Yay Qeydləri Seriyası 1

Siddhartanın hekayəsinə 2-ci qayıdışımı qeyd edirəm.


26 baxış
28.07.2026
2 dəq oxuma

10 il sonra Siddhartanı yenidən oxudum. Bu dəfə çox fərqli fikir və hisslər ilə bağlayıram bu kitabı. Gənc insanın bitmək bilməyən axtarışı kimi görürdüm bu hekayəni. Halbuki, gənc insanın nə qədər kor olması ilə bağlı imiş. Səhv yerdə axtarması, tapdığını dərk etməyib yola davam etməsi və daim özünü sorğulaması imiş bu hekayə. Ata ocağından ayrılıb yola çıxanda özünün də ata olacağı günü hesablamadan yaşamış bu insan, bitmək bilməyən döngəni simvolizə edir. 

Axan sularda tapır həqiqətini. Bir qayıqçıdan öyrənir ən vacib dərsi. Dinləmək. Suları özünə maneə kimi görüb onları tez keçməyə çalışan gənc anlayır ki, suların səsi və dərinliyi ən böyük məktəbdir. Dostu Qovindanı və onu sevən qadını illər sonra yenidən görür. Özü qocalsa da üz ifadəsində eyni axtarış və sual qalır. 

Qautamanın yolunu gedənlərdən birinə çevrilir dostu və sonda ayılır ki, sən demə Siddharta ilə Qautama eyni şeyi iki fərqli şəkildə izah edən qüvvələr imiş. 

“Biz eyni şeylərdən danışırıq. Sadəcə fərqli sözlər sizi çaşdırır.”

Siddharta insanlarla yaşamağa çalışsa belə onların içində ömürlük yad insan kimi qalmış olur. İnsanların dəvət etdiyi dünya onun içini açmır. Bu dünyada pul var, şəhvət var, qumar və içki var, tamah var. Bunların hamısını yoxlayıb, dadır. Özünü müvəqqəti aldadır. Amma sonda paltarlarını soyunub çayın yanına qayıdır. Bu kitab biraz da səs-küyə aldanmamaq ilə bağlıdır. Hərkəsin içində yaşayıb sakit gecələrimizdə eşidirik Siddhartanın çayının səsini. Çayın əvvəli və ya axırı bir-birindən fərqli iki şey deyil. Axsa da yerində qalır. Yerində qalmış kimi görünsə də hərəkət edir bu çay. Zaman adında bir çay düşür yadıma. 

Kitabı 10 il sonraya saxlayıram. Növbəti dəfənin necə olacağını bir Allah bilir.