Yay Qeydləri - 3

“Hansı daha çətindir? Yazmaq yoxsa danışmaq?” Hansı çətindir? Yazıçı olmaq yoxsa natiq olmaq?


30 baxış
01.08.2026
3 dəq oxuma

Yay Qeydləri – 3

Yazmaq yoxsa Danışmaq?

Bu yaxınlarda bir tədbirə dəvət olunmuşdum. Formata əsasən sonda iştirakçıların suallar şəlaləsində çimdim. Suallardan biri sadə olsa da 10-15 illik yolumu bir daha düşünməyə vadar etdi.

“Hansı daha çətindir? Yazmaq yoxsa danışmaq?”

Hansı çətindir? Yazıçı olmaq yoxsa natiq olmaq? 

Fasilə etdim. Qayıtdım ilk vaxtlarıma və gəldim çatdım son illərimə. 

“Danışmaq daha çətindir.”

İnsan yazanda özü üçün yazır. Proses elə gedir ki, özünlə tək qalırsan. Bəli, sonda səni tək-tək oxuyanlardan ibarət iri qruplar formalaşır amma yazanda bunu ilk növbədə özün üçün edirsən. Bəli, çap prosesi və satışlar Odisseyin səyahətinə bənzəyir. Qarşıda səni Təpəgözlər, vədverənlər, ifritələr və s. gözləyir. Amma əlində güc qalırsa o kamanı dartıq oxu düz hədəfə fırlatmaq nəsib olur. Ya da heç biri baş vermir və yenə də özün üçün yazdığın üçün məyus olmursan. 

“Danışmaq daha çətindir.”

Danışan zaman bunu başqaları üçün edirsən. Başqaları isə çox və müxtəlifdir. Hərəsi bir səbəblə oturub, bir ehtiyacla dinləyir və bir nəticə ilə çıxıb gedəcək. 

Danışan zaman daim nəzarət etməlisən. Özünə, dediklərinə, vəziyyətinə, zalın vəziyyətinə, gedişata, əvvələ, axıra, məqsədə və nəticəyə. Pilot kimi düymələrlə əlləşirsən. Yüksək təzyiq var və kabində yüzlərlə adam oturub. Onları A-dan B-yə çatdırmaq lazımdır. Yazı alınmayanda masadan durub gəzişirsən. Amma nitq alınmasa “mənə 5 dəqiqə vaxt verin” deyib fasilə edə bilmirsən. Sən elə bir vəziyyətdəsən ki, işi sona çatdırmalısan. 

Danışmaq daha çox pul qazandırır. Şəxsi təcrübəmdən deyə bilərəm ki, çənəmlə əməlli kilometraj etmişəm. Bəli, indi bu hissəni oxuyan Sərxan bəyi eşitmiş kimiyəm:

“10 il sonra həmin kitabları minlərlə insan alanda mövzuya qayıdarıq.” 

Nə gizlədim mənim bir nəzəriyyəm var. Kitab tacirləri üçün ən yaxşı yazıçı “ölmüş” yazıçıdır. Onun üstündən daha çox qazanırlar və ona bir qəpik də düşmür. Amma natiqlərin yaxşısı elə diri olanıdır. O, yaşayır və danışır. İndi danışır və indi rabitə qurur. O danışanda satır, inandırır, təsir edir və səni dəyişə bilir. 

Buna baxmayaraq deyə bilərəm ki, 10-15 il ərzində hər ikisini bol-bol etmiş biri kimi çox dolğun bir yarışda iştirak etmişəm. 

Yazılarımı oxuyanlar və nitqlərimi eşidənlər bir-birini tanımayan kəslərdir. Bəzən bu kəslər hər ikisini etmiş kəsimdə olur. Bu da maraqlı bir təcrübədir. 

Bəlkə də duz və istiot hər ikisinin birləşməsində gizlidir. 

Qeyd:

Ümumiyyətlə məndən yazıçı çıxarmı deyə düşünənlərə iki film tövsiyyə edərdim:

  1. Rebel in the Rye (Selincerin hekayəsi və onun mentoru ilə dialoqları)
  2. Finding Forrester (Ürəkdən yazmaq, soyuq başla redaktə etmək haqqında)

 

Məndən danışan çıxarmı deyənlər üçün isə:

  1. TED – Ken Robinson çıxışı (Bu adam bir çoxumuzun çatmaq istədiyi səviyyədə yaşayır. Suallar, yumor, mesaj və şəxsiyyətini təqdim etmək)
  2. Stand Up – George Carlyn (Bu adam çox birbaşa olub və onun nitqi çox axıcıdır.)