Günün neçə saatını və ya çox məşğul olanlar üçün belə deyək, dəqiqəsini tam olaraq özümüzə ayıra bilirik? Gündəlik işlərin hərəkətliliyi, tamamlamalı olduğumuz tapşırıqlar, görüşməli olduğumuz insanlar və s. və ya sualın biraz formasını dəyişsək əgər;
Günün neçə saatını özümüzlə birlikdə, təkbaşına qala və özümüzlə zaman keçirə bilirik?
Ağlımızdan rəqəmlər keçir bəlkə də; 1 saat, 2 saat, 30 dəqiqə?
Mənim fikrimcə, bütün günü özü ilə vaxt keçirən insan, demək olar ki, yoxdur.
Bəlkə də hal-hazırda yaşadığımız həyatımız, mövcud olaraq çalışdığımız iş mühiti , tamamlamalı olduğumuz dərslər, yaşadığımız münasibətlər bizim özümüzlə vaxt keçirməyimizə mane olur. Təbii ki, bunların hər biri başadüşülən faktorlardır.
Bir çox insan özümüzlə vaxt keçirmək anlayışını səhv başa düşür:
Özümüzlə vaxt keçirmək, sadəcə hər hansı bir xarici ölkəyə gedib dincəlmək, restoranlarda oturub bahalı yeməklər yemək və ya coffeeshop-larda cappucino içmək deyil, evdə oturub çay dəmləyərək, ayağımızı uzadıb çayımızı içmək, ən sevdiyimiz kitaba başlamaq, telefonu, smart saatımızı digər otaqda qoyaraq, yataq otağımızda uzanaraq tavana baxmaq, hər hansı bir parka gedib parkda oturaraq insanları izləmək, dərindən nəfəslər almaq belə özümüzlə vaxt keçirməkdir.
İnsan özü ilə vaxt keçirdiyi zaman, həyatında baş vermiş, hal-hazırda baş verən və gələcəkdə baş verəcək bir çox şeyin fərqinə varır.
Özümüzlə vaxt keçirdiyimiz zaman, adı “həyatımız” olan və rəssamı biz olan rəsmə bir addım geridən baxa, hansı rənglərin rəsmimizi daha rəngarəng edəcəyini, hansı hissələrin silinməsi lazım olduğunu asanlıqla müəyyən edə bilirik
Özümüzlə vaxt keçirdiyimiz zaman, etməli olduğumuz iki şey:
1. YazmaqHəyatımızda, bizi narahat edən, düşündürən, sevindirən, planlaşdırdığımız, həyatımızda olmasını istədiyimiz nə varsa, hamısını dəftərə, kağız parçasına və ya sevdiyimiz not tutmaq üçün hər hansı bir proqram varsa, bu proqrama da yaza bilərik. Yazmağın nə üçün vacib olduğunu təkrar izah edərək sizi sıxmaq istəmərəm, istəsəniz bununla bağlı üç həftə əvvəlki postumu (https://kofe.al/farman-mikayilzada/posts/yazmaq) oxuya və ya internetdə istədiyiniz qədər araşdırma edə bilərsiniz.
2. Suallar verməkNəyinki özümüzlə vaxt keçirdiyimiz zaman, həyatımızın hər bir mərhələsində özümüzə doğru suallar verməyi bacarmalı və bu suallara səmimiyyətlə cavab verməyi bilməliyik, çünki doğru suallara doğru cavablar verdiyimiz zaman artıq bir çox məsələnin həyatımızda həll olduğunu daşların yavaş-yavaş yerlərinə oturduğunun şahidi oluruq.
Having time for yourself gives you the chance to break free from social pressures and tap into your own thoughts, feelings, and experiences.
Özümüzə nə kimi suallar verə bilərik deyə soruşacaq olsaq;
- Hal-hazırda həyatım necə gedir?, nələr baş verir?
- Hansı vəziyyət və ya situasiya məni daha çox xoşbəxt edir?
- Mənim əsas maraqlarım nələrdir?
- Mən nələri sevirəm/sevmirəm?
- Həyatımın mənası mənim üçün nədən ibarətdir?
- Hal-hazırda məni narahat edən düşüncə və problemlər nələrdir?
- Həyatımın daha yaxşı, tam istədiyim mən olmağım üçün etmək gərəkənlər nələrdir? və s.
Özümüzə nə qədər çox vaxt ayırsaq, bu ayırdığımız vaxt ərzində bu sualları özümüzə verə, cavablarını tapa və həyatımızı daha yaxşı yaşaya bilərik.
Həyatımızı yaxşılaşdırmaq, tam istədiyimiz biz olmaq üçün hər zaman başqalarının dəstəyinini gözləməməliyik, anlamamız gərək şey odur ki, həyatımızı yaxşılaşdırmaq üçün yeganə xilasedici məhz BİZ özümüzük.
Bu postu sona kimi oxuduğunuz və dəyərli vaxtınızı ayırdığınız üçün səmimi qəlbimlə sizə təşəkkürümü bildirirəm.
Yazı çox xoşunuza gəldisə, bu yazını paylaşa və ya 1 kofe alaraq mənə dəstək ola bilərsiniz
Növbəti yazılarda görüşənədək!
Sevgilərlə,
Fərman Mikayılzadə