Yuxarı başlıqda yazdığım rutini bəlkə, 1000-ci dəfə planlama dəftərimə yazıram, elə günlər olur ki, To-do listim boş olur, ya yazmaq istəmirəm, ya da vaxt azlığından tənbəllik edib yazmıram, amma səhər etdiyim ardıcıllığı demək olar ki, heç bir zaman unutmuram, artıq beyin və bədənim bu alqoritmə proqramlandığı üçün bədənim istər istəməz yataqdan çıxmaq və çarpayını toplamağa başlamaq istəyir, yanımda olan yarım litrlik su butulkasının qapağını istər-istəməz açıram və 250 ml içdiyimi xatırlamıram belə.
Rutin - bir müddət sonra, həyatımızın əvəzolunmaz alqoritminə çevrilən və daha balanslı həyat yaşamağımız üçün beyin tərəfindən avtomatik yerinə yetirilən hərəkətlər ardıcıllığıdır.
Hər gün, demək olar ki, 24 saat ərzində həyatımızı maraton kimi yaşayırıq. Səhər telefonumuzun çalan zəngli saatı ilə oyanır, planlı-plansız olaraq günə başlayır, səhər yeməyi və ya 1 stəkan çay ilə evdən çıxırıq, birbaşa işə, 8-12 saat işləyirik, qayıtdığımız zaman sanki başqa avtobus gəlməyəcəkmiş kimi dayanacaqdan qalxan avtobusun ardınca qaçmağa (Bunu şəxsən mən də edirəm), onu saxlamağa çalışırıq. Evə gəldiyimiz zaman isə adını dincəlmək qoyduğumuz TikTok-da, Instagram-da, Facebook-da vaxt keçirir, və ya sevdiyimiz seriallardan birinə axşam yeməyimizin dadını hiss etmədən yeyərək kiçik ekranımıza baxırıq.
Hər birimiz yaşamağa çalışırıq bu həyatı..
Pis rutin yoxsa yaxşı?
Yuxarıda sadaladığım cümlələr, demək olar ki, əksər insanların həyat tərzini təşkil edir. Amma bizi bu toksik və getdikcə daha da pisləşən həyat tərzindən sağlam, balanslı bir həyat rutininə keçməkdən sadəcə bir qərar ayırır:
Dəyişmək
Dəyişmək bir çox insan üçün çətin və olduqda düşündürücü bir qərardır. Çünki insan rutin olaraq bir şeyləri (pis vərdişləri) avtomatik yerinə yetirirsə, bunu avtomatik olaraq yerinə yetirdiyinin fərqində olmur və bunu şüursuz şəkildə etdiyi üçün bəhanələrə sığınaraq etdiyi pis vərdişlərdən əl çəkmək istəmir, nümunələrlə izah edəcək olsam:
- Siqaret dərdlərimi unutmaqda mənə kömək edir;
- Üzümü yuduğum zaman sızanaq qopdu;
- Uşaqlarla oturmuşduq, sədəcə bir qədəh içdim:)
- Gecə çox yorğun oluram, ona görə səhər mən dura bilmirəm, yuxumu götürməliyəm, 5-də oyanmaq nədir ? və s.
Zərərli rutinlərdən Sağlam rutinlərə keçmə
Unutmamaq lazımdır ki, bir rutinin tam olaraq həyatımıza oturması hər zaman vaxt aparır, bəzən bu həftələr, aylar hətta illər tələb edir. Bu həmçinin rutindən rutinə də dəyişən bir şeydir. Çünki, iradəsi çox güclü olmayan bir insanın siqareti atıb sağlam bir həyat rutininə keçməsi bu şəxs üçün illər ala bilər. Halbuki, bu insan üçün bəlkə də səhər saat 6-da oyanıb 1 stəkan su içmək daha asan gələcək.
