Kofe Al
  • Üzvlərimiz
  • Bloq
  • FAQ
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
  • Daxil ol Qeydiyyat
Kofe Al
  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский

Sevdiyin işlə məşğul ol, izləyicilərindən dəstək qazan!

  • az Azərbaycan
    • az English
    • az Türkce
    • az Русский
    • Üzvlərimiz
    • Bloq
    • FAQ
Daxil ol Qeydiyyat
Bizi izləyin
Coşqun Kərimov
  • Kitab işinin 10 mərhələsi
    Coşqun Kərimov
  • 67 Baxış
  • 14.07.2025
  • 15 dəq oxuma

Kitab işinin 10 mərhələsi

Kitab yazıb çap etdirmək istəyənlər üçün 10 mərhələ haqqında yazı.

Kitab işinin 10 mərhələsi

Kitab yazmaq istəsəm nəyi bilməliyəm?

Hansı mərhələlərdən keçəcəm? Bu işin xeyiri varmı? Oxucular bəyənəcəkmi? Suallarımız çox olur. Başlamasan və yoxlamasan bilməyəcəksən. Şəxsən 9 ildə 9 kitablıq yol mənə müəyyən bir təcrübə qatdı. Hələ mən top 5 ziyansız çap edən müəlliflərdən biri hesab olunuram. Baxın, dəhşət qazanan demirəm. Pul itirməyən müəllif deyirəm. Bunun yaxşı və pis məqamları var. 

Uzatmadan sizinlə 10 mərhələni paylaşmaq istəyirəm. İnanıram ki, faydası dəyəcək:

Qeyd/Cızma-qara/Əlyazma mərhələsi

Qeyd kitabçalarınız dolub, cızma-qara etmək bəs etmir və sonda böyük bir marafona imza atıb əlyazma bitirirsiniz (10 gün – 40 gün və hətta 10 il çəkə bilər). Bir sözlə, bu mərhələ özünü tanıyandan yazan və ya çox güclü bir hekayəsi yaranan biri üçündür (silinməsin deyə “Google docs” kimi yerdə yazın). Hələ də qələmlə kağıza yazanlar qalıbsa, heyranam və buradan alqışlayıram. Əlyazma yazarkən qızıl qaydanı “Finding Forrester” filmində olan yazıçı deyir:

“Ürəyinlə yaz, başınla yoxla!”

Gündəlik 3-5 səhifəni ürəyinizlə yazıb növbəti gün təmiz başqa bir vəziyyətdə eyni səhifələri oxuyun. Əminəm ki, yaxşı düzəlişlər edəcəksiniz. Əsas odur ki, əlinizdə konkret bitmiş bir əlyazma olsun.

Korrektə/Redaktə mərhələsi

Əlyazmanı bitirəndə deyirsən ki, artıq işim qurtarıb. Korrektə və redaktə edərkən anlayırsan ki, əlyazmanı yenidən yazacaqsan. İş burada başlayır. 

Korrektə nədir?

Nöqtə, vergül, -da, -də və qrammatik inspeksiyadır. 

Redaktə nədir?

“Bəlkə bu paraqrafı silək, saxlayaq və ya dəyişək” deməkdir. Bu sözləri yazmaqla nə demək istəmisən? Bunu belə də demək olar. Bu hissədə redaktoru səhv seçənlər dünya müharibəsinə hazır olsun. Gördüyüm odur ki, çox insan düşünür ki, ana dilini məktəbdə öyrənibsə, bu ona redaktorsuz iş görməyə kömək edəcək. Bu iş ancaq dil bilməklə bağlı deyil. Güclü redaktor sizin mətni və nə demək istədiyinizi çox yaxşı hiss etməyi bacarır. Güclü redaktor azdır və siz onu yolun kənarında tapa bilməyəcəksiz. Buradan yenə fürsət bilib 9 kitabımın əksəriyyətini redaktə etmiş Nərmin Nöqtəyə təşəkkürümü bildirirəm. O, mətnlərimi ən az özüm qədər sevdi və onlara hər zaman qayğı ilə yanaşdı. 

