20 fikir / 2-ci hissə
1. Azərsun rəhbəri rəhmətə gedəndə ancaq rəhmət oxunmadı. Baxdım ki, onlarla insan konkret bu adamla yaşanmış xatirəsini paylaşır. Bu çox maraqlı bir liderlik keysidir. Mən onu şəxsən bir dəfə dinləyə bilmişəm. Üniversitetdə çıxış etmək üçün dəvət olunmuşdu. Gənclərə baxdı və dedi: "Sizin nəsil pampers nəslidir." Biz də anladıq ki, bir yerimiz tam yerə dəymir. Dəyəndə tam hiss etməyirik. Aşırı sevgi və qayğı imkan vermir ki, bərkiyək. Vaxtında bərkiyək çünki gec olanda mənası qalmır.
2. Anhel Di Maria haqqında sənədli filmə baxdım. Babası və atasında futbol ulduzu parlaya bilməyib amma Anhelin ulduzu parlayıb. Atasının satdığı kömür ilə ağ günə çıxa bilib. Anasının sürdüyü velosipedlə ağ günə çıxa bilib. Yoldaşının və dostlarının dəstəyi ilə çətin illərin öhdəsindən gələ bilib. Sənədli filmə baxanda məndə olmayan məqamlar üçün üzüldüm. Amma anladım ki, mənim də öz parlamalı olan ulduzum və onun da öz günü var. Olmasa da oğlum və ya nəvəm olacaq. Bir sözlə şans hər zaman var.
3. Hər şənbə günü saat 3-5 arası qəşəng bir vaxt pəncərəm yaranıb. Bu pəncərəni 3 fərqli yolla dəyərləndirə bilərəm. Yazı, nitq və eqo emalatxanası ola bilər. Düşünün ki, gəlirsiz və sizinlə birgə yazırıq, danışırıq, məşq edirik. Eqomuzla bağlı özümüzü dərk edirik və bununla da düyünlər açılır. Alınsa 4 həftəlik görüş təşkil edə bilərəm ilk qrup üçün. S.W.A.T və ya DANIŞ Görək silsilələri üçün darıxmışam açığı. Doğma ruhları dinləmək və onlarla işləmək arzum yaranıb.
4. Gecə saat 3-də Türkiyənin Kocaelisindən KVANla bağlı mesaj gəlmişdi. Səhər oyanan zaman oxudum və sevindim. "Azərbaycanda da belə olsaydı" dedim. Mağazalar, nəşriyyat evləri, təhsil nazirliyi və onlarla buna bənzər instansiyalarla bağlı bu kitabın bəxti açılaydı dedim. Sonra Rafael Ağayevin vəziyyəti yadıma düşdü. Gördüm ki, dünyanın sevdiyi və hörmət etdiyi adam fəryad edir. Mən hələ şükür etməliyəm ki, KVANı hər il bir neçə min adam oxuyur. Türk qardaş bacılarıma da hər dəfə "fuarlarda görüşərik" deyirəm. Yəqin ki, gedib oralarda daha aktiv olacağam. Burada tanış-biliş, sürüş və hürüş ilə alınır amma başqa hər yerdə sanki elə işləyirsən və alınır. Ya da hələ Di Maria ulduzu kimi parlama vaxtını gözləmək lazımdır.
5. Siqaret çəkən deyiləm amma Viktor Tsoy və onun Paçka siqaret mahnısı çox xoşuma gəlir. Mahnı belə başlayır. Özgəsinin pəncərəsindən mənə yad olan səmaya baxıram. Bu sözlər sanki son 2 ilimi xatırladır. Tsoy sənin enerjin niyə bu qədər doğmadır!? Sən də 3 nömrə çıxdın. Kafka kimi 3 oldun. Martin İden kimi 3 oldun.
6. Hərdən düşünürəm ki, yerli çay brendləri ilə işləmək lazımdır. Əsas da Astaraçay ilə. Yazmağı və öyrətməyi sevən birinin gündəlik iş prinsipi çay içməkdən ibarətdir. Astaraçaydan Məxmərini içməyi çox sevirdim. İndi Seylon çayına dadanmışam və xoşuma gəlir. Amma bu fikir məni tərk etmir.
7. Hz. Musa dənizi ikiyə bölür və millətini əzazillərin əlindən xilas edir. Sonra millətinə deyir ki, "möhlət verin dağa dəyib gəlirəm". Qayıdanda görür ki, camaat yenə qızıldan heyvanlara sitayiş edir. Ax şəxsi maraqlar ax! Neçə din sizinlə bacarmaq istədi amma alınmadı. Axırda ən böyük dinə çevrildiniz.
8. Neçə vaxtdır Qarabağ FK oyunlarına baxmıram. Nədənsə mənə elə gəlir ki, bu çox yerində verilmiş və düzgün bir qərardır. Məsələ heç əsəbdə də deyil. Əgər onlar klubu düşünmürsə xeyr ola biz işi gücü və min dərdi olan adamlar düşünməliyik. Daha çox Liverpool oyunlarını izləmək xoşuma gəlir. Klopp və onun mirası davam edir. Arne isə mirasın dərinliyinin kefini yaşayır. Salah da bizim yerli yazıçılar kimidir. Qan etsə də ingilis rəsmilər onu hər zaman Misirli biri kimi görür.