Ümumiyyətlə, zərərli rutinlərdən sağlam rutinə və ya balanslı bir həyata keçmək üçün mənim fikrimcə üç mərhələ mövcuddur:
1) Qəbullanmaqİlk olaraq, pis rutinimiz və ya vərdişlərimi varsa, biz bunları bir insan olaraq qəbul etməliyik, nümunə olaraq, özümdə olan bir neçə mənfi rutinləri misal göstərə bilərəm:
- Bəli, mən bəzi zamanlar istər-istəməz burnumu eşirəm,
- Bəli, mən bəzən limitlərimi zorlamağı xoşlamıram, axışına buraxıram və s.
Bu rutinləri qəbullanmaq ilk olaraq atacağımız addımlardan ən vacibidir. Çünki bunu qəbullandıqdan sonra beynimiz bu xətanın fərqinə varır və bunun bir pis rutin olduğunu anlayır.
2) Qərar qəbul etməkHəyatımızda yanlış və ya pis rutin olduğunun fərqinə vardığımız zaman onu aradan qaldırmaq üçün qərar qəbul etmək bizim üçün daha asan olur. Qərar qəbul etmək üçün müxtəlif metodlardan istifadə edə bilərik, bunlara nümunə olaraq, hər hansı bir xatırladıcı proqramlardan istifadə etmək, hər gün to-do listdə bu rutini təkrar-təkrar yazaraq, hər gün əməl etmək və ya affirmasiyalardan istifadə edərək, təhtəlşüurumuza daha yaxşı rutinin daxil olmasını təmin edə bilərik.
Affirmasiya və ya təlqin (lat. affirmatio — təsdiq etmə) — müəyyən bir qısa verbal ifadənin dəfələrlə təkrarlanması yolu ilə insanın təhtəlşüurunda tələbedilən obrazın və ya fikirin möhkəmləndirilməsi və psixoemosional fonun yaxşılaşdırılması və həyatda müsbət dəyişikliklərin stimullaşdırılması.
https://az.wikipedia.org/wiki/Affirmasiya_(psixologiya)
3) TəkrarlamaqRutinin həyatımızın mərkəzinə çevrilməsi üçün üçüncü və ən vacib mərhələlərdən biri təkrarlamaqdır. Təkrar etdikcə, sağlam rutin təhtəlşüurumuza daha yaxşı yerləşərək, avtomatik proqramlaşdırmanı təmin edir.
Hər bir insan hər zaman sağlam rutinə və ya rutinlərə sahib olmaq istəyir . Bunu etmək üçün elə bu gün hərəkətə keçməliyik. Heç vaxt heç nə üçün gec olmadığını biz daha yaxşı başa düşməliyik, amma bunu qəbullanıb, zərərli rutinlərimizə davam edərək, həyatımızın hər bir keçən gününü boşa xərcləməməliyik:
“Happiness is not a matter of intensity but of balance, order, rhythm and harmony.” ~Thomas Merton
Şəxsi həyatımızda, iş həyatımızda hər zaman balansı qorumağı bacarmalıyıq, başa düşürəm ki, mənim yaşlarımda (hal-hazırda 23 yaşım var) bu balansı qorumaq bizim üçün çox çətindir; hər birimiz fərqli işlərdə çalışırıq, bəzən çox çalışmalı, bəzən çox oxumalı, bəzən bir şey üzərində çox vaxt sərf etməliyik, amma bu balansı heç bir zaman unutmamalıyıq. Burada isə, bizim köməyimizə rutinlər gəlir.
Having a routine helps keep us on track both mentally and physically, which can help make our days more positive and productive. According to Mental Health America, a routine is a tool used to improve mental health by organizing the overwhelming everyday tasks into a pattern that seems easier to accomplish.
Hər birinizə balanslı həyat arzu edirəm!
Bu yazını sona qədər oxuduğunuz üçün sizə səmimi qəlbimlə təşəkkür edirəm.
Sevgi ilə qalın!