
Birinci hissəni oxuyanları intizarda saxlamaq düzgün olmaz. Davam edək və görək ki, növbəti məsləhət və həyat dərsləri hansıdır:
Uğur hekayələrini yarımçıq danışırlar.
Nə üçün belə edirlər? Yəqin ki, hekayənin uğurlu alınmasını istəyirlər. Amma yalanın ömrü də 40 gün olur. Gec-tez çatışmayan və ya gizli tutulan hissə üzə çıxır.
Uorren Baffet kimi investorun uşaqlıqda qəzet sataraq 5000 dollar yığması və sonradan yatırım nəhənginə çevrilməsi yaman hekayə idi. İllər sonra tapırsan ki, dədəsi Amerikanın dövlət adamlarından biri olub. Əlbəttə ki, bu fakt səni məyus edir. Onun kimi nə qədər məyusluq yaşadan personaj görürsən.
Təslim olmağa tələsmə
Bəzən gəlib lap axırına çatırsan amma hövsələn çatmır. Və ya taqətin qalmır. İkinci nəfəs deyilən birşey var. İnsanın həyatını dəyişdirəcək fürsət sadəcə bir zəng, görüş, cümlə və ya “bəli” uzaqlığındadır. İllərlə bunu müşahidə etdim. Sona kimi buldozer kimi gedənlər gedib çatır. Çəkilən zəhmətin əvəzi verilir. (Başqa formada. Başqa görüşdə. Başqa biri tərəfindən.)
Bir zəng daha, bir qapı daha, bir cəhd daha…
Yoxlamaqdan çəkinmə
Fikirlər və ideyalar boşuna gəlmir. Onları yoxlamaq və test etmək vacibdir. Peşman olmamaq bəlkə də insanı xoşbəxt edən başlıca amildir. Yoxlamamaq isə peşmançılıq gətirir. Kitablarla olan yolum elə bu “bəlkə yoxlayımla” başlamışdı. Alınmasa peşman olmayacaqdım. Deyəcəkdim ki, etdim alınmadı. Bir də var “kaş etsəydim” demək.
Pul səni qazanmasın, sən pulu qazan
Bəli, bugün bizə pulun nömrə 1 şey olduğu öyrədilir. Güc və status isə bir qədər fərqli bir yerdən gəlir. Bunun adı “dəyərlər”-dir. Yadımdadır ki, bir dəfə 10.000 manatlıq layihəni riskə qoyacaq post yazdım. Yazdım. Həmin layihə olmasa başqasını etmək olar. Amma daxilində sınıqlıq yaşasan və öz şəxsiyyətinə şübhə etsən bu məsələdən bərpa olunmaq mümkün deyil. Pul bizim kimliyimizi göstərməyə kömək edən vasitədir. Kim nədirsə qazananda onu bir o qədər yaxşı və kütləvi şəkildə göstərə bilir.
Öyrənmək mərhələsi bitmir
Adama elə gəlir ki, budur həll etdi. Artıq bilir. Amma yeni nəsil gəlir. Yeni məsələlər yaranır. Yeni maneələr aşmalı olursan. Səni A-dan B-yə gətirən biliklər C-yə apara bilmir. Daimi tələbə qalacaqsan. Nə qədər tez qəbul etsən bir o qədər yaxşı olar.
Yaxşı kitablar oxuyun
Kitab insanı 10 il daha çox yaşadır deyə deyil, ürək-damar sistemini tənzimləyir deyə deyil, məhz insanları tanımağa kömək etdiyi üçün oxunur. Yaxşı kitabı tapmağın yolu pis kitabları oxumaqdan keçir. Pis kitab varmı? Pis yazılmış kitab ola bilər. Pis dövrünü yaşayan müəllif ola bilər. Pis dövrünüzdə oxumuş ola bilərsiniz. Amma yaxşı kitablar sizi o qədər uzağa apara bilər ki, hava yollarının ağzı açıq qalar.
Özünü seç, başqa hərkəsi artıq seçiblər.
