Bizim Olmayan Arzular

Bizim arzularımız həqiqətən bizimdirmi?


14 baxış
11.09.2026
6 dəq oxuma

İnsan ömrü boyu xoşbəxtliyin arxasınca qaçır. Bəzən buna uğur deyirik, bəzən pul, bəzən sevgi, bəzən də azadlıq. Adını nə qoymağımızdan asılı olmayaraq, daxilimizdə həmişə bir yer var ki, ora çatanda nəhayət rahat nəfəs alacağımızı düşünürük. Amma xoşbəxtlik hamı üçün eyni yerdə dayanmır.

Bir insan üçün xoşbəxtlik böyük bir şirkətin başında durmaqdırsa, başqa biri üçün heç kimin narahat etmədiyi sakit bir otaqda kitab oxumaqdır. Biri dinamik həyat, səyahətlər və hər gün yeni bir macəra istəyir, o biri isə kənd evinin eyvanında oturub yağışa baxmaqla özünü dünyanın ən bəxtəvər adamı hiss edə bilər. Deməli, xoşbəxtliyin hamı üçün keçərli olan vahid düsturu yoxdur. İki üstəgəl iki riyaziyyatda həmişə dörddür. Amma "ev", "uğur", "azadlıq", "rahatlıq" və "xoşbəxtlik" sözlərinin cavabı hamıda eyni olmur. Çünki insan sadəcə xarici dünyada yaşamır, o, həm də öz yaratdığı daxili gerçəklikdə yaşayır.

Bizim əsas problemimiz xoşbəxtliyin nə olduğunu bilməməyimiz deyil. Problem odur ki, çox vaxt öz xoşbəxtliyimizi axtarmaq əvəzinə başqalarının xoşbəxtlik göstəricilərini toplayırıq: Maşını var, villası var - həyatını qurub, böyük maaşı var - rahatdır, minlərlə izləyicisi var - sevilir, yüksək vəzifəsi var - nəyəsə çatıb.

Sonra biz bütün bunları bir-bir toplamağa çalışırıq. Sanki həyat bir supermarketdir və xoşbəxtlik səbətdəki məhsulların sayından asılıdır: Maşın, ev, pul, diplom, vəzifə, status, tanınmaq…

İnsan səbətini doldurduqca xoşbəxtliyə yaxınlaşdığını düşünür. Amma bəzən bütün istədiklərini əldə etdikdən sonra belə içindəki böyük bir boşluqla üz-üzə qalır. Çünki arzuladıqlarına çatmışdır, amma həqiqətən ehtiyacı olanlara yox.

Arzularımızın hamısı bizim tərəfimizdən doğulmur. Uşaqlıqdan bizə hazır arzu qəlibləri təqdim olunur: "Yaxşı oxu, yaxşı işin olsun.", "Çoxlu pul qazan.", "Vəzifə sahibi ol.", "Ev al, maşın al.", “İnsan kimi yaşa.”

Bunların heç biri öz-özlüyündə pis deyil. Problem odur ki, bu hədəflər bizə mənimsədilərkən heç vaxt soruşulmur: Niyə? Niyə məhz bu iş? Niyə bu qədər pul? Niyə böyük ev? Niyə yüksək vəzifə? Niyə tanınmaq? Niyə hamının "uğur" adlandırdığı şey mənim də uğurum olmalıdır?

Bu suallar verilməyəndə insan başqasının məqsədini öz arzusu zənn edər və bir gün özünü elə bir həyatın içində tapar ki, hər şey yerindədir, amma özü orada yoxdur. Beləcə insan, əslində istəmədiyi həyatı istədiyini zənn edir. Özünə sual vermir: “Bunu həqiqətən mən istəyirəm, yoxsa hamı istədiyi üçün istəyirəm?”

Sən doğrudan zəngin olmaq istəyirsən, yoxsa zənginliyin gətirdiyi hörməti? Böyük ev istəyirsən, yoxsa o evin başqalarında yaradacağı heyranlığı? Yüksək vəzifə istəyirsən, yoxsa insanların sənə başqa cür baxmasını?

