
1 düz addım 100 səhv addımı silə bilərmi?
Sonni Heyz vaxtıyla parlayan F1 sürücüsü kimi yarışıb və ölümcül qəzadan güclə qurtara bilib. Buna baxmayaraq həmin qəzadan sonra onun həyatında hər şey təmiz fərqli bir yoxuşa gedib. Pullar, məşhurluq və özünəhörmət qalmayıb. Qumara sevgi yaranıb. Bu sevgi isə pullar tam sovrulana kimi davam edib. Sonni bunlar azmış kimi 3 dəfə ailə qurub və 3 dəfə fiasko yaşayıb. Sonunda qərara gəlib ki, maşında yaşamaq və kiçik yarışlarda simvolik məbləğlər qazanmaqla həyatını başa vursun. Sonni anlayır ki, bu həyat tərzi düzgün deyil amma etdiyi 100 səhv onu qayıdışı olmayan bir yola aparıb. Amma deus ex machina var. Onun dostu peyda olub həyatının təklifini edir. F1-də yenidən yarışmaq şansı qazanır.
Zalda oturan hərkəs istəyir ki, Sonni bu şansı dəyərləndirsin. Hamımız yeni şans istəyirik. O bunu etsə biz də bunu etmiş kimi oluruq. Bred Pitt sanki özünü oynayır. Onun da həyatında 100 səhv olub. Onun da kino həyatında 30+ illik keçmiş var. İndiki film həvəskarları üçün artıq dinozavr hesab olunur. Rocky-6 ya baxanlar bilir ki, Rocky və Sonni eyni personajlardır. Rocky sonuncu döyüşü istəyir. Sonni isə sonuncu “uçmaq” şansını istəyir.
Yaşlı insanları bazardan silmək asandır. Amma onların bəziləri həqiqətən də 1000 cavana dəyərmiş. Sonni də belə bir adamdır. Onun rolu fiaskolarla dolu sezon keçirən F1 komandasına kömək etməkdir. Mörfi qanunu deyiləndə bu komanda orada nümunə kimi göstərilə bilər. Kollektivdə gənc sürücü Piers var amma onun da başı tam bişməyib. Komandada güclü mexanik qadın var. Kişilərin dünyasına meydan oxumaq istəyir. Komanda söndükcə sönür. Bu hissədə Sonni müdaxilə etmək qərarına gəlir və iş görməyə başlayır.
Rush, Ford vs Ferrari, Senna kimi film və sənədli filmlərə baxanda KVAN hissini daha yaxşı anlamaq olur. Həyatı boyunca bir işi görən insanlar və həmin işlə birgə böyüyən insanların ürəyi fərqli döyünür. Onlar zaman və məkanı hiss etmir. Sonni də eyni hissi istəyir. İstəyir ki, həyatında etdiyi bu 100 səhvi ona unutduracaq həmin anı yaşasın. Bu istək onu və komandanı bir-birinə daha da möhkəm bağlayır.
Stallone deyirdi ki, həyatında 1000 səhv edib və Rocky filminin mətnini yazmaq onun etdiyi 1 düz olub. Həmin 1 düz onun həyatının qaranlıq mərhələsinin sonu olub. Sonni qalan yarışların 9cusunda həmin düz xətt ilə təkbətək qalır. Hamiltonla Pirs geridədir. Hamı Sonni ilə birgə həmin KVANı yaşayır. Zalda oturan hərkəsin əlində görünməz sükan var. Hamı qabağa əyilib. Hamı həyəcan doludur. Hamı Bred Pitt ilə birgə finiş xəttinə doğru uçur. Budur! Final! Sonni qalib gəlir! Komanda xilas edilir! Adam mümkün olmayanı edir! Zal partlayır və hamı əl çalır! Bred Pitin yaxınlarından daha yaxın oluruq onunla. Adam kövrəlir. Filmdə personaj yox məhz Bredin özü kövrəlir.
O, anlayır ki, onun da karyerası son anlarını yaşayır. O, anlayır ki, bu film və bu personaj onun üçün bəlkə də həmin Rocky 6-dır. O, xoşbəxtlik və şükranlıq hissi ilə doludur. Amma azadlıq qələbədən daha dəyərlidir. Sonni komanda ilə qalmır. Bəlkə bir də …deyən qumarbaz kimi yenə axtarışa çıxır. Bununla da insan düzələn deyil mesajı verilir. Bəlkə də insanın bu halı onu bu qədər maraqlı personaja çevirir.
Burada məni fikir götürür.
Məsuliyyət yoxsa azadlıq?
Bizim qəhrəman hesab etdiyimiz şəxs həyatı boyunca azadlıq axtararkən məsuliyyətdən yayınıb. Onun barəsində yazarkən yanan evdən yoldaşını xilas etmək üçün balkona aparıb orada əlləri ilə özü yanana kimi tutan kişi yadıma düşdü. Həmin kişi özünü fəda edir. Çünki məsuliyyət daşıyır. Yoldaşı üçün. Ev üçün.
Sonni nə üçün məsuliyyət daşıyır? Bir yeri tərk edib yeni yerdə eyni hissi axtaracaq. Bəlkə də Sonni qumarda olan həmin o jekpotu vurmaq istəyir. Amma bir cekpot uğrunda uduzduğu 1000 oyun onu maraqlandırmır.
Bir dəfə uda bilək deyə bu qədər uduzmağa dəyərmi?
Hərkəsin özünə soruşmalı olduğu sualdır.
Filmə baxın və siz də sürücü ilə birgə KVAN hissini yaşayın. Bir də Bred Pitin Troya, Moneyball filmlərindən sonra bəlkə də 3-cü filmidir ki, orada assist etmir. Bir başa özüdür və oynayır.
Özümüzü oynamaq nəsib olsun!
Özümüzü yazmaq nəsib olsun!