Qısası, bu mərhələdə sizin əlyazma rəndələnir və yekun şəklini alır. Bir dəfə də oxuyub deyirsiniz ki, “indi balamı əsgər göndərə bilərəm”. Əsgər göndərmək nədir? Bu mərhələdən sonra sizin mətn artıq sizin deyil. Mətbəə və nəşriyyat evinin qəbuluna düşür.

Nəşriyyat və mətbəə işi mərhələsi

Azərbaycanda məsələ belədir. 4-5 mətbəə var və 30 nəşriyyat evi var. Bu 30 nəşriyyat evi sizin əlyazmanı götürüb çap etdirməyi öhdəsinə götürür və həmin 4-5 mətbəədə çap etdirir. Burada seçim sizə qalır. Ya özünüz edirsiniz (birbaşa mətbəə), ya da işi nəşriyyat evinə tapşırırsınız. Burada nəşriyyat evi sizi şirnikləndirir. Etməyəcəyi vədləri verir, xəyallarınızın reallaşacağına inanmağa başlayırsınız. Bu hissədə hər şey sizin qərardan asılıdır. 

Əgər işiniz və əlavə qazanc yeriniz varsa, pula ehtiyacınız yoxdursa, olacaq bütün hadisələrə rahatlıqla göz yumacaqsınızsa, o zaman nəşriyyat eviylə işləyin (səhlənkarlıq, oğurluq, biganəlik, passivlik, etimadsız davranış, gec hesabat, heç hesabat, acı dövr və boşanma mərhələsinə kimi).

Yox, əgər özünüzün şəxsi brendinqi güclüdürsə və stok yeriniz varsa, o zaman mətbəə ilə birbaşa işləyin. 

Hər ikisini etmiş biri kimi deyirəm ki, özün edəndə çətindir, amma çox qazanırsan. Nəşriyyat sənin yerinə edəndə gülünc bir rəqəm alınır (satılan kitablardan faiz və s.). Bu hissədə sizin janrı, mövzunu və hekayəni müzakirə etmirəm. Onu növbəti mərhələlərdən birində edərik. 

Deyək ki, sizin nəşriyyatla razılıq əldə etdiniz (tiraj sayı, kitabın parametrləri, çap şərtləri və müddəti). Keçirik növbəti stansiyaya. Redaktorum deyərdi ki, növbəti stansiyaya keçsək daha yaxşı olardı. 

Kitabın tərtibat mərhələsi

Kitabınızın son halını necə görmək istəyirsiniz? 

Nəşriyyat evlərində fantaziya böyük deyil. Ona görə də onlara hazır bir nümunə göstərin. Deyin ki, bax bu kitab kimi olsun. Filan üz qabığı və ya filan tərtibat və s. olsun. O zaman iş tez gedir və yaxşı alınır. Ubuntu kitabımda mən eksperiment edəndə yaman əziyyət çəkdilər, amma yaxşı qurtardı. Kitabın tərtibatı onun çap qiymətini artıran işdir. 300 qramlıq üz qabığı (standartdır), super oblojka (bunu çox eşidəcəksiniz), cıranda yanında əlfəcin çıxır kimi təkliflər gəldikcə bilin ki, qiymət artır. Səhifənin qramı 60 və çoxdursa babat kitabdır. Aşağıya enirsə səhifənin arxası görünür. Bu isə kasıb malıdır. Rəngli, yoxsa rəngsiz olacaq. Şəkil olsun və ya olmasın. Bütün bunları dəqiq bilmək və hesablamaq lazımdır. Bəxtiniz gətirsə, nəşriyyat evinin işini bilən dizayneri var. Bəxtiniz gətirməsə, ömrünün qışında şeir kitabı çıxaran aşıqların, akademiklərin kitablarına bənzər bir şey çıxacaq. Bir də kitab üçün İSBN nömrəni adətən simvolik bir məbləğə alıb arxasına vururlar. Həmin prosesi həm özünüz həm də nəşriyyat evi edə bilər.  

Buradan fürsət bilib mənim kitablarımın demək olarki hamısını dizayn etmiş Orkhan Əhmədova təşəkkürümü bildirirəm. O, olmasaydı mən çətin ki, rəflərdə gözə dəyən bir şey çap etdirə bilərdim. 