9. Əvvəllər 8 saatlıq korporativ təlimləri ayaqüstə verirdim. Demək olar ki, fasilələrdə belə oturmurdum. İndi fasilələrdə otururam və onların daha tez gəlməsini istəyirəm. Deyəsən Omid Jalili dediyi qocalıq dövrü gəlir. Omid qocalardan bəhs edərkən əyilən zaman çıxan səsləri deyir. Düşün ki, telefonun yerə düşür və götürmək üçün əyilirsən. Alınmır. Tam əyilə bilmirsən. "Əşşi təzəsini alaram" deyib geri qayıdırsan.
10. Toolsidas filminə baxdım. Bilyardı sevənlər üçün yaxşı bir təcrübə olar. Məşqçi və yolgöstərən olsa nələr etmək olardı. İçki neçə istedadın evini yıxıb kimi mövzuları göstərir. Uşağın məqsədi sehirli və güclüdür. O da Anhel kimi kubok istəyir. Yadıma qarajda oynadığım günlər və uşaq olanda yaşadığım tənhalıq düşdü. Bilyard əslində qəribə bir terapiya idi.
11. Ümid edirəm ki, keçən dəfə saflıq edib sona kimi oxuyanlar bura qədər gəlib çıxmayıblar. İşimi çətinə salmayın. Siz oxuduqca insanlığa ümidim qalır. Bu heç də yaxşı bir şey deyil.
12. Liderlik təlimləri əvəzinə ekspedisiyalar barəsində oxumaq, bilmək və onlarda iştirak etmək daha yaxşı nəticələr verərdi.
13. Şəhər nəqliyyatı sanki daha boş və sakit gəlir. Universitetlərdə nəsə olub deyəsən. Bu nədir yenə oturub stansiyaları qət edirik. İşə tez-gedib gəlmək və tez qayıtmaq olur.
14. Səninlə heç barışmadı ulduzum,
Heç qoymadın düz əməlli oynayaq,
İmkan ver ki, fit çalınsın başlayım,
İmkan ver ki, adam kimi uduzum.
15. İnsanlar çox suallar soruşur. Hər zaman istəyir ki, məhz onları qane edən cavabları eşitsinlər. Amma hər dəfə tərsinə verilən cavablar gəlir və bu onları daha da əsəbi edir.
Ay insan, dünyanın öz ritmi, qaydaları və ssenarisi var.
Ya qəbul et, ya da şəkər tap!
16. Yoruldum. Dayanıb son qoymaq olar. Amma işə bax ki, 20 demişəm. İndi bu növbəti 4 fikri hardan ərsəyə gətirim?
Verilən vədlərə əməl etmək vacibdirmi? Bəzən deyirlər ki, limitli kitabları yenidən çap et. Özümə deyirəm ki, etsəm verilmiş vədə xəyanət edərəm. Qəribə insanam. Hələ də vədlərə və onların əhəmiyyətlərinə inanıram. O zaman 20 olsun!
17. Bədahətənlər sizi aldatmasın.
Pərdənin arxası kitablar, bloknotlar və qəzəllərlə doludur.
18. Səhərlər Ton Ton Du Bled açıb oxuduram. Qızım da mənimlə rəqs edərkən nə üçün məhz bu mahnı məsələsini anlamağa çalışır. Mən də anlasam ona deyəcəyəm. Yəqin ki, köhnə günlərə olan sevgidir. Mahnıda uzaq səfərə çıxan ailənin hazırlıq işləri və sərgüzəştləri var. Mahnıda yollarda yaşanan uşaqlıq var. Hələ ki, dinləyirəm və ritmi hərəkət etdirir.
19. Bu yaxınlarda bir müzakirə əsnasında Stiv Cobzun Tolstoy və ya Dostoyevskidən daha üstün olduğunu eşitdim. İçimdə burulğanlar yarandı. Debat vaxtlarıma qayıdıb qan etmək istədim və sonda müzakirədə kənar şəxs olduğumu qəbul etməli oldum.
20. Necə bitirim?
Bir çox insanı ilişdirən məqamdır bu.
Ay qardaş, ay bacı, bəlkə sənin işin bitirmək deyil. Bəlkə sənin işin estafet çubuğunu ötürməkdir. Sənin fikirlərin və sözlərindən biri kiminsə üçün başlanğıc ya da son deməkdir. Şərt deyil ki, o sözlər ən sonda yazılsın. Yox əgər yenə də yaxşı bitirmək istəsən çalış bütün yolboyu bir dəsti xəttin olsun. İnsanlar imzanı səndən daha yaxşı hiss edir. Rəyləri diqqətlə oxu. Orada o qədər xəzinə var ki. Bəzi rəylər oxunan rəhmətdən daha dəyərlidir.