
Dövrümüzün insanı hər şeyə malikdir, amma bir çox şeyə qarşı hissizdir. İndi biz təbiətdən, ənənədən, mənəviyyatdan getdikcə uzaqlaşır və bu uzaqlaşma bizi həm fərdiləşdirir, həm də yalnızlaşdırır. Bu yerdə dekadans meydana çıxır. Təkliyə çevrilən fərdilikdə, iztiraba çevrilən zövqdə, sakitliyə çevrilən xaosda. O artıq bir xəstəlik deyil, müasir insanın estetikləşdirilmiş halıdır. İndi hər şey nisbi, hər şey mübahisəlidir. Bu qaydasızlıq içində insan ruhu sarsılır, özünü itirir, bəzən hətta içindəki boşluqla barışır. Dekadans isə bu qırılma nöqtəsində yaranan bir haldır, ruhun həm çaşqınlığı, həm də onu qorumaq üçün seçdiyi estetik bir sığınacaq. Bu sığınacaqda insan əbədi qaydaların yoxluğunda öz mənasını tapmağa çalışır. Dekadans həm də protestdir. Sürətə, texniki inkişafa, səthiliyə qarşı bir passiv üsyan. O, “hər şey ola bilər” dünyasında “heç nə olmasın” deyən ruh halıdır. Susmaqla danışmaq, yavaşlamaqla düşünmək istəyənlərin vəziyyətidir. Və bəzən bu vəziyyət çöküş deyil, özünü qoruma formasıdır. Çünki bəzən sağ qalmağın tək yolu çürüməyə incəlik qatmaqdır. Əbədi qaydalar yoxdursa, bəlkə də onları öz içimizdə yaratmalıyıq. Bəlkə də dekadans bu dağınıq dünyada ruhun son dirənişidir. Zərif, narın, sükutla ağrıyan bir dirəniş…
Hər şey var, amma nəsə çatmır… Dekadans nədir, niyə bizə tanış gəlir?
Baxırsan hər şeyimiz var: telefonumuz, internetimiz, paltarımız, yeməyimiz, planlarımız. Bəzən arzularımız belə gerçəkləşir. Amma… içimizdə nəsə var ki, susur. Nəsə çatmır. Adını tam tapa bilmirik, amma hiss edirik. Bu günlərdə çoxumuzun içində qəribə bir yorğunluq gəzişir. Zövqümüz yerindədir, amma heç nə dərin toxunmur. Bax, bu halın bir adı var: dekadans.
Dekadans həm də həssas insanların susqun çöküşüdür. Hiss etdiklərini izah edə bilməyənlərin, dəyərləri dağılmış bir dünyada özünü qorumağa çalışanların halıdır. Və çox vaxt bu insanlar o qədər incə düşünürlər ki, içindəki boşluğun belə estetikasını tapırlar. Bax buna estetikləşdirilmiş iztirab deyirik.
Dekadans bizi passiv edir, bəli. Amma bu passivlik düşünən beyinlərin, hiss edən ruhların yavaşladığı bir məkandır. Burada hər şeyin üzərində toz var, amma o tozun altında bir zamanlar parlayan duyğular yatır. O duyğuları silib təzədən parıldatmaq çətindir, bəzən isə insan o tozu belə sevir. Çünki artıq yorulub.
Bəs niyə bu qədər tanış gəlir bizə dekadans? Çünki çoxumuz təkik, çox şey görmüşük, hiss etmədən yaşamışıq. Sürətlə dəyişən, dəyərin ölçü ilə, zamanın məhsuldarlıqla ölçüldüyü bu dövrdə ruhumuz dincələ bilmir. Və sakitcə geri çəkilib sual verir: “Bəs mən hardayam?”
