Salam, bu gün bir maraqlı hekayə də sizinlə paylaşmaq istədim. Mənim 5 əmim və 4 bibim var. Maşallah babama. Mənim əmilərimdən böyük olanı sürücü işləyirdi.
O, hər vaxt Bakıya gedib qayıdan zaman gəlib bizim evdə bir az mürgüləyib yenidən işinin arxasınca gedirdi. Sizə bir az əmimdən danışım ki, məlumatınız olsun necə bir insandır. Anlayasız, mən necə də xəbərim olmadan təhlükə ilə üz-üzə qalmışam.
Mənim əmim bir az vulqar sözlərdən istifadə edən insandır. Bəzi yerlərdə vulqar ifadələr işlətməsi bilinməsin, yalnız biz bilək deyə son 3 hərflərini dediyi zaman biz bilirdik ki, artıq biz hansı vulqar sözün qurbanı olmuşuq.
Hə, artıq əmimi bir az da olsa anladınız deyə düşünürəm, keçək əsas hekayəyə. Bunu da deyim keçək: Bəlkə əmimin də hekayəsi gələr.
Yenə əmim işləyib gəlmişdi bizə ki, bir az istirahət edib yenidən işləməyə getsin . Bizə gələndə hiss edilirdi ki, bir az yorğundur. Gəlib bizə dedi: -
- Əminin gülləri, bir az yatım, məni saat 6-da oyadarsınız.
Həm də yay ayları olduğu üçün hava çox isti idi, sanki günəş bizi yandırıb bişirəcəkmiş kimi bərq vururdu. Bizim rayondakı evimizin balkonu qəşəng yerdədir, tam külək gələn yerdə olduğundan günortadan sonra çox gözəl hava olur.
Bir az keçməmişdi ki, əmim oğlu bizə gəldi və qardaşımla əmimin maşınına baxdıqda çirkli olduğunu görüb onu yumaq qərarına gəldilər.
Onlar aşağıda maşını təmizləyən zaman mən də evdə cizgi filminə baxırdım. Cizgi filminə baxanda birdən bilinməyən bir qüvvə məni elə bil işə saldı. Qulağıma pıçıldayıb "ayəə, geett, əmini oyat" dedi. Saata baxdım ki, saat 17:30 olub. Qalxıb əmimin yanına getdim.
- Əmi, yat-yat, 6-a yarım saat var hələ.
- Əəə, dur, rədd ol burdan.
Deyib arxasını mənə çevirib yatdı.
Sonra aşağıda suyun səsinin kəsildiyinin fərqinə vardım. Marağımı çəkdi ki, su niyə kəsildi. Aşağıya düşəndə qardaşımla əmim oğlunun sanki ruh görmüş kimi bir-birinə baxdıqlarını görüb soruşanda ki, nolub, dedilər:
- Neylədin, sən?
- Neyləmişəm ki?
- Ay bekar, əmini oyadıb niyə dedin ki, yarım saat var, yat hələ?!
- Həyqi, düz deyirsiz e, mən niyə dedim ki?!
Elə bu sözü demişdim ki, əmim oğlu ilə qardaşım az qaldı, gülməkdən yerə yıxılsınlar.
Bu əhvalatın üstündən bəlkə 10 ilə yaxın vaxt keçib, amma hələ də danışan zaman eyni maraqla gülmək gəlir mənə.