Bəzən arzuladığımız nəsnə ilə onun bizə verəcəyini düşündüyümüz hisslər eyni şey olmur. İnsan bütün ömrünü vasitələri toplayaraq keçirə bilər və sonda hansı məqsəd üçün topladığını unudar.

Cəmiyyət insanın daxilinə çox səssiz sızır. Sənə açıq şəkildə "belə yaşamalısan" demir. Sənə başqalarının necə yaşadığını göstərir: Hamı universitetə gedir. Hamı iş tapır. Hamı evlənir, ev alır, maşın alır. Hamı daha çox qazanmağa və daha böyük görünməyə çalışır.

Bir müddət sonra bunlar artıq seçim kimi deyil, həyatın təbii qanunu kimi görünür. İnsan isə çox vaxt özündən soruşmur: “Mən nə istəyirəm?”

Çoxluq heç vaxt həqiqətin ölçüsü olmayıb. Bir fikrin milyonlar tərəfindən qəbul edilməsi onu avtomatik olaraq doğru etmir. Hamının istədiyi həyat hər kəs üçün doğru həyat deyil. Bəlkə sənin xoşbəxtliyin hamının uğursuzluq hesab etdiyi yerdədir. Bəlkə sən böyük şəhərdə yox, sakit bir kənddə daha çox özün olacaqsan. Bəlkə yüksək vəzifədə yox, sadə bir işdə daha mənalı yaşayacaqsan. Bəlkə yüzlərlə insanla əhatə olunmaq əvəzinə, bir neçə insanla dərin bağlar qurmaq istəyirsən. Bəlkə də dünyanın sənə "az" kimi göstərdiyi şey sənin üçün tam kifayətdir.

Amma bunu seçmək asan deyil. Öz yolunu seçəndə qarşına romantika deyil, çətinliklər çıxır: Pul problemi, gələcək qorxusu, cəmiyyətin qınağı…

"Hamı kimi" yaşamağın qəribə bir rahatlığı var: Risk azdır, məsuliyyət bölünür, uğursuzluq olanda "mən tək deyiləm" demək mümkündür. Öz yolunu seçəndə isə bütün yük sənin çiynində qalır. Buna görə də fərdi insan olmaqdan çox, hamı kimi olmaq asandır. Özün olmaq düşündüyümüz qədər romantik məsələ deyil. Bəzən özün olmaq ətrafındakı insanların gözləntilərinə "yox" deməkdir. Bəzən rahat olanı yox, mənalı olanı seçməkdir. Bəzən illərlə içində daşıdığın arzuların qarşısında dayanıb soruşmaqdır: “Sən həqiqətən mənimsən?”

Bəlkə də yetkinləşmək arzuları artırmaq deyil, onları azaltmaqdır. Nəyi istəmədiyini başa düşmək, nəyə ehtiyacın olmadığını görməkdir. Xoşbəxtliyə çatmaq üçün həyatına yeni bir şey əlavə etmək yox, sənə aid olmayanları oradan çıxarmaq lazımdır. Vasitələr heç vaxt məqsədin özü deyil: Pul ilə azadlıq, vəzifə ilə dəyər, tanınmaqla mövcudluq, böyük evlə rahatlıq eyni şey deyil. Daxili dinclik başqasının həyatını özünə ölçü kimi götürməməklə başlayır. Başqasının xoşbəxtliyini özünə resept etməyəndə, hamının arzusunu öz arzun hesab etməyəndə və ən əsası, içindəki səsi eşitməkdən qorxmayanda... Çünki o səs bəzən çox sadə şeylər istəyəcək: böyük ev yox, kiçik bir otaq, yüksək vəzifə yox, sakit bir iş. Bəlkə də uğur, heç kimin səni tanımadığı halda, həyatının sənə mənalı gəlməsidir.

İnsanın özünü tapması yeni bir şey kəşf etməsi deyil, başqalarının onun üçün seçdiyi yükün altından özünü çıxarmasıdır. Sual "Nə əldə etmək istəyirəm?" deyil. Sual budur: "Əgər heç kim məni görməsəydi, heç kim məni müqayisə etməsəydi, heç kim məni alqışlamasaydı necə yaşamaq istəyərdim?" Bu sualın cavabını tapanda öz həyatını tapırsan.