Dekadans nə xəstəlikdir, nə də zəiflik. O, bəzən sadəcə durub düşünmək cəsarətidir. Bəlkə də bu yazını oxuyarkən içində “hə, məndə də var bu hiss” dedinsə deməli, sən də artıq onu hiss etmisən. Bəlkə bu hissə ad qoymaq, onu bölüşmək belə bir başlanğıcdır. Çünki bəzən adını bildiyin haldan qorxmazsan. Və bəlkə də dekadansı tanımaq, yenidən özünü tanımağın yoludur.
Dekadans, həm estetik, həm fəlsəfi, həm də psixoloji qatları olan zəngin bir anlayışdır. Bir qədər qaranlıq, bir qədər cazibədar… Gəlin bu anlayışı bir az da açaq.
Dekadans nədir?
“Dekadans” (fr. décadence – tənəzzül, çökmə) 19-cu əsrin sonları – 20-ci əsrin əvvəllərində Avropada (xüsusən Fransada və Rusiyada) yaranmış ədəbi və estetik cərəyandır. Əsas ideyası cəmiyyətin, mənəviyyatın, mədəniyyətin çökməsi və bu çökməyə qarşı bədii reaksiyanın verilməsidir.
Dekadans düşüncəsində dünya artıq öz gözəlliyini itirib, insan anlam və məna axtarışında yorulubvə həyatın əbədi dəyərləri pozulub. Bütün bunlar isə estetik və ruhi iztirab ilə ifadə olunur. Dekadansın nümayəndələri üçün həyat bir tamaşa, insan isə öz ruhi faciəsinin qəhrəmanıdır.
Dekadans – niyə bu qədər cazibəlidir?
Dekadans cazibəsini qadağan olunmuş zövqdən, qürub anının gözəlliyindən, ağrının estetikləşməsindən alır. Burada sıravi xoşbəxtlik deyil, dərin duyğular, qaranlıq, tənhalıq və hisslərin uçurumu var. Rəngarəng çiçək bağları deyil, solmuş güllər, tozlu pəncərələr, vəfasız zaman var. Dekadans sənətkarı üçün sakit bir ölüm, həzin musiqi, faciəvi məhəbbət – bunlar həyatın ən gözəl anlarıdır. Onlar “sevinclə yox, iztirabla yaşamağı” seçirlər.
Dekadans, bəzən ümidsizlik kimi görünsə də, ruhun incə və kəskin təfəkkürünün nəticəsidir. O, sadəcə “hər şey bitdi” demir. Deyir ki: “Bəlkə hər şey bitir… amma necə bitdiyi də sənətdir.”
Bəs mənəviyyat nədir, nə zaman “çökür”?
Mənəviyyat insanın iç dünyası, əxlaqı, dəyərləri, vicdanı, ruhani bağlılığı deməkdir.
Cəmiyyətlərdə və fərdlərdə mənəviyyat zamanla aşınır: maddi dəyərlər mənəvi dəyərləri üstələyəndə, insanlar yaşamın mənasını yalnız rahatlıq, zövq və statusda görməyə başlayanda, əxlaqi prinsiplər “köhnəlmiş qayda” kimi görünəndə, vicdan yerini “nəticəyə yönəlmiş praqmatizmə” verdikdə. Və bu çökməni hiss edən insanlar (xüsusilə yaradıcı insanlar), bəzən bunu hisslərlə yox, sənətlə ifadə edirlər. Bax, dekadans burada yaranır.
Dekadans mənəviyyatın çöküşünün estetik ifadəsidir. Dekadans insanı deyir:“Mən bu cəmiyyətə aid deyiləm, çünki bu cəmiyyət artıq ruhunu itirib.” O, gördüyü mənəvi çöküşə qarşı qəzəblə yox,üsyanla yox,estetik və tənhalıq dolu bir ironiyayla cavab verir. Bu insan ailənin dağılmasını, sevginin məhəbbət yox, ehtirasa çevrilməsini, insanın robotlaşmasını, gözəlliyin süni hala gəlməsini hiss edir və buna rəngli, lakin çürümüş bir tablo çəkir.