Qısası bütün parametrlər bilindi və tətbiq olundusa, sizə son versiya göstərilir (üz qabığı və içalat). Bununla da son oxunuş olunur ki, kitabı oxuyacaq insan kimi yekun məhsulu hiss edəsiniz. Burada dizaynerin düzəlişlər dramı başlanır. Dəfələrlə mətn sürüşdürməsi və ya ölçü dəyişikliyi edirlər. Kitab çapa getməyə hazırdır. Siz isə artıq o qədər yorğunsunuz ki, heç vecinizə də deyil. 

Çap/Təqdimat/Stoklanma mərhələsi

Sezon fərqinə əsasən çap sürəti dəyişir. Soyuqlarda nəşriyyat evləri naz edə bilər (sifariş çoxdur deyə 5-7 günlük iş 1-2-3 ay uzana bilər). İstilərdə isə naz edən tərəf siz olursunuz. Bu prosesin vaxt pəncərəsini düzgün hesablamaq lazımdır ki, təqdimat gününüzə nəşr çatdırıla bilsin. İlk KVANın 1000 ədədini mətbəədə 4 günə çıxarmışdılar. Çap edilmiş nüsxələri təqdimat gününə gələn önsifarişçilərə təhvil verirdim. 

Təqdimatın özünü güclü bir komanda ilə edin. SMM və PR çox vacibdir. 2016-cı ildə komandamız ilə etdiyimiz #kvanoxu və (Kvana həyat ver) kampaniyası sıfır büdcə ilə 180.000 izləyiciyə çatmışdı (bu datanı bizə marketinq forumunda təqdim etdilər). TEAS Press kimi nəşriyyat evlərinin də mexanizmi var. Kitab Türkiyədə keyfiyyətlə çap edilib Libraff kimi şəbəkədə təqdim oluna bilər. Amma yenə də sizin şəxsi brendinq rol oynayır. Burada iki ssenari davam edir. Ya kitabı böyük bir ada həvalə edirsiniz, amma ondan qazanmağı unudursunuz. Ya da özünüz stoklayıb sosial mediadan reklama və yayına başlayırsınız. Hər ikisini edən biri kimi deyə bilərəm ki, qeyri-müəyyənlikdən və gözləməkdən xoşum gəlmədiyi üçün stoku özümün bildiyi yerdə saxlamaq daha rahatdır. 

Nəşriyyatla evliliyin sadəcə ilk günü gözəldir. 

Növbəti günlərdə artıq boşanma barəsində düşünürsən. İmzaları müqavilələrə atarkən diqqətli olun. Şərtləri öncədən danışın və kompromisə getməyin. 

Quru sezon mərhələsi

Hər məhsulun quru sezonu olur (çörəkdən və sudan başqa). Kitabın da var. Yayda sakitlik olur. Amma payız və aprel ayında partlama yaşanır. İldə uzağı 2-3 böyük tədbir olur ki, siz orada bütün stoku reallaşdıra bilərsiniz (bu arada fikir verin ki, mən işin ədəbiyyatından bəhs etmirəm. Hələ ki, maliyyə və əməliyyatlar hissəsindəyik). Beynəlxalq Bakı Kitab Festivalı, bəlkə də, ilin ən böyük kitab hadisəsidir. Orada satdın, satdın. Satmadın, gələn ilə qaldı (yadımdadır ki, mənə nəşriyyat evlərindən biri stokunuzda sadəcə 6 KVAN qalıb demişdi. Həmin festivaldan bir həftə öncə). Vaxt və operativ addımlar o qədər əhəmiyyət daşıyır ki.

İmza günləri isə sizinlə oxucu kütləniz arasında olan münasibət dalğasını yaradır. Əlbəttə ki, ölkədə imza günü deyən kimi, ilk növbədə Elxan Elatlı, Ramiz Rövşən, Rövşən Abdullaoğlu və sonra da Türkiyədən gələn istənilən psixoloq, motivator və ya təlimçi anşlaq edəcək. Qalan müəlliflər üçün isə uzun yollar gedən tır sürücülərinin oturduğu bardakı adamın sayı qədər adam gələcək. Komandanız varsa, sizin üçün bu günləri təşkil etmək həm asan, həm də məhsuldar olacaq. Həm Türkiyədə, həm də Azərbaycanda kitabları oxunan biri kimi deyə bilərəm ki, oxucularla mütləq münasibət qurun. Yəni, yalandan imza çəkib yola salmayın. Bu insanların içində elə insanlar var ki, heç bir nəşriyyat evinin etmədiyini edər (tərcümə dəstəyi, satış dəstəyi və ya kütləvi paylaşım və s.). Bu sezon niyə quru adlanır. Məhz ona görə ki, dünyada çap edilən kitabların 90%-i 200 nüsxədən çox satış edə bilmir. Belə sezonlar səni reallığa qaytarmaq üçündür.

