“Heç bir yelkənli gəmi kitab qədər uzaqlara apara bilmir” – Emili Dikinson
Kitabların həyatımızdakı yeri danılmazdır. Eyni zamanda, “görəsən, yelkənli gəmidə səyahət etmək necə olardı?” fikri də səni tərk etmir. Qarşılaşdırmaq üçün mütləq ikisini də yoxlamaq lazımdır.
“Oxuduğun kitabları göstər, sənə hansı yerlərə səyahət edəcəksən, onu deyim”.
Bu yazımda səyahət sevgisini yaradan, onu gücləndirən 3 kitab haqqında danışmaq istəyirəm.
Uşaqlıq illərimin kəşfi Cek London və onun əsərləridir. Yazıçı imzasında əsl adını - Con Çeynini istifadə etsəydi, bunun karyerasına necə təsir göstərəcəyini ölçmək maraqlı olardı. Danılmaz faktdır ki, “Cek London” ləqəbi onun üçün və onunla birlikdə kifayət qədər uğurlu yol qət edib. Bu yazını qələmə ala-ala yazıçının soyadının “London” olması kimi qəribə detalın da fərqinə varıram.
Londonun hekayələri səni Alyaska kimi soyuq yerlərə, eyni zamanda, San-Fransisko kimi ümid verən diyarlara aparır. Kitablarını vərəqləyən zaman üşüyürsən, canavarların səsi qulağına gəlir. Fırtınaları, dənizçiləri və okeanın səsini eşidirsən.
Londonun bir əsəri də var ki, mənim üçün onun bütün digər əsərlərindən daha əzizdir. Çünki səyahətlə bağlı xəyallarımı məhz bu əsərdən sonra ciddiyə almağa başlamışam. Söhbət “Ay vadisi”ndən gedir.
“Ay vadisi”
Kitab iki gəncin sevgisindən, onların Kaliforniyada yaşamaq arzusundan bəhs edir. Billi və Sakson düşünür ki, onların həyatı ABŞ-ın şərqinə aparan səyahətdən sonra dəyişəcək. Billi və Sakson kimi mən də illər sonra Sakit okeanın sahilləri boyunca gəzişən zaman bu unudulmaz hissi yaşamışdım. Bura mənim evim kimi doğma deyildi. Buna baxmayaraq, evimdən kilometrlərlə uzağa aparacaq tutarlı səbəbim vardı. Nəhayət, mən də bu məkanın sehrini və “Golden Gate” körpüsünün dəvətkar gözəlliyini görmüşdüm. Ətrafı iri balinalarla əhatələnmiş gəmiyə minəndə onun əzəmətinin şahidi olmuşdum və anlamışdım ki, gəmilər uzağa aparmaq üçün deyil, lazım olan məkana çatdırmaq üçün nəzərdə tutulub. Kitablar da bizi lazım olan məkana aparan çoxvərəqli gəmilər kimidir.
“Ay vadisi” və Londonun yazıları mənim ilk sevgimdir. San-Fransiskonu müqəddəs edən səbəblərdən biri də yazarın ofisinin məhz bu şəhərdə olmasıdır. Oxumağı, yazmağı sevənlərin mütləq görməli olduğu ünvan isə Oklenddə yerləşir.
“Ye, Dua et, Sev”
Elizabet Hilbert özünü axtarır. Növbəti illərini daxili aləmi ilə sülh içində yaşaya bilməsi üçün səyahətə çıxır. Səyahəti boyunca İtaliya, Hindistan və İndoneziya kimi ölkələrə qarşı xüsusi rəğbəti yaranır. İtaliya ləzzətlərin diyarıdır. Hindistan duaların vətənidir. İndoneziya isə “bir daha sevə bilməyəcəm” deyən insanı öz enerjisi ilə bərpa edən yerdir. Elizabetin köməyi ilə biz də daxili suallarımıza cavab axtarmağa başlayırıq. Onunla birlikdə Ketut adında quru ilə tanış oluruq. Bu kitabı vərəqləyəndən sonra mütləq Culia Robertsin baş rolda çəkildiyi filmə də baxın. Sizdə film boyu gördüyünüz məkanları ziyarət etmək istəyi yaranacaq. Siz də Balini sevəcəksiniz. Onun enerjisi ilə ürəyiniz bərpa olunacaq.
“Kimyagər”
Paulo Koelho Şekspirdən daha çox oxucusu olan yazara çevrildi. Buna səbəb onun “Kimyagər” adlı əsəri oldu. Dünya nə üçün “Kimyagər”i bu qədər həvəslə oxuyur?
Santyaqo adlı gənc çoban həyatını daha da uğurlu edəcək yolların axtarışına çıxır. Ona elə gəlir ki, doğma yurdu həmin yolları ona göstərmir. Buna görə də Santyaqo “qızıldan daha dəyərli olan cavab”ı özü axtarmağa başlayır. Məkkəni ziyarət etmək istəyən tacirlə tanış olur. Kitabın bu hissəsi çox maraqlıdır. Tacir Məkkə arzusu ilə yaşasa da, ora getməyə cürət etmir. Ona elə gəlir ki, ziyarətə getsə, arzusu qalmayacaq. Həyatın mənası itmiş olacaq. Santyaqo çoxlu çətinliklər və sərgüzəştlər yaşayır. Onun məqsədi Misir piramidlarında gizlənmiş xəzinəni tapmaq olur. O, piramidalara çatanda, əslində, xəzinənin evində olduğunu anlayır.
Tur Heyerdalın “Kon Tiki” macərası ilə bağlı qeydlərini vərəqləməyi də unutmayın. Üzməyi bacarmayan səyyah bu qeydlərində okean suları ilə 101 günlük rəqsini, sahil torpaqlarına ayaqbasma sevincini sizinlə bölüşəcək.
Kitab oxumaq gözəldir. Gəmidə oturub oxumaq isə daha da gözəldir.