Nümunə ilə desək, əgər klassik ədəbiyyat bir qadını “gözəl, pak, ilahi” kimi tərif edirsə, dekadans insanı onu belə təqdim edə bilər: “Gözləri dəniz kimi idi, amma o dənizdə artıq heç bir gəmi üzmürdü.”
Yəni gözəllik var, amma içində boşluq və tənəzzül var. Bu, sadəcə pessimizm deyil, insan ruhunun da, cəmiyyətin ruhunun da artıq yorulmasıdır.
Cəmiyyətə yadlaşma və fərdilik- Dekadansın daxili üsyanı
Cəmiyyətə yadlaşma nədir?
Dekadans insanı üçün cəmiyyət artıq ruhsuz, riya dolu, mənəviyyatdan məhrum, bayağı və səthi zövqlərlə yaşayan bir kütlədir. O, özünü bu “hamının içində yox olmuş” kütlənin bir parçası kimi hiss etmir. Ona görə də cəmiyyətə yadlaşır, özü ilə baş-başa qalır. O artıq “hamı kimi” yaşamaq istəmir. Öz içində bir “mən” qurur, və bu “mən” çox vaxt ağrılı, yaralı, estetiklə yüklü bir varlığa çevrilir.
Cəmiyyətə yadlaşan fərd, artıq “kütlənin estetikası” ilə maraqlanmır. Onun öz zövqü var fərqli, incə, lakin bəzən dəhşətli dərəcədə qaranlıq. O, gözəlliyi sevir, amma bilir ki, bu gözəllik yaralı bir ruhun makiyajıdır. Cəmiyyətdən uzaqlaşan bu insan, zərifliyin içində tənəzzülü sənətə çevirir. Çünki onun həqiqəti artıq bu çürümənin içindədir.
Dekadans – Həyatın Fəlsəfəsi Kimi
Dekadans təkcə bir ədəbi cərəyan deyil.
O, insanın zamanla, cəmiyyətlə, özü ilə və ən əsası faniliklə üz-üzə qalmasının fəlsəfəsidir. Bu fəlsəfə deyir: “Hər şey solur. Gözəllik çürüyür. Zövq yorur. Dəyərlər dağılır. İnsan isə hələ də yaşamaq üçün səbəb axtarır.”
Dekadans fəlsəfəsində insan gözəlliyi bütöv halda sevmir. O, solmaqda olan güldə, köhnəlmiş kitabda, tərk edilmiş otaqda, susmuş baxışlarda gözəllik tapır.
Çünki o bilir ki: “Əsl dəyər keçici olanın içində gizlənmişdir. Dağılmağa məhkum olanın içinə bax, orada həqiqət var.”
Bəs ruhun incəliyi?
Bu o deməkdir ki, insan duyğuları dərin yaşayır, ətrafdakı səssiz detalları görür, başqalarının görmədiyi əyrilikləri, incə dəyişiklikləri hiss edir, həssasdır, gözəlliyə, ədalətsizliyə, təkliyə biganə qalmır. Bu cür insanlar üçün adi bir hadisə, məsələn, payızda düşən yarpaq bir fəlsəfi əlamətə, bir daxili simvolaçevrilə bilər. Dekadans ruhlu insanlar dünyanın səsini eşidən və onun solğun tərəflərinə toxunaninsanlardır. Onlar ruhun səssizliyini belə dinləyə bilirlər.
Dekadent
Dekadans ruhlu insana bəzən bu tip poetik adlar da verilir: estetik tənəzzülçü , modern melanxolik / estetik melanxolik
Modern melanxolik müasir dünyanın içində özünü itirmiş, anlam və duyğu axtarışında olan insandır, estetik melanxolik isə ağrını, tənhalığı, solğunluğu gözəl tapıb sevən, hiss edən fərd.
Dekadentin Portreti
O, sükutun səsində danışan bir ruhdur.