Oxucu dalğası mərhələsi

Əgər dedektiv, psixologiyadan, şəxsi inkişafdan bəhs edən bir kitab yazmamısansa, sənin oxucu dalğan bir qədər kiçik olacaq. Amma istisnalar ola bilər. Sanki bizdə bazar öz seçimini edib. Qətl olsun, özümü anlayım, inkişaf edib günə çıxım deyən insanlar axını çox böyükdür. Sırf ədəbiyyat yazmaq, əgər ki, sən növbəti Xalid Hüseyni deyilsənsə, quyuya daş atmaq kimidir. Böyük ədəbiyyat mükafatları kütləvi kitablara verilmir. Amma kitab kütləvi deyilsə, oxucu dalğası yaranmır deməkdir. Bu dalğa kitabı illərlə oxuyacaqlar deməkdir. KVAN artıq 9-cu ildir ki, oxunur. Bu dalğada bəzən hər hansı bir şirkət iri sifariş verərək sunami yarada bilər. Stokun birdən tükənə bilər (başıma gəlib və gözəl bir hissdir). 

Bu hissədə bunu deyim ki, əgər hekayənə və süjetə inanırsansa super. Amma sənin çevrən yoxdursa və qabiliyyətin həmin hekayəni təsirli yazmağa imkan vermirsə, bu, bir riskdir. Qazanc yerin kitab deyilsə, riski et. Qazanc yerin kitabdırsa, bu, o deməkdir ki, sən yuxarıda göstərdiyim janrlarda yazırsan. Nə vaxtsa bizim bazara yeni janrın asteroidi düşərsə, nəzir verərəm. Hələ ki, qatar belə gedir. 

Kütləviləşmə mərhələsi (3-5 il)            

Kitabın uğuru ilə bağlı ilkin siqnalı 3-5 il intervalında hiss edəcəksən. Bəli, elə əsər var ki, 10, 20, 50 və hətta 100 il sonra uğur qazanıb (bu kitabların hamısı “ChatGPT”dən əvvəl yazılan xəzinələrdir). 3-5 il sonra sən tam şəkildə anlayırsan ki, bu iş sənlikdir, yoxsa elə əsas qazanc yerinə qayıtsan daha yaxşıdır. Burada utanacaq bir şey yoxdur. Vaxt olub Maykl Cordan beyzbol oynamaq istəyib və MLB liqasında iştirak edib. Amma dərhal anlayıb ki, basketbolda etdiyini orada edə bilməyəcək. İllərlə oxunacaq kitabı yazmaq böyük bir ustalıq və fədakarlıq tələb edir. Belə kitablar təsadüfən yazılmır. Ədəbiyyatı dəli kimi oxumaq və öyrənmək şərtdir. Amma kommersiya işi kimi baxsan və səni ədəbi dəyərlər düşündürməsə, insanları qarmağa sala biləcək sarı ədəbiyyat yaza bilərsən. Sərt erotika, şizofrenik personajlar və dindar kütləyə xoş gələn və ya onların tənqidinə məruz qalacaq əsər yaz yetər. Nabokovun Lolitası elə bir əsərdir. Onu alıb yandıranlar çoxdur. Eyni zamanda, “Nə üçün yandırılır?” – deyib, alıb oxuyanlar da. 

Bu mərhələnin qısa məğzi belədir:

3-5 illik intervalda kitabın biganəlik quyusuna düşür (müzakirə edilmir və alınmır).

Ya da tam tərsi olur və relsə düşürsən. 

