnız bir fasilədir. Qışda soyuq hava səni dondurur, amma baharda yenidən oyanırsan. Amma ağac olmaq təkcə sakitlik və gözəllik deyil. Bəzən insanların biganəliyini də hiss edirsən. Kimsə gövdənə adını yazır, budaqlarını sındırır, səni vecinə almadan yanından keçir. Amma sən hər şeyi bağışlayırsan, çünki sənin işin sevməkdir — havanı təmizləməklə, kölgə verməklə, gözəllik yaratmaqla.
İndi isə təbiətin içində hansısa bir yerdə ağaca çevrildiyini təsəvvür et. Necə bir yer olardı?
Təbiətin qoynunda böyüyən bir ağac olaraq sərbəstsən. Köklərin istədiyi qədər dərinliyə gedə bilir, budaqların sərhədsiz şəkildə uzanıb geniş bir kölgə sala bilir. Ağac olaraq, yağışı, küləyi, günəşi tam hiss edir, fəsillərin ritmi ilə yaşayırsan. Heyvanlar gövdənə dırmaşır, quşlar yuva qurur, torpağın altındakı mikroorqanizmlərlə əlaqə qurur. Hətta ətrafındakı ağaclarla köklərin vasitəsiylər əlaqə saxlayır və onlar vasitəsiylə çoxalırsan.Meşədə və ya dağların ətəyində böyüyən ağac olaraq küləyin pıçıltısını, quşların nəğməsini, yağışın torpağa toxunuşunu eşidə bilirsən. Təbiətin sakitliyində yaşayır, öz ritmi ilə böyüyür və insan müdaxiləsindən uzaqsan.
Məhz buna görə şəhərdəki ağaclar akvariumdakı balıqlara bənzəyir. Onlar bir yerdə qalmağa məhkumdurlar, amma ətraflarındakı dünya daim dəyişir. Şəhərin səs-küylü küçələri boyunca uzanan ağaclar, tıxacda gözləyən maşınlar, tələsən insanlar arasında sakit bir müşahidəçi kimidirlər. Onlar bir yerə bağlıdırlar, amma ətraflarında daim bir hərəkət var. Necə ki, bir akvariumdakı balıqlar suyun içində sakitcə süzür, amma onların yaşadığı dünya daim dəyişir — bir gün işıqlı olur, bir gün qaranlıq, bir gün sakit, bir gün çalxalanmış. Şəhərdəki ağaclar da elədir. Onlar nəfəs alır, yaşayır, amma yerlərindən tərpənə bilmirlər. Onlar insanlara nəfəs verir, amma bəzən insanlar bunu unudur. (İnsanlıq olaraq edilən hər yaxşılığı unutduğumuz kimi) Bəlkə dəbir gün küçədən keçəndə ağaclara diqqətlə baxarsan. Onların da sənin kimi nəfəs aldığını, yaşadığını və səni müşahidə etdiyini görərsən. Ağaclar yalnız bir hissə deyil, şəhərin ruhudur. Fərqindəliklə ağaclara toxunsanız həqiqətən canlı olduğunu hiss edə bilərsiniz.
Səbr edib bura kimi oxumusansa təşəkkür edirəm. :)
Qeyd: Müəllif hüquqlarının qorunması üçün qeyd etməliyəm ki, “şəhərdəki ağaclar akvariumdakı balıqlara bənzəyir” düşüncəsi Astara Hamoşamda olarkən mütüşməl dostumla söhbət edərkən ərsəyə gəlmişdir. Və bu yazını bəlkə də bizim kimi düşünən insanlar vardır deyə yazmaq istədim. Çünki, belə absurd mövzuları müzakirə edən insan təkcə biz deyilik deyə düşünürəm. :D