Gülüşləri az, baxışları dərin. Sanki hər şeyi artıq çoxdan anlamış, amma heç kimə deməməyə qərar vermişdir. Dünyanı sevmir, amma gözəlliyini inkar da etmir sadəcə gözəlliyin belə çürüdüyünü izləyir, səssizcə. Ən çox təkliyi sevir, çünki orda heç kim yalan danışmır. O, həyatın parıltısına aldanmaz, çünki o bilir süs bəzən çürüməni gizlətmək üçündür. Sevgi onun üçün bir növ ilahi işgəncədir əzab verir, amma yandırıb keçmir. Sadəcə içində alışıb qalar. O, iztirabını gizlətməz, amma onu nümayiş etdirməz də. Sanki deyir: “Əgər ağrımı gözəl cümləyə çevirə bilirəmsə, demək ki, hələ tam ölməmişəm.” Səssiz zərifliyi ilə fərqlənir. Bir otaqda danışmasa da, varlığı sezilər. Bir baxışla yüz səhifəlik romanı hiss etdirər. Və bəzən… o da anlayar ki, bu qədər duymaq həm lənət, həm də ilahi bir hədiyyədir.
Nəticə olaraq dekadans müasir insanın həm itirdiyi, həm də yenidən kəşf etdiyi daxili dünyasının əks-sədasıdır. Bəlkə də dekadansın yeri dünyanın dəyişkənliyində sabitliyi tapmağa çalışan ruhun dərinliyindədir. Əgər insanda hər şeyə baxmayaraq “nəsə çatmır” hissi varsa, zövq içində darıxırsa, deməli o, dekadansı sadəcə müşahidə etmir, yaşayır.
Bəs necə üzləşək?
Özümüzə kin saxlamayaq
Dekadansı yaşamaq zəiflik deyil. Əksinə, bu, dərin duyumun, dünyaya və özünə qarşı diqqətli baxışın nəticəsidir. Gözəlliyin içində boşluq hiss etmək bu, bir çox həssas və yaradıcı insanın həyatında olub. Bunu qəbul etmək bir az da sağalmaqdır.
Boşluğu örtməyə çalışmayaq
İnsan çox vaxt bu hissi “dolu görünmək”lə gizlədir: daha çox iş, daha çox paylaşım, daha çox səs… Amma bu, sadəcə sükutu örtmək cəhdidir. Əgər dekadansı hiss edirsənsə, otur, bax içindəki o boşluğa. Səssizcə, qorxmadan. Orada bir şey var. Ola bilər ki, sənə indi nəyin dəyərli olduğunu yenidən başa salacaq.
Sadə şeylərə qayıdaq
Dekadans ruhun doymadığı, amma iztirabdan da zövq aldığı haldır. Bəzən bu haldan çıxmaq üçün yenidən sadəliyə qayıtmaq lazım gəlir: torpağa toxunmaq, musiqini səssizcə dinləmək, yazmaq, susmaq, səmimi insanlarla olmaq, bir fincan çay içmək… Bu “balaca” şeylər, təntənəsiz anlar içimizi təzələyən böyük addımlar ola bilər.
Mənim kimi və ya bir başqa cür yazaq, paylaşaq, sənətə çevrilək
Dekadansı yaşamaq sənətə çevrilə biləcək bir haldır. Yazmaq, şəkil çəkmək, musiqiylə danışmaq… İçindəki bu halı paylaşdıqca, onun yükü azalacaq. Həm də sənə oxşar hissləri keçirən insanlara işıq ola bilərsən. Onlar sənin sözündə özlərini tapar.
Və sonda…
Dekadans, bəlkə də içimizdəki ruhun “artıq bu formada davam edə bilmərik” deməsidir. Bu, bir son deyil. Əksinə, yeni bir başlanğıc üçün zəmindir. Əgər sən bunu hiss edirsənsə deməli, artıq dəyişmək istəyirsən. Və bu istək, özü bir hərəkətdir. Kiçik, amma səmimi.