Oxucu loyallığı mərhələsi

Əgər kitab sevilirsə, sənə mesajlar və məktublar gələcək (elektron formada). Bu, gözəl bir siqnaldır. Sən oxucuların siminə toxunmusan. Sənin qələmindən yenə də nəsə oxumaq istəyəcəklər. Onlarla yazışmaq mütləqdir. Oxucular müəlliflərə gözəl istiqamətlər verə bilər. Əlbəttə ki, hamımız Selincer ola bilmərik. Bu yazıçıya göndərilən məktubları cırıb atmaq üçün nəşriyyat evində xüsusi bir adamı işə götürmüşdülər. Düşünün ki, adamın işi yazıçıya gələn məktubları oxumadan cırıb atmaq olub. Elə bir film də orada çalışan adamın həyatıyla bağlıdır. Ürəyi dözməyir və 2-3 məktubu oxuyub onlara cavab yazır. Bəli, oxucu məktubu müqəddəsdir və ona cavab yazmaq şərtdir. Nəticədə kitabı bu adamlar üçün yazmış vəziyyətdəsən. Əlyazma olanda sənin,  çap edilən zaman isə kütlənindir. Bu mesajları sosial mediada paylaşmaq digər oxucuları da həvəsə gətirə bilər. Onlar da öz ürək sözlərini yazmaq istəyə bilər. Oxucu rəyi kimi satan ikinci vasitə yoxdur. 

Yazıçılardan biri demişdi ki, ilk kitablar uşaqlar kimidir. Əvvəl onların qayğısına qalırsan, sonra onlar böyüyüb sənin qayğını çəkirlər. 

Yeni kitab mərhələsi 

Bu mərhələ iki cür yaranır. Birinci versiyada ilk kitabın işləri bitir və 3-5 illik mərhələni gözləməyə ehtiyac qalmır (oxucu kütləsi var və tələbat var). Ya da əlinizdə resurs yaranıb ki, növbəti hekayə və ya ideyaya vaxt yatırımı edə biləsiniz. İkinci versiya isə bir qədər mənfi və eyni zamanda müsbətdir. Birinci kitabın nəşri fiasko olub və siz yenidən cəhd edirsiniz (bu cəsarət çox az adamda var). Şəxsən mən KVAN yaxşı alınmasaydı necə olardı sualına cavab verə bilmirəm). O qədər vaxt və enerjini sərf etməyə dəyərmi? Bəli, yazmağı sevirəm. Bəli, ədəbiyyatı sevirəm. Eyni zamanda isə dedektiv, psixologiya və ya ancaq şəxsi inkişaf yazmaq istəmirəm deyə riskli qrupa düşürəm. Buna dəyərmi? Əlavə pulun varsa dəyər. Yoxdursa, qalsın növbəti həyata. 

Kitabları üçün müxtəlif kraudfandinq kampaniyaları edən biri kimi deyə bilərəm ki, bu proses insandan çox enerji alır. Qay Kavasaki deyir ki, startapla məhz gənc yaşda məşğul olursan. Çünki gənc insan bu işin nə qədər can aldığını dərk edəcək yaşda deyil. Kitabları çap etdirmək və onların oxucu kütləsini böyütmək də elədir. 

10 mərhələnin hamısını keçənlərə eşq!

İlk mərhələdə olanlara uğur və səbr arzu edirəm!

 

Digər məqalələr

KVAN yaşamaq istəyən sürücü

KVAN yaşamaq istəyən sürücü

  • 29 Baxış
  • 18.07.2025
  • 4 dəq oxuma
F1 filmi barəsində düşüncələrimi paylaşmaq istədim. So ...
Hər kəs
Daha çox
İstəyən Edir, İstəməyən Gedir

İstəyən Edir, İstəməyən Gedir

  • 12 Baxış
  • 16.07.2025
  • 2 dəq oxuma
Dünyaca məşhur Brayan Treysidən kitabım üçün rəyi necə aldım? ...
Hər kəs
Daha çox
kofe.al

Biz hər zaman istedadlı və yaradıcı insanların axtarışındayıq. Özünüzü tanıtmaqdan çəkinməyin!

Xüsusiyyətlər
  • Destek
  • Abunəlik
  • Mağaza
  • QR kodlar
  • Patreon Alternativi
İnteqrasiyalar
  • Facebook
  • Instagram
  • TikTok
  • Telegram
  • Wordpress
Kofeal
  • Haqqımızda
  • Qaydalar
  • Məxfilik

Copyright © 2025 BONPARA layihəsi. Bütün hüquqlar qorunur.