Oskar Uayld bu sözləri yazanda original olmağın əhəmiyyətini vurğulayıb. Sadəcə başqalarının xoşuna gəlir və ya onlar bunu belə görmək istəyir deyə özünü gizlətmə. Bunun bədəli ağır ödənir. İnsan bu dünyaya 1 dəfə və 1 nəfər kimi gəlir. Həmin o 1 nəfərin ixtiyarını özünə həvalə etmək vacibdir.
Fikirlərini yaz, fikirlərini sorğula
Bu sözləri mənə bir Amerikalı ədəbiyyat müəlliməsi demişdi. Demişdi ki, yaman iddialı danışırsan. Bu fikirləri bir yerə qeyd elə və 10 il sonra onları oxu. Əminəm ki, üz ifadələrin dəyişəcək. Qadın haqqlı idi. Məsələ ancaq iddialı danışmaqda deyil. Bizim fikirlərimiz çox və qarışıq olur. Onları sistemə salmaq kömək edir. Özümüzü yazılarda daha dəqiq görə bilərik. Məsələ yazıçı kimi yazmaqda deyil. Məsələ kağıza dərdini sərini və daxili fəryadını qusa bilməkdədir. Bunu edə bilənlər üçün həyat daha dözülən olur. O boyda Mark Avreliy hökmdar ola-ola axşam çadırda oturub cızma-qara edib “Meditasiyalarım”-ı ərsəyə gətiribsə biz bunu etməklə ekstra çəki itirmərik. Qələmlə kağız dava-dərmandan daha effektivdir. Yazanlar bilir. Elə bir an gəlir ki, bunu daha etmək istəmirsiniz. Super artıq sağaldınız deməkdir. Ölənə kimi edəcək olanlar isə artıq şair və ya yazıçı kateqoriyasıdır. Onların daxilində kütləvi dərd və sər gizlidir.
Tez getmək istəsən özün get. Uzağa getmək istəsən komanda ilə get.
Bu afrikan məsəlində böyük bir hikmət gizlənir. İnsan başqa insanlara möhtacdır. İnsan insanlığa ehtiyac duyur. Komanda içində olanda güc 10qat artıq. İşlərin nə qədər sürətlə edildiyini görürsən. Sənin dayağın olur. Özün dayaq olursan. Birlikdə gedib. Birlikdə çatırsız. Tək edərəm deyənlər səhnəni tez tərk edirlər. Komandalar minilliklərə hopmuş ekspedisiyalar təşkil edir. Ford Ferrariyə qarşı və ya Endurance ekspedisiyası deyirəm. Həvəsiniz olsa baxın və ya araşdırın.
Bilmək kifayət etmir. İnanmaq da vacibdir.
İnsan həyatını dəyişə biləcək o qədər məsləhət, ideya və ya sitat bilir ki. De gəl ki, praktikada onlara əmək etmək üçün lazım olan inanc yoxdur. İnanmayan insan isə benzini olmayan Ferrari kimidir. Nə qədər qırmızı olsa da səsi gəlməyəcək. İnanan insan isə çox güclüdür. İnan insan böyük şəklə, böyük missiyaya və böyük nəticələrə inanır.
Çıxış yolu çıxılmaz vəziyyətə düşməkdir.
Bizə qalsa dəyişmərik. Bizə qalsa böyük işlər görmərik. Bizə qalmır. Adətən elə bil vəziyyət yaranır ki, biz məcbur qalırıq. Bəli, çıxılmaz vəziyyət bizi məcbur edir ki, tərpənək və ya addım ataq. Çıxılmaz vəziyyətlərin gəlməsini gözləmək olar amma özünüz də bu vəziyyətləri yara bilərsiniz. Yaradıcılıq, sənət, biznes sahələrində olan insanların həyatlarını analiz edin. Orada çıxılmaz vəziyyətlər toplusu var. Orada çıxış yolları yaranır. Çıxış yolu hər zaman var. Amma kimsə demir ki, bu yol qısa, rahat və yumşaq olacaq. Xarakter bucür yaranır. Bütün güclü xarakterlərə buradan salam deyirəm. Onların getdiyi yolları ehtiramla yad edirəm.
Danışılmayan o qədər hekayə var ki!
Haqqında bilmədiyimiz o qədər qəhrəman var ki!
Bəlkə də bir-neçəsi indi bu məsləhətləri